Mənə qardaş deyən dilinə qurban!..
Sosial həyat

Mənə qardaş deyən dilinə qurban!..

Süleyman Rüstəm

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə,

İkiyə bölünmüş saf bir ürəklə,

Təbrizim, Təbrizim, aman Təbrizim,

Yox olsun başından duman, Təbrizim!

 

qəşəngdir yol boyunca söyüdlər,

Söyüdlərin kölgəsində igidlər,

Babalardan dinləyirlər öyüdlər,

Coşub damarlarda qanı, Təbrizim,

Yoxdur bu mərdlərin sanı, Təbrizim!

 

Heydərbaba, göylər bütün dumandı,

Günlərimiz bir-birindən yamandı,

Bir-birindən ayrılmayın amandı!

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar.

Bu, adi misralar deyil, çünki oxuyub üstündən sakit keçə bilmirsən. İkiyə parçalanmış Azərbaycanın böyük faciəsi haqqında şair naləsidir! Ustad Şəhriyarın Azərbaycan dərdidir. On illər boyu doğma yerlərdən, əziz adamlarından ayrı düşmüş Şəhriyarın Vətənlə bağlı ürəyinin başında gəzdirdiyi, düşünüb-daşındığı mətləbləri anlatmaq üçün axar-baxarlı, zəngin, doğma Azərbaycan dilinin özünəməxsus orijinal ahəngi olan cənub dialektində yazdığı "Heydərbabaya salam" poeması Güney, milli həyatımız, məişətimiz, psixologiyamız haqqında şairanə bir ensiklopediyadır.

Heydərbabaya bu qədər canlılıq verən şair əsərini üçün məhz dağa müraciətlə yazmasının səbəbini belə izah etmişdi: "Dağ göylərə yaxındır. O, təbiətin şah əsərlərindən biridir. Dağ tarixin əbədi olaraq görən açıq gözüdür. O, vətəndə baş verən hadisələri seyr edərək öz sinə dəftərinə yazır. Şairin göylərə qalxan nalələrini əks etdirib bütün yer üzünə yayaraq hamının qulağına çatdırmağı təkcə o bacarır".

Gözəl şərhdir. Bəli, ustad dərdini dağa söyləmişdi. Söyləmişdi ki, ağzından yellər alıb dağlara, dağlar da Uca Tanrıya çatdırsın...

Bir xalqın gələcəyinə inam duyğusunun yüksək poetik ifadəsidir şairin misraları. Heydərbaba dağının timsalında bütün Azərbaycanı ümumiləşdirən şair xalqın öz səadətini sədəqə şəklində yox, mürtəce qüvvələrə (qurdlara) qarşı igid oğullarının mübarizəsi sayəsində əldə edəcəyinə inanır, o gözəl əyyamı qəlbinin ən dərin guşəsindən gələn böyük səmimiyyət duyğusu ilə tərənnüm edir: "Gədiklərdə qurdları tut, boğginən, Qoy quzular ayın-sayın otlasın...".

İkinci Dünya savaşında sovet qoşunları alman faşistlərinin İrandakı yuvasını dağıtsa da, Rza şah ölkəni tərk edib ingilis ağalarının məsləhətilə Afrikaya getsə, onun diktaturası süqut etsə , İranda, Cənubi Azərbaycanda vəziyyət dəyişməmişdi. Çünki bir diktatorun yerinə başqa bir diktator, oğlu Məhəmmədrza keçmişdi. Yenə Azərbaycan müstəmləkə halında idi. Güney Azərbaycanda ana dili qadağan olunmuşdu. Əgər kəndlər bazarlar olmasaydı, Azərbaycan dilinin məhv olub aradan getmək qorxusu var idi. Ancaq təkcə bazar, ticarət Azərbaycan dilini, xüsusən elmi bədii dili mühafizə inkişaf etdirə bilməzdi. Bunun üçün məktəb mətbuat lazım idi...

O zaman Quzeyin qabaqcıl ziyalılarının tərkibində Təbrizə gələn şair Süleyman Rüstəm Güneydə Azərbaycan dilinin İranın rəsmi dövlət idarələrində qadağan olunmasını böyük ürəkağrısı ilə qarşılamış: "Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən bu ana dilimə dəymə", - deyə etirazını bildirmişdi. Qardaş deyib, ağır günündə köməyinə gəldiyi ölkədə yad əllərin əkdiyi toxumların cücərib boy atdığını görən şair öz doğma, qan qardaşlarına müraciətlə 1941-ci ildə "Təbrizim" şeirini yazmışdı.

Vətən həsrətilə dərdləri başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açır, bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, nisgilin axdığından danışırdı:

Nədir o mənalı dərin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki payızlar, qışlar?

Yetim tək boynunu burma, Təbrizim!

Məlul-məlul baxıb durma, Təbrizim!

Şair ağalar qullar dünyasındakı təzadları, ulu Yaradanın heç bir fərq, ayrı-seçkilik salmadan, bərabər xəlq etdiyi insanların maddi durumundakı, yaşayışındakı kəskin fərqlərə etiraz edir, soydaşlarımızın haqlarının tapdandığını, dillərinin əllərindən alındığını ürəkağrısı ilə qələmə alır, dərdinə şərik olmağa çalışırdı:

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna!

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.

Sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan sonra görüşünü əks etdirən şair Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması kimi qələmə alıb. Elə buna görə şeir olduqca təsirli emosional səslənir, oxuduqca zərif, kövrək duyğular oyadır. Şeir bu günümüzlə səsləşir, aktualdır. İndinin özündə belə "Quran"a, Allaha, imamlara yalan andlar içən, ürəklərində saxta andlar, ciblərində minlərlə yalan-palan, çiyinlərində isə bu yalanların günahlarını gəzdirən bəzi dindarlar, molla rejimi xalqların haqqını hələ tapdalamaqdadır.

Süleyman Rüstəm sanki İranın, Cənubi Azərbaycanın bugünkü durumunu qələmə almışdı bu şeirində:

Bülbül zar-zar ağlar çəməndən ayrı,

İnsan deyib gülməz Vətəndən ayrı,

Can necə yaşasın bədəndən ayrı?

öz ürəyini danış, Təbrizim!

Olum dərdlərinlə tanış, Təbrizim!

Şair İrana ayaq basdığı andan Təbrizi görmək istəsə , ilk olaraq ən qədim mədəniyyət mərkəzi olan Ərdəbil şəhərinə getmiş, Səfəvilər dövlətinin paytaxtı şairi böyük məhəbbətlə qarşılamışdı. Böyük Azərbaycan hökmdarı, əvəzsiz sərkərdə, gözəl şeirlər müəllifi Şah İsmayıl Xətainin qəbrini ziyarət etmiş, buraya, onu görməyə gələn insanlar qarşısında nitq söyləmişdi: "Əziz qardaşlarım, mən neçə illərdir ki, Arazın o sahilində sizi görmək, sizə can qardaşım, qan qardaşım deyib bağrıma basmaq arzusu ilə yaşayırdım. Şükür, arzuma çatdım. Şahların çarların əkdiyi ayrılıq toxumu indi daha aradan getdi. İmkan verməyin vahid Vətənimiz bir daha ikiyə bölünsün, yenidən tikanlı məftillər qardaşı qardaşdan ayırsın, bizim şah babamız, şair babamız hər zaman qılıncı ondan da kəsərli olan şeirləri ilə xalqımızın azadlığı, Vətənimizin bütövlüyü üçün vuruşub. Biz belə qəhrəmanın nəvələri-nəticələri gərək bunu heç vaxt yaddan çıxarmayaq".

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə,

İkiyə bölünmüş saf bir ürəklə

Təbrizim, Təbrizim, gözəl Təbrizim,

Yox olsun başından duman Təbrizim!

O, bir tərəfdən gözəl Təbrizlə görüşünün sevincini yaşayır, həsrətində olduğu güllərin, çiçəklərin ətrini qoxlayır, başı dumanlı Zəncanın, Savalanın qoynunda gəzir, Təbrizin, Ərdəbilin küçələrində, meydanlarında dolaşır, o biri tərəfdən doğma bacı qardaşlarının faciəsinin, ağır həyat tərzinin şahidi olur, yetim uşaqların saralıb solduğunu görür bütün bunlar onun vətəndaş-şair qəlbini ağrıdır:

Qədrini ayrılıq çəkənlər bilər,

Hicranda göz yaşı tökənlər bilər,

Ömrünə qaranlıq çökənlər bilər,

Bağından gül-çiçək dərdim, Təbrizim!

Yenə təzələndi dərdim, Təbrizim!

Süleyman Rüstəmin cənub mövzusunda yazdığı bütün şeirləri gözəl təsirlidir, təkcə ona görə yox ki, bu şeirlərdə parçalanmış bir məmləkətin harayı eşidilir. Həm ona görə ki, o vətən gözəlliklərinə poetik abidələr yaradır. Şair torpaqlaın yol boyunca düzülən söyüdlərindən, igidlərindən ilham alır:

qəşəngdir yol boyunca söyüdlər,

Söyüdlərin kölgəsində igidlər,

Babalardan dinləyirlər öyüdlər,

Coşub damarlarda qanı, Təbrizim,

Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Şair Sərabı, Ovqanı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edərək vətən torpağı olduğunu misralarla, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib. O, Təbrizin gözəlliyini daha çox təhrif etsə , geniş mənada Vətənini tərənnüm edir:

Ağlasan ağlaram, gülsən gülərəm,

Yaşasan yaşaram, ölsən ölərəm,

Varımı səninlə yarı bölərəm,

Gəl bir üzündən öpüm, Təbrizim!

Başına gül-çiçək səpim, Təbrizim!

Şair "Təbrizim" şeirində milli mənsubluğunu önə çəkir, Azərbaycan tarixinə poetik baxış sərgiləyir, insanı, onun dünyasını qələmə alır, azadlığın xəyalını qurur. Xalqının ən böyük dərdi olan Vətəninin bir gün birləşəcəyinə inamını ifadə edir. Vüsal birlik mahnısı kimi səslənən "Təbrizim" şeiri ikiyə bölünmüş Vətəni birliyə çağıran haraydır:

Sənin çiçəyinə, gülünə qurban!

Mənə qardaş deyən dilinə qurban!

Vətəninə qurban, elinə qurban!

Baxdıqca hüsnünə doymayır gözüm

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Zümrüd QURBANQIZI,

"Respublika".