Mart soyqırımına siyasi – hüquqi qiymət
Siyasət

Mart soyqırımına siyasi – hüquqi qiymət

“Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə qərara alıram: 1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. 2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın”.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 26 mart 1998-ci il.

1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda və digər bölgələrdə 50 mindən çox soydaşımızı qətlə yetirmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi uzun illər gizli qalan tarixi həqiqətləri də üzə çıxarmışdır. 2007-ci ildə Quba şəhərində aşkar olunan kütləvi məzarlıq isə 1918-ci ilin mart, aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərin qanlı aksiyalarının coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etdi. Quba Soyqırımı Memorial Kompleksinin yaradılması erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə atılan mühüm addımlardan biri oldu. Kompleksin açılışında ölkə başçımız İlham Əliyev bildirmişdi ki, beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksinin yaradılması tarixi hadisədir.

Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalaması da mühüm əhəmiyyətə malikdir. Sərəncama əsasən 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da mühüm rol oynayır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda bu istiqamətdə vacib layihələr həyata keçirir.

XX əsrin sonlarında ermənilərin Xocalıda törətdiyi soyqırımı da erməni faşistlərinin mənfur simasını, yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətinin daha bir qanlı səhifəsidir. Amma məsələ bununla da bitmədi. Ermənilər Birinci Qarabağ savaşı dövründə çox cinayətlərə, soyqırımlara əl atdılar. Kəlbəcərdə tunel yolunda, Başlıbel kəndində dinc insanları kütləvi şəkildə qətlə yetirdilər. Qaradağlıda, Malıbəylidə, Quşçularda, Ballı Qayada onlarla dinc azərbaycanlı erməni faşizminin qurbanı oldu. Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün mütləq dünya miqyasında erməni faşizminə layiqli qiymət verilməlidir. Lakin yatmış dünya hələ də bu soyqırımına biganə qalmağa davam edir. Azərbaycan isə öz ədalətini yenə də özü bərpa etdi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki rəşadəti ilə ölkəmiz öz torpaqlarını erməni işğalından azad etdi. Azad torpaqlarımızdan tapılan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsi, eyni zamanda azərbaycanlılara qarşı soyqırımı siyasətinin davamlı olmasını təsdiq edən yeni faktlardır. Xocavəndin Edilli kəndində, eləcə də Fərrux yüksəkliyində aşkar edilən insan qalıqları erməni vandalizmini sübut edən həqiqətlərdir. Tarixi qələbəmiz Azərbaycanın varlığı və daim yaşaması naminə qurban gedən bütün soydaşlarımızın ruhuna və xatirəsinə şanlı ehtiramdır.

Tacir SADIQOV,

“Respublika”.