Məmnunluq yaradan vacib platforma
Siyasət

Məmnunluq yaradan vacib platforma

Rusiyanın regionları ilə uğurlu əməkdaşlıq əlaqələri qurulur

Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunan görüşdə regionlararası əməkdaşlıq məsələsinə toxunulub. Vurğulanıb ki, Azərbaycan Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlıq əlaqələri qurub. Bu baxımdan, mütəmadi şəkildə keçirilən regionlararası forumun vacib platforma olduğu bildirilib.

Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi bazardır və bu ölkəyə ixracda kənd təsərrüfatı məhsulları xüsusi yer tutur. Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir. Bu baxımdan, iki ölkə arasında aqrar ticarətin genişləndirilməsi, aqrar tədqiqatlar sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi məqsədəuyğun hesab olunur.

Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Rusiya Azərbaycanın ticarət dövriyyəsində önəmli çəkisi olan qonşu ölkədir. Bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir, həm də Rusiya ilə siyasi, iqtisadi, mədəniyyət sahələri üzrə münasibətlərimizin normal olduğunu göstərir. Azərbaycan və Rusiya arasında qarşıya qoyulan əsas vəzifələrdən biri iki ölkənin regionları arasında əlaqələrin inkişafıdır. Rusiya ilə Azərbaycan arasında regionlararası əlaqələrin effektivliyini göstərən amillərdən biri də Bakıda Rusiyanın bir sıra subyektlərinin, ticarət evlərinin, biznes qurumları və regional aviaşirkətlərinin nümayəndəliklərinin olmasıdır. Öz növbəsində, azərbaycanlı iş adamları da bu sahədə xüsusi fəallıq göstərirlər. Məsələn, Rusiyanın Sankt-Peterburq və Həştərxan şəhərlərinə ixrac missiyaları təşkil olunub, Azərbaycan şirkətləri öz məhsullarını Rusiyada keçirilən sərgilərdə "Made in Azerbaijan" brendi ilə nümayiş etdirirlər. Həştərxanda "Azərbaycan İş Mərkəzi"nin açılması iş adamları arasında əlaqələrin genişlənməsində mühüm addımdır. Bu kimi misallar çoxdur. Bu mənada, hazırda Azərbaycanla Rusiya arasındakı regionlararası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özü də bu əlaqələr ilbəil genişlənir.

Rusiya və Azərbaycan arasında iqtisadi-siyasi əlaqələr çoxşaxəli, zəngin tarixi keçmişə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin siyasi iradəsi və birgə səyləri ilə ikitərəfli əlaqələr strateji səviyyəyə çatıb və demək olar ki, bütün mümkün sahələri əhatə edir. Qarşılıqlı maraqlara xidmət edən ikitərəfli münasibətlər imzalanmış 250-dən artıq sənədin, o cümlədən, müttəfiqlik Bəyannaməsinin yaratdığı möhkəm hüquqi bazaya əsaslanır. Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 24% artaraq 3,7 milyard ABŞ dollarına çatıb. 2023-cü ilin yanvar-mart aylarında ticarət əlaqələrinin artması, bu il ikitərəfli iqtisadi əlaqələrdə yeni, daha yüksək göstəricilərin əldə ediləcəyinə əsaslı inam yaradır.

İki ölkənin hökumətləri arasında da aktiv iş aparılır. Bu xüsusda, "2024-cü ilə qədər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərinin inkişaf etdirilməsi ilə bağlı hərəkət planı"nın böyük əhəmiyyətə malik olduğu mütəxəssislər tərəfindən qeyd edilir. İki ölkənin regionları arasında əlaqələrin inkişafı istiqamətində 2022-ci ildə Bakıda Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, mütəmadi əsasda təşkil edilən biznes forumlar, eləcə də Azərbaycan və Rusiyanın vilayətləri arasında biznes-missiyaların icrası xüsusi əhəmiyyətə malikdir. Rusiya və Azərbaycan prezidentlərinin regionlararası əlaqələrin inkişafına dair tapşırıqlarının aktiv şəkildə icra edilməsi istiqamətində ötən ilin sonu və cari ilin əvvəlində Dağıstan, Tatarıstan və Həştərxan vilayətləri ilə yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil olunub. Zəngəzur dəhlizinin işə düşməsi ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat istiqamətləri, region ölkələri üçün böyük imkanlar yaradacaq. Azərbaycanın inkişaf etmiş nəqliyyat, tranzit infrastrukturu nəhəng layihələrin icrasına hazırdır. Bu baxımdan, Bakı Beynəlxalq Dəniz Limanı xüsusi əhəmiyyət kəsb edir.

Regionlararası forumların keçirilməsi yaxşı ənənəyə çevrilib və Azərbaycan ilə Rusiya arasında regionlararası əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. İkitərəfli münasibətlərin mühüm tərkib hissəsi kimi səciyyələndirilən bu əməkdaşlığa hər iki dövlətdə ali səviyyədə böyük əhəmiyyət verilir. 2018-ci ildə Bakıda keçirilmiş IX Forumda prezidentlər İlham Əliyevin və Vladimir Putinin birgə iştirak etmələri buna sübutdur. Yeri gəlmişkən, forum məhz dövlət başçılarının təşəbbüsü ilə yaradılıb. 2019-cu ildə Moskvada keçirilmiş X yubiley Forumu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakı ilə əlamətdar olub.

Qeyd edək ki, regionlararası forum mövcud olduğu illərdə iki ölkənin müxtəlif sahələrinin nümayəndələrinin qarşılıqlı faydalı dialoqu üçün nüfuzlu platformaya çevrilib. Belə ki, koronavirus pandemiyası səbəbindən fasilə yaranmış Forumun keçirilməsi məhz ötən il, Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd edildiyi vaxtda bərpa olunub. Hazırda dövlət başçılarının siyasi iradəsi və birgə səyləri sayəsində ikitərəfli əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri kəsb edir. İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq bu gün praktiki olaraq bütün sahələri ehtiva edir. Regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin gündəliyində xüsusi yer tutur. Azərbaycan Respublikası Rusiya Federasiyasının 70-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb. Bütün bunlar Azərbaycan ilə Rusiya arasında regionlararası əməkdaşlığın inkişafına yeni təkan verəcək, qarşılıqlı faydalı tərəfdaşlığın əsas inkişaf vektorlarını müəyyənləşdirməyə kömək edəcək.

Mustafa KAMAL,

"Respublika".