Mövqeyimizi bildirmək hüququmuz var...
Siyasət

Mövqeyimizi bildirmək hüququmuz var...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində dövlətimizin bütün dünyada nüfuzu artıb. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib.

Etibarlı tərəfdaş olan və ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirən Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Ümumiyyətlə, son dövrlərdə dünyanın aparıcı ölkələrinin rəhbərlərinin Prezident İlham Əliyevə məktubları, telefon zəngləri və keçirdiyi görüşlər dövlətimizin başçısının dünyada böyük nüfuz sahibi olmasından xəbər verir. Qısa zaman ərzində baş verən müsbət dəyişikliklər Azərbaycanın dünya və region üçün necə əhəmiyyətli bir dövlətə çevrildiyini göstərir.

Azərbaycan Avropanın enerji sahəsində mühüm strateji tərəfdaşıdır. Xəzər dənizinin neft və qaz ