Menendezlərin yeni qalmaqalı: Senatorun arvadının 5 il əvvəl piyadanın ölümü ilə nəticələnən qəza törətdiyi üzə çıxıb
Digər xəbərlər

Menendezlərin yeni qalmaqalı: Senatorun arvadının 5 il əvvəl piyadanın ölümü ilə nəticələnən qəza törətdiyi üzə çıxıb

ABŞ Senatının xarici əlaqələr komitəsinin sabiq sədri ermənipərəst Bob Menendezin və onun erməni əsilli həyat yoldaşı Nadine Arslanianın ittiham olunduğu proseslə bağlı yeni detallar üzə çıxmaqdadır. Rüşvət almaqda ittiham olunan senator və arvadı ilə bağlı davam edən təhqiqat zamanı onların qanunazidd əməlləri barədə aşkarlanan yeni faktlar ölkə gündəminin ilk sıralarında yer alır.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların nüfuzlu "The New York Times" qəzetində dərc edilən məqalədə senatorun arvadı Nadine Arslanianın 2018-ci ildə törətdiyi avtomobil qəzası nəticəsində bir nəfərin ölümünə səbəb olmasının ortaya çıxdığı bildirilib.

"Menendez ittihamı: "Mersedes" və ölümlə nəticələnən gizli qəza" adlı məqalədə qeyd edilib ki, 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota məhəlləsində ölümlə nəticələnən avtomobil qəzası senator Robert Menendezin gələcək həyat yoldaşı üçün heç bir ittihamla nəticələnmədi. Həmin gün Nadine Arslanian "Mercedes-Benz" markalı qara rəngli avtomobillə hərəkətdə olarkən 49 yaşlı Riçard Koopu vurub. Ağır yaralanan həmin şəxs xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən az sonra həlak olub. Polis hadisə vaxtı avtomobildə tək olan Nadine Arslanianın qısa sorğu-sualdan sonra "günahsız olduğu" qənaətinə gəlib. Həmin gecə Boqota məhəlləsində baş verənlər barədə illər boyu xəbər verilmədi. Bu isə şahidlərin və Koopun ailəsinin dəhşətli qəza barədə susdurulması barədə fikirlərə yol açır. Ancaq indi - təxminən beş il sonra Amerika siyasətini sarsıdan qalmaqalla bağlı yeni epizodların üzə çıxması senatorla bağlı işdə yeni suallar doğurur.

Yazıda vurğulanıb ki, bu məsələnin üstünün açılması keçən ay Nadine Arslaniana, onun güclü ərinə və üç iş adamına qarşı elan olunan 39 səhifəlik federal ittihamnamədə irəli sürülən rüşvət qalmaqalından biri barədə tutarlı ipucları verir. Prokurorlar həmin ittiham sənədində qeyd ediblər ki, 2018-ci ilin dekabrında baş vermiş "qəza"dan sonra xanım Menendez avtomobilə ciddi ehtiyac duyub. Buna görə də senator 60 min dollarlıq "Mersedes" avtomobilinin əvəzinə Nyu-Cersi ştatından olan bir iş adamı ilə bağlı cinayət təqibinin ləğvində maraqlı olub.

Məqalədə qəza nəticəsində həlak olan şəxsin bacısı Rosemari Koop-Angelikolanın bu hadisə ilə bağlı hüquqi prosedurların başdansovdu aparıldığını, bu barədə mediada xəbər verilmədiyini qeyd etdiyi bildirilib.

Yazıda bu qəza ilə bağlı bir sıra müəmmalı məqamların olduğu vurğulanıb. Belə ki, qəza nəticəsində həlak olan şəxsdən alkoqol və narkotik müayinələr üçün nümunələrin götürüldüyü, ancaq sürücüdən götürülmədiyi qeyd edilib. Bundan başqa, hadisə yerinə gələn və özünü təqaüdçü zabit kimi təqdim edən şəxsin araşdırmaya prokurorların cəlb edilməməsi barədə polislərlə danışıq aparması, həmçinin polis zabitlərindən birinin qəzanı törədən Nadine Arslanianın guya heç bir "günahının olmaması" barədə qeydi barədə məqamların ciddi şübhələr doğurduğu vurğulanıb.

Qəzetin yazdığına görə, Bob Menendez və Nadine Arslanianın (onlar 2020-ci ildə evləniblər - Red.) 2018-ci ildə münasibətləri var idi. Bob Menendezi sonradan birgə rüşvət qalmaqalının iştirakçısı olduğu misirli iş adamı Vael Hana ilə məhz gələcək həyat yoldaşı tanış edib. İttihama görə, senator Misir hökumətinə qanundankənar yollarla yardım etmək üçün öz səlahiyyətlərindən sui-istifadə edib.

Qeyd edək ki, son dərəcə cidd-cəhdlə ört-basdır edilmiş bu qəzanın üstünün beş ildən sonra açılması və bununla bağlı yaranan yeni qalmaqal onsuz da çətin durumda olan Menendez ailəsinin işini daha da ağırlaşdırıb. ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri Bob Menendez bu vəzifəyə gəldiyi 2006-cı ildən sonra rüşvət ittihamı ilə ikinci dəfədir üzləşir. O, əvvəlki ittihamlardan yayınmağa nail olsa da, hazırkı ittihamlar kifayət qədər ciddi sübutlar əsasında irəli sürülüb. Məhz bunun nəticəsidir ki, Bob Menendez sentyabrın 23-də vəzifəsindən müvəqqəti istefa verməyə məcbur olub.