MƏQSƏDİMİZ DAHA DA GÜCLÜ OLMAQDIR
Siyasət

MƏQSƏDİMİZ DAHA DA GÜCLÜ OLMAQDIR

Sistemli yanaşma, inqilabi səciyyə daşıyan islahatlar buna əminlik yaradır

Müasir müstəqil Azərbaycanın tarixi Zəfəri və onun yaratdığı reallıqlar, uğurlar böyük səylərin, qətiyyətin, ən əsası möhkəm təmələ əsaslanan və gələcəyə hesablanmış siyasətin nəticəsidir. 

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı, cəmiyyətdə dövlətçilik ənənələri gücləndi, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirildi. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə verdi, təhlükəsizliyin təmini üçün güclü potensial yaradıldı. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevrildi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Bugünkü qalib ölkə ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Müdrik və çevik siyasət, sistemli və ardıcıl yanaşma, inqilabi səciyyə daşıyan islahatlar Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı üzərində qurulan siyasət nəticəsində ötən illər ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlərin yekunlaşması ilə Avropaya qaz nəqlinə başlanılıb. Həmçinin "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Regionda mühüm əməkdaşlıq platforması yaradılıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir. Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. Müasir və güclü Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür, regional təşəbbüslərə dəstək verilir.

Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərləri və nəhayət, Xankəndidə Dövlət Bayrağımızın ucaldılması bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu an idi.

Mustafa KAMAL,

"Respublika".