Şərəfli alim ömrünün səhifələri
Sosial həyat

Şərəfli alim ömrünün səhifələri

Məlumdur ki, bioloji müxtəliflik Yer kürəsində canlı həyatın davamının əsası və başlıca təminatçısıdır. Təbii-iqlim şəraitinin, geoloji-relyef quruluşunun rəngarəngliyi və mürəkkəbliyi ilə əlaqədar Azərbaycan əraziləri biomüxtəlifliyin zənginliyinə görə bütün dünyada seçilir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ölkəmiz bir sıra flora və fauna növlərinin ilkin əmələgəlmə, bəzi kənd təsərrüfatı bitki və heyvanlarının mədəniləşdirmə və əhilləşdirmə mərkəzlərindəndir.

Bu və ya digər stres amillərinin məcmusu, əsasən də insanın təbiətə istismarçı münasibəti, o cümlədən antropogen landşaftların genişlənməsi, qlobal iqlim dəyişikliklərinin intensivləşməsi nəticəsində azalmaq və itmək təhlükəsi ilə üzləşən bu qiymətli müxtəlifliyin tədqiqi, daimi monitorinqi, mühafizəsi və səmərəli istifadəsi həyati əhəmiyyət daşımaqla həlli olduqca vacib olan problemdir.

Azərbaycanın tanınmış botanik alimi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Vaqif Seyfəddin oğlu Novruzovun uğurlu elmi və pedaqoji fəaliyyəti məhz bu mühüm problemin araşdırılmasına, müvafiq sahələrdə milli kadr hazırlığına həsr edilmişdir.

Vaqif Novruzovun ömür yoluna nəzər salsaq, təhsili, ixtisası və iş həyatı ilə bağlı etdiyi seçimlərin heç də təsadüfi olmadığını görərik.

Azərbaycanın meşəətrafı yaşayış məntəqələrində qədimdən belə bir adət vardır: öz işinin ustası olan həvəskar bağbanlar cır ağaclara calaq vurur, meşə kənarlarında və talalarda ağaclar əkir, kəndləri əhatə edən meşəətrafı zonaları bərəkətli meyvə bağlarına çevirir, onları genişləndirir və qoruyurlar. Canlı təbiətlə, bitkilər aləmi ilə sıx təmasda böyüyən kənd uşaqlarının belə ərazilərdə qeyd olunan proseslərdə iştirak etmələri onların həyat yolu və ixtisas seçiminə də öz təsirini göstərir, ən azından, gənclərdə özünəməxsus təbiətsevərlik ruhu formalaşır.

Bu baxımdan, 1943-cü ildə Quba rayonunun 4 tərəfdən meşə və meyvə bağları ilə əhatə olunmuş Rustov kəndinin Baxça Əli məntəqəsində Seyfəddin müəllimin ailəsində dünyaya göz açmış Vaqif Novruzovun da gələcək həyat yoluna və elmi karyerasına məhz böyüdüyü mühit həlledici təsir göstərmişdir. Səfalı meşələr, atasının müxtəlif üsullarla calaq vurduğu meyvə ağacları, bu bitkilərin dərsliklərdən tanış olduğu və bağlarda canlı olaraq rastlaşdığı təbii inkişaf xüsusiyyətləri və bu kimi digər bilgilər onun gələcək həyat yoluna əhəmiyyətli dərəcədə təsir etmişdir.

Çox savadlı və ciddi təbiətli müəllimləri var idi. Xüsusilə coğrafiya müəllimi olan atası ensiklopedik biliklərə və dərin zəkaya malik olması ilə seçilirdi. Biologiyanı tədris edən Baba müəllimin dərsləri ətraf mühitlə təmasda, təcrübələrlə keçir və çox maraqlı olmaqla şagirdlərin dünyagörüşündə, canlı aləmə baxışlarında silinməz izlər buraxırdı.

