Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər
Siyasət

Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev 30 iyun – 4 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər.

25 iyun Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, Millət vəkilləri qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin yığıncaqlarında iştirak edəcəklər.

Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək, ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.

İyulun 1-də Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Qrupunun növbəti iclası keçiriləcək. Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə öz münasibətini bildirəcəklər.

 “Respublika”.