YURD YERLƏRİMİZ: DİLİCAN DƏRƏSİ
Tarix

YURD YERLƏRİMİZ: DİLİCAN DƏRƏSİ

Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, İrəvan, Ağbaba mahallarının hər qarışında türkün tarixinin izləri var. Qudsal torpaqlarımız, erməni tapdağında qalmış yaylaqlarımız, cənnət bir məkan olan Qaraqoyunlu və Dilican dərəsi xəyanət ucbatından gör kimlərə qaldı.

Dilican dərəsində türk oğulları həmişə çal-çağırlı günlər keçirər, qılınc vurub, at oynadardılar. Dilican dərəsi ilə bağlı şairlər, aşıqlar nəğmələr qoşmuş, İrəvan xanları əziz qonaqları ilə möcüzələr diyarı sayılan bu yerlərə səfərlər etmiş, ermənilər heç vaxt bu yerlərdə məclislər qurmağa cürət etməmişlər.

Dilican dərəsinə qonşu Qazax mahalından, Şəmkirdən, Tovuzdan, Gədəbəydən, Gəncədən saysız-hesabsız qonaqlar gələrmiş.

Belə rəvayət edirlər ki, XX əsrin əvvəllərində Novruz bayramı ərəfəsində 10-15 nəfər Göyçə mahalından olan say-seçmə oğlanlar Dilican dərəsindəki "Boşqa bulaq" adlanan yerdə məclis qururlar. Məclisin şirin yerində erməni quldurları peyda olur. Onlar pis nəzərlərlə azərbaycanlıları seyr edirlər. Atmacalı sözlərə dözməyən polad biləkli azərbaycanlı oğullar ermənilərlə əlbəyaxa olub onlara əməlli-başlı dərs verirlər. Deyilənə görə, hayların əl-qolunu bağlayıb və sərt qayalığın altına atırlar. Basarkeçərin Zod kəndindən ermənilərə belə bir xəbər göndərilir ki, bundan sonra Dilican dərəsində bir daha əl-qol açsanız aqibətiniz daha pis olar.

Dilican dərəsinin ərazisində min illərin palıdı, çinarı var idi. Loğman havası, şərbət bulaqları, yalçın qayaları, qıjıltı ilə qayalıqlardan süzülüb gələn sular insanı valeh edirdi. Bu Oğuz yurdunda həmişə azərbaycanlılar yaşayıb, haylar burada azlıq təşkil edirdilər. Bir sözlə, bu müqəddəs yurdun gözəlliyindən doymaq olmazdı. Bu yerin zənginliyi, tarixi və coğrafi mənzərələri, təbii sərvətləri barədə daha geniş söhbət açmaq olar. Dilican dərəsi təkdir, təkrarsızdır. Çünki bu mahalda uzun illər azərbaycanlılar yaşayıb, bu yerlərin barlı-bərəkətli olmasında soydaşlarımızın qabarlı əllərinin nişanələri qalıb.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə erməni köçləri İrandan, Türkiyədən Qərbi Azərbaycanın Dilican bölgəsinə yerləşdirildi. Həmin vaxtlardan Dilicandakı azərbaycanlıların qara günləri başladı. Yavaş-yavaş haylar tərəfindən azərbaycanlılara qarşı xəyanət toru hazırlandı, terror hadisələri, qanlı cinayətlər törədildi.

Qərbi azərbaycanlılar 1988-ci ildə erməni şovinistləri tərəfindən son deportasiyaya məruz qaldılar. Soydaşlarımız məcburən qədim ata-baba yurdlarından, hər qarışında ayaq izləri qalan Dilican dərəsindən didərgin düşdülər.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar doğma yurdlarından ayrılmışlar. Ayrı-ayrı bölgələrimiz, eləcə də qədim Dilican dərəsi əzəli sahibləri üçün darıxır, qoynunda sədəfli sazlar ötmür... Atalar məsəli var: "Su gələn arxdan bir də gələr". Vətən müharibəsindəki tarixi qələbədən sonra əsas hədəf Qərbi Azərbaycana qayıdışdır. Bu istiqamətdə məqsədyönlü iş aparılır, haqq səsimiz, erməni vandallarının faşist xisləti təfsilatı ilə dünya xalqlarına çatdırılır. 2023-cü ilin may ayında Almaniyanın Berlin şəhərində Qərbi azərbaycanlıların konfransının keçirilməsi bunun bariz nümunəsidir.

Dilican dərəsini, onun atlas geyimli dağlarını, bulaqlarını, qıy vuran qartallarını düşündükcə nə vaxtsa ora dönəcəyimizə əmin oluruq.

Qədir ASLAN,

"Respublika".