Təbiətə olan həvəsi bütün çətinliklərə baxmayaraq, orta məktəbi gümüş medalla bitirmiş Vaqif Novruzovu Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) təbiət fakültəsinə gətirir. Universitetdə professor Həmid Fərzəlibəyli, Dövlət mükafatı laureatı, professor Mirzə Sadıqov, professorlar Məhəbbət Nəcəfov və Qabil Seyidov, fakültə dekanı Kamal Quliyev kimi müəllimlər Vaqifin savadlı bir mütəxəssis kimi yetişməsində böyük rol oynayır. Müəllimlərin tələbkarlığı və verdikləri biliklərlə yanaşı, özünün də istedadı, məqsədyönlü xarakteri və çalışqanlığı sayəsində Vaqif Novruzov universiteti Lenin təqaüdü ilə bitirir, daha sonra Xaçmaz rayonuna təyinat alaraq, 1966-cı ildə burada müəllim kimi əmək fəaliyyətinə başlayır.

Elmi tədqiqatlara olan böyük marağı Vaqif müəllimi 1966-cı ilin dekabr ayında Azərbaycan SSR EA Botanika İnstitutunun ibtidai bitkilərin sistematikası şöbəsinin aspiranturasına gətirir. Vaqif Novruzov aspiranturanı bitirdikdən sonra Botanika İnstitutunda 1981-ci ilə kimi kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışır.

Vaqif Novruzov çoxillik tədqiqatlarını ümumiləşdirərək, 1970-ci ildə "Quba-Qusar rayonlarınının epifit şibyələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Həyatında ən çətin vaxtlardan biri doktorluq dissertasiyasi üzərində işlədiyi dövr olmuşdur. Ailəli olması, yataqxana həyatı, aspirantura qayğıları, uzunmüddətli elmi ekspedisiyalar, ümumittifaq konfranslarda iştirak çoxsaylı problemlər yaradırdı. O çətin günlərdə başda AMEA-nın hazırkı prezidenti akademik İsa Həbibbəyli olmaqla, aspirant yoldaşları Vaqif müəllimin yanında olmuş, ona böyük dəstək vermişdilər.

Vaqif Novruzov 1985-ci ildə "Böyük Qafqazın lixenoflorasinin analizi və mühafizəsi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir. Elmin dolanbac yollarında addım-addım irəliləyən Vaqif Novruzovun keçmiş SSRİ-nin Ali Attestasiya Komissiyası tərəfindən 1978-ci ildə baş elmi işçi, 1986-cı ildə dosent, 1988-ci ildə professor elmi adlarını alması onun tədqiqatlarına və əldə etdiyi nəticələrə verilən yüksək qiymət hesab edilə bilər.

Akademik Validə Tutayukun vəfatı ilə əlaqədar Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (ADKTİ - indiki Azərbaycan Dövlət Aqrar Universiteti) kadr təminatında yaranmış problemin həlli məqsədilə Vaqif Novruzov Azərbaycan SSR EA tərəfindən 1982-ci ildə ADKTİ-yə göndərilir. Alim burada uzun illər dosent, professor, elmi işlər üzrə prorektor və rektor əvəzi vəzifələrində işləyir. Bu müddətdə onun rəhbərliyi altında 1 elmlər doktoru və 3 fəlsəfə doktoru yetişdirilir.

Vaqif Novruzov 2003-cü ildən Gəncə Dövlət Universitetində Botanika kafedrasının müdiri, professor vəzifələrində çalışmışdır. Alim ötən dövr ərzində həmin kafedra üçün yüksəkixtisaslı kadr hazırlığında yaxından iştirak etmişdir. Botanika elmində və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlər nəzərə alınaraq, professor Vaqif Novruzov 2017-ci ildə "Botanika" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim, həmçinin keçmiş SSRİ (5 növ), Qafqaz (98 növ) və Azərbaycan florası (300-dən çox) üçün yeni növlər müəyyənləşdirmişdir. Onun tərəfindən Qafqazda ilk dəfə olaraq, nadir və məhvolma təhlükəsində qalan şibyələrin mühafizəsi üçün tədbirlər sistemi işlənib hazırlanmışdır.

Hazırda dünyanın bir çox ölkələrində monitorinqlər aparılmaqla çirkləndiricilərin yerüstü biotaya təsir mexanizmləri tədqiq edilir. Epifit şibyələr antropogen anomaliyalara həssas orqanizmlər olub, bioloji monitor kimi çoxdan test obyektlər sırasına daxil edilmiş, onların bu istiqamətdə istifadəsi bir çox beynəlxalq bioloji proqramların məcburi surətdə yerinə yetirilməsi tələb olunan öhdəliklərindən birinə çevrilmişdir. Ona görə də Vaqif Novruzov tərəfindən Rusiya EA Hidrometeorologiya və Təbii Mühitə Nəzarət Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə (akademik Y.A.İzrael, elmlər doktorları S.M.Semenov, Q.İnsarov) qoruqların epifit şibyələri və ətraf aqroekosistemlərdə antropogen təsirin dinamikasının öyrənilməsi istiqamətində aparılmış tədqiqatlar böyük əhəmiyyət daşımışdır.

AMEA-nın müxbir üzvü Vaqif Novruzov 45 il ərzində Arktikadan tutmuş, Orta Asiya səhralarına qədər, Mərkəzi Avropa və Asiya meşələrinə, Ural, Xibin, Mərkəzi Kopetdağ, Tyan-Şan, Karpat, Pamir, Alp və Qafqaz dağ sistemlərinə təşkil olunmuş elmi ekspedisiyalarda iştirak edərək, bitki örtüyünün yayılma qanunauyğunluqlarına və növəmələgəlmə proseslərinə dair qiymətli elmi dəlillər əldə etmişdir. Elmi ekspedisiyalarda toplanmış herbari materialları Rusiya EA Botanika İnstitutunun (Sankt-Peterburq), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, AR ETN Botanika İnstitutunun, Gəncə Dövlət Universitetinin herbari fondlarını zənginləşdirmişdir.

Prezident İlham Əliyevin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı"na müvafiq olaraq, Vaqif Novruzovun rəhbərliyi altında Gəncə Dövlət Universitetinin Botanika kafedrasında professor-müəllim heyəti tərəfindən "Azərbaycanın qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genefondun mühafizəsi" problemi üzrə elmi tədqiqatlar aparılmış, bir sıra mühüm nəticələr əldə edilmişdir.

Bir alim-tədqiqatçı kimi məhsuldarlığı ilə seçilən Vaqif Novruzov botanikanın praktiki, metodiki və nəzəri problemlərinə həsr olunmuş 250 elmi əsərin, o cümlədən 7 monoqrafiya, 3 dərslik, 7 dərs vəsaiti, metodiki göstəriş və problem mühazirələrinin müəllifidir. Vaqif müəllim 30-dan çox beynəlxalq və regional elmi konfrans, simpozium, qurultay və konqreslərin iştirakçısı olmuşdur.

AMEA-nın müxbir üzvü Vaqif Novruzov 10 ildən artıq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı elmləri üzrə Ekspert şurasının, Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının biologiya üzrə problem şuralarının və şuranın botanika seksiyasının üzvü olmuşdur.

AMEA-nın müxbir üzvü Vaqif Novruzovun elmi və pedaqoji fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 sentyabr tarixli Sərəncamı ilə tanınmış alimə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı verilmişdir. Onun adı "Azərbaycanın 100 görkəmli alimi" ensiklopedik nəşrinə daxil edilmiş (2001), alim "Gəncə Dövlət Universitetinin inkişafında xüsusi xidmətlərinə görə" medalı ilə (2009), AMEA Rəyasət Heyətinin, AMEA Botanika İnstitutunun, ADAU və GDU-nun fəxri fərmanları ilə təltif olunmuşdur.

İnanırıq ki, AMEA-nın müxbir üzvü Vaqif Novruzov həm alim, həm də müəllim kimi bundan sonra da elmimizə və elmi kadr hazırlığına dəyərli töhfələr verəcəkdir.

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti, akademik.