Milli Aviasiya Akademiyasında 8-ci beynəlxalq elmi-praktik gənclər konfransı
Digər xəbərlər

Milli Aviasiya Akademiyasında 8-ci beynəlxalq elmi-praktik gənclər konfransı

Fevralın 1-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycanda Gənclər Gününə və Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace 1"in orbitə buraxılması tarixinə həsr olunan "Fevral məruzələri-2023: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" 8-ci beynəlxalq elmi-praktik gənclər konfransı işinə başlayıb.

Bu barədə verilən məlumata görə, təşkilatçıları Elm və Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Mühəndislik Akademiyası olan konfransa Rusiya, Türkiyə, Almaniya, Fransa, Qazaxıstan və Azərbaycandan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 10 universitet, 4 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı firmaları təmsil edən 150-dən çox iştirakçı qoşulub.

Konfransı giriş sözü ilə MAA-nın birinci prorektoru professor Ədalət Səmədov açıb. O, MAA-nın rektoru akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub. Qeyd olunub ki, konfransda səkkiz bölmə üzrə aerokosmik sahə, mülki aviasiya, nəqliyyat, informasiya texnologiyaları, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə dair 120-dən çox məruzə təqdim edilib. Maraqlı elmi diskussiyalar və müzakirələrlə yanaşı, AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsi ilə birgə "Aviasiya təhlükəsizliyi mədəniyyətinin yüksəldilməsində TRİZ nəzəriyyəsinin tətbiqi", "Azərbaycanın nəqliyyat-logistika siyasətində Zəngəzur dəhlizi" mövzusunda, "Beynəlxalq nəqliyyat logistika xidmətləri bazarı və Azərbaycan logistikasının bu bazarda perspektivləri" mövzusunda və "Ətraf mühitdə baş verən dəyişikliklərin rəqəmsal üsullar vasitəsilə tədqiqi" mövzusunda dəyirmi masalar təşkil olunacaq.

Professor Ədalət Səmədov qeyd edib ki, 2022-ci ilin fevral məruzələrindən sonra keçən müddətdə respublikamızın və akademiyanın həyatında çox mühüm və əlamətdar hadisələr baş verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan Qarabağda yenidənqurma tədbirləri sürətlə davam edir.

Bu işlərdən biri də aviatorlar üçün prioritet və əlamətdar olan 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışıdır. Açılışda Azərbaycan və Türkiyə dövlət başçıları iştirak ediblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına enib. Oktyabrın 22-də "Buta Airways" aviaşirkətinin "Xankəndi" təyyarəsi ilə ilk mülki uçuş həyata keçirilib.

2022-ci ilin may ayında Azərbaycanda "Texnofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçirilib. Festivalda MAA Azərbaycan Respublikası Kosmik Agentliyinin ("Azərkosmos") dəstəyi ilə fəal iştirak edərək iki birinci, bir ikinci və bir neçə mükafata layiq görülüb.

Vurğulanıb ki, rektor Arif Paşayevin rəhbərliyi ilə Azərbaycan Milli Aviasiya Akademiyası müasir dünya standartlarına cavab verən ali məktəbə çevrilib. Bu gün MAA təhsil, elm, istehsal və təcrübənin səmərəli inteqrasiyasının parlaq nümunəsidir.

Plenar iclasda çıxış edənlər - Gazi Universitetinin (Türkiyə) professoru Çetin Elmasın "Sənaye əsrində süni zəkanın təsiri" mövzusunda, Belarus Optika və Mexanika Birliyinin "LEMT" Elmi-Texniki Mərkəzinin direktoru akademik, professor Aleksey Şkadareviçin "Pilotsuz uçuş aparatlarının aşkarlanması və onlara əks təsir göstərmək üçün opto-elektron sistemlər" mövzusunda, MAA-nın elmi işlər üzrə prorektoru AMEA müxbir üzvü, professor Afiq Həsənovun "Akustooptik effekt, onun xüsusiyyətləri və onların optoelektron cihazların parametrlərinin ölçülməsində tətbiqi" mövzusunda, akademik S.P.Korolyov adına Samara Milli Tədqiqat Universitetinin professoru Aleksandr İgolkinin "Aerokosmik və maşınqayırma məmulatlarının dinamik və vibroakustik problemlərinin kompleks həlli" mövzusunda, Münhen Hesablama Biologiyası İnstitutunun Helmhols-Mərkəzinin (Almaniya) professoru Mesud Əfəndiyevin "Dinamik sistemlərə yeni baxış bucağı" mövzusunda məruzələri konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənilib.

Beynəlxalq konfrans fevralın 3-də öz işini yekunlaşdıracaq.

Mustafa KAMAL,

“Respublika”.