Metsamor AES - “sancağı çəkilmiş bomba”
Siyasət

Metsamor AES - “sancağı çəkilmiş bomba”

Tullantıların sıfıra endirilməsi, ətraf mühitin təmizlənməsi, boş qalan ərazilərdə ağacların əkilməsi və ekologiyaya zərər vuran tikililərin, zavodların sökülməsi üçün müraciətlər davam edir. Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin dayandırılması ilə bağlı  Nüvə Enerjisi Sammitinin rəhbərliyinə ünvanladığı açıq məktub da xüsusi qeyd edilməlidir.

Ermənistanda 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərən stansiya yerləşdiyimiz regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Hansı ki, bu stansiya ən köhnə texnologiya ilə inşa edilib və bu səbəbdən də dünyadakı ən təhlükəli AES hesab edilir. Daha da dəhşətlisi odur ki, 30 il ərzində istifadə edilməsi nəzərdə tutulan stansiyanın istismar müddəti artıq 40 ili keçib. Qeyd edək ki, AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb və bir neçə il sonra yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. 2026-cı ildən sonra ikinci enerji blokunun istismarının əvvəlcə 5, sonra isə daha 10 il müddətinə uzadılması nəzərdə tutulur. Bu isə qəbuledilməzdir. İstismar müddətini çoxdan keçmiş stansiyanın fəaliyyətinə davam etməsi təkcə regiona deyil, bir müddət sonra digər bölgələrə də zərər verəcək.

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin ünvanladığı açıq məktubda qeyd edilib ki, Metsamor AES-in tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması onların  yerləşdirilməsi ilə bağlı ciddi problemlərin mövcud olduğunu göstərir. Bu, ölkəmizin müxtəlif təşkilatlara, beynəlxalq qurumlara ünvanladığı ilk məktub deyil. Bundan öncə də Azərbaycan tərəfi dəfələrlə çağırışlar edib. Məktubda bildirilib ki, Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Metsamor Atom Elektrik Stansiyasını istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır.

1979-cu il martın 28-də ABŞ-ın Tri-Meyl-Aylend AES-də, 1986-cı ildə Çernobıl və 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzalar yaddaşlardan silinməyib, onların bəlasını bəşəriyyət hələ də çəkir. Minlərlə insan həmin stansiyaların yaratdıqları fəsadları aradan qaldırmaq üçün illərlə çalışıb. Ölkəmizin bəzi vətəndaşları Çernobıl qəzasının ağır nəticələrini 38 ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də yaşayır. Çernobıl əlillərinin və şəhidlərinin taleyi dediklərimizə əyani sübutdur. Çünki qəza nəticəsində böyük ərazi xarabalığa çevrildi. Həm qəzanın  fəsadlarının aradan qaldırılması işlərində iştirak edən, həm də ərazidən köçürülən təxminən 100 minlərlə insan və onların sonradan dünyaya göz açan övladları müxtəlif ağır xəstəliklərə tutuldu.

Çernobıl kimi böyük faciələrdən sonra Metsamor AES-in və bu tipli atom elektrik stansiyalarının fəaliyyəti dayandırılmalıdır. Çünki beynəlxalq mütəxəssislər də bildirirlər ki, Metsamor AES-də qəza olarsa, baş verə biləcək fəlakətin səviyyəsi Çernobıl AES-dəki qorxunc partlayışın nəticələrindən heç də geri qalmayacaq. Xüsusi qeyd etmək lazımdır ki, Metsamor aktiv seysmik zonada inşa edilib və mümkün qəza nəticəsində orada hər an ciddi təhlükəli dağıntılar baş verə bilər. Bundan başqa, stansiyasının maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, reaktorları soyutmaq üçün su quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir.

Dünyanın ən təhlükəli stansiyalarından birinin ölkəsində yerləşməsinə baxmayaraq, N.Paşinyan hakimiyyəti heç də narahat deyil. Hətta lal-kar-kor siyasəti yürüdüb, heç bir narahatlığa əsas olmadığını göstərməyə çalışırlar. Belə ki, martın 21-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Belçika hökumətinin təşkil etdiyi ilk Nüvə Enerjisi Sammitində çıxış edən Nikol Paşinyan növbəti dəfə dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışıb. Baş nazir əvvəlcə iddia edib ki, nüvə energetikası ölkəsinin enerji təhlükəsizliyinin təməl daşıdır. Daha sonra tək ölkəsi üçün deyil, bütövlükdə region, dünya üçün təhlükə mənbəyi olan Metsamor AES ilə bağlı məsələni qabardaraq 2023-cü ilin dekabrında hökumətin stansiyanın istismar müddətinin uzadılması barədə plan təsdiq etdiyini vurğulayıb. Ermənistan rəsmisinin növbəti yalanı isə AEBA-nın tapşırıq və göstərişlərinə uyğun olaraq stansiyanın təhlükəsizliyi və idarəolunması ilə bağlı tədbirlər görməsi ilə bağlı olub. Baş nazir bildirib ki, bu işlər tərəfdaş dövlətlərlə həyata keçirilir və Ermənistan AES bizim suverenliyimizi möhkəmləndirir və simvolizə edir.

Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin ünvanladıqları açıq məktub məhz baş nazirin çıxışı ərəfəsinə təsadüf edir. Hətta orada yer alan ölkələrin rəsmiləri, qeyri-hökumət təşkilatları, ekoloqları stansiyanın doğurduğu təhlükələr barədə dəfələrlə bəyanatlarla çıxış edib, dünya ictimaiyyətindən AES-in bağlanmasına çağırış etməyi tələb ediblər. Lakin Nikol Paşinyan hansı təhlükəsizlik tədbirləri gördüklərinə, eləcə də Metsamor AES-in region üçün ciddi təhlükə olduğu barədə səslənən fikirlərə toxunmayıb. Maraqlısı odur ki, nə AEBA rəhbərliyi, nə də beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı təhlükə barədə səslənən çağırışlara bu günə qədər diqqət ayırmayıb, əksinə, buna göz yumub. Dəfələrlə stansiyanın "sancağı çəkilmiş bomba" olduğu bildirilsə də heç bir rəsmi qurum buna məhəl qoymayıb. Paşinyan da yəqin bundan ruhlanır və əməlindən razı formada tribunalarda çıxış edir. Maraqlıdır, görəsən "sancağı çəkilmiş bomba" daha təhlükəlidir, yoxsa erməni yalanları?! Hər məsələdə olduğu kimi, gərək beynəlxalq ictimaiyyət buna da nəzər yetirsin. Çünki yalnız birgə qlobal səylərlə  Ermənistana Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıla bilər.

Töhfə SƏMƏDOVA,

"Respublika".