MDB çərçivəsində fəaliyyət ölkəmizin xarici siyasətinin prioritetlərindəndir
Digər xəbərlər

MDB çərçivəsində fəaliyyət ölkəmizin xarici siyasətinin prioritetlərindəndir

1993-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə qoşulması haqqında qərar Milli Məclis tərəfindən ratifikasiya edilib

Ötən əsrin sonlarında SSRİ-nin dağılması nəticəsində ittifaqın tərkibində olan dövlətlər müstəqillik qazandılar. 1991-ci ilin dekabrında Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş" əsasında Rusiya, Ukrayna və Belarusiya tərəfindən Müstəqil Dövlətlər Birliyi yaradıldı. Sonradan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Moldova da MDB-yə qoşuldular.

İştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlıq əsasında yaradılan regional dövlətlərarası təşkilatın 1993-cü ildə qəbul edilən Nizamnaməsində üzv dövlətlərin birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması, xarici siyasət fəaliyyətinin əlaqələndirilməsi, ümumi iqtisadi məkanın formalaşdırılması, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda əhalinin sağlamlığının və ətraf mühitin qorunması, sosial və immiqrasiya siyasəti məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə, müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq kimi prinsiplər nizamnamədə öz əksini tapıb.

Azərbaycan MDB-nin nizamnamə orqanları olan dövlət başçıları şurası, hökumət başçıları şurası, xarici işlər nazirləri şurası, parlamentlərarası assambleya, müdafiə nazirləri şurası və icraiyyə komitəsi birliyində təmsil olunur. Əsasnamədə təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır.

Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə MDB-yə daxil olmasına qərar verilmiş və 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında ölkəmiz MDB-nin tamhüquqlu üzvü seçilmişdir. Ulu öndər MDB-nin əhəmiyyətindən bəhs edərək demişdir: "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik".

İkitərəfli əməkdaşlığı xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən dövlətimiz Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Dövlətimiz MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz maraqlarından çıxış edərək təşkilatın hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal iştirak edir.

Azərbaycan həmçinin tərəfdaş çıxdığı beynəlxalq müqavilə və sazişlərin təkmilləşdirilməsi, yeni sənəd layihələrinin hazırlanması istiqamətində Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi ilə əməkdaşlıq əlaqələri yaratmışdır. Belə ki, 2009-cu ildə MDB Hökumət başçıları Şurasının Yalta şəhərində keçirilən iclasında "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları" haqqında imzalanmış Saziş Azərbaycanın Müstəqil Dövlətlər Birliyi ölkələri ilə imzaladığı ikitərəfli azad ticarət haqqında sazişlərin ayrılmaz tərkib hissəsi olmaqla, məhsulların sərbəst hərəkətinə və gömrük güzəştlərinin tətbiqinə təminat vermişdir.

Müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi özünü təsdiqləyən MDB-yə daxil olan dövlətlər ikitərəfli əməkdaşlıq əsasında bir sıra istiqamətlər üzrə fəaliyyət həyata keçirməklə regional təhlükəsizliyin və qarşılıqlı maraqların təmin olunmasına mühüm töhfələr verirlər. O cümlədən terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Azərbaycan MDB-yə daxil olan dövlətlərlə ikitərəfli əməkdaşlığın genişlənməsinə böyük önəm verir və bu çərçivədə uğurlu əməkdaşlıq həyata keçirir. Tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq getdikcə daha da dərinləşən, intensivləşən münasibətlər ölkələrin milli maraqlarına xidmət edir.

Mehparə ƏLİYEVA,

"Respublika".