Mənəvi birliyimizin simvolu – Xudafərin körpüsü
Tarix

Mənəvi birliyimizin simvolu – Xudafərin körpüsü

Hər günü bir zəfər olan 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsi xalqımıza bəxş olunan ən böyük nemətlərindən biridir. Silahlı Qüvvələrimiz oktyabrın 18-də daha bir uğura imza atdılar. Qəhrəman hərbçilərimiz bu dəfə xalqımızın mənəvi sərvətlərindən biri sayılan Xudafərin körpüsünü düşməndən geri ala bildi.

Xudafərinin düşmən işğalından azad olunması ona görə önəmli hadisə sayılırdı ki, bu, azərbaycanlılar üçün təkcə tarixi abidə deyil, həm də rəmzi məna daşıyır. Vətənimizin şimalı ilə cənubunu birləşdirən bu körpü qardaşlıq bağlarını özündə əks etdirən bir məkandır.

İkinci Qarabağ müharibəsi dövründə daim xalqını qələbə xəbərləri ilə sevindirən Ali Baş Komandan İlham Əliyevin düz üç il əvvəl öz tviter hesabından paylaşdığı bu sözlər hər kəsin sevincinə səbəb olmuşdu: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!".

Müstəqilliyin Bərpası Günü ilə üst-üstə düşən bu zəfər qəhrəman əsgər və zabitlərimizin xalqımıza ən böyük hədiyyəsi idi. Rəşadətli Ordumuz 2020-ci il oktyabrın 18-də Araz çayı üzərində yerləşən Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun 2 kəndini də erməni işğalçılarından azad etmişdi. Üçrəngli Dövlət Bayrağımızı bu dəfə Cəbrayılın Hacılı və Hacı İsaqlı kəndində dalğalandırmağa müvəffəq olmuşdu. Xatırladaq ki, dövlətimizin başçısı Prezident İlham Əliyev Şanlı Qələbəmizdən sonra Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsində, eləcə də Xudafərin körpüsündə Dövlət Bayrağımızı qaldırıb.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 24-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün tikilib istifadəyə verilib. Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunan Xudafərin körpüsünün Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilib və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi qənaətindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.

On beş tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.

İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı məlumatlara rast gəlmək olur. Tarixə şahidlik edən bu körpülər qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Azərbaycan xalqı üçün qürur və fəxarət rəmzi olan Xudafərin körpüsünün işğaldan azad olunması ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq. Digər bir vacib məqam isə dövlət başçısı İlham Əliyevin 2023-cü il mayın 4-də Cəbrayıla səfər edərkən Xudafərin qəsəbəsinin təməlinin qoyulmasıdır. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək.

Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniyyət evi, "Karvansaray", hotel və icma evi də yaradılacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

Musa BAĞIRLI,

"Respublika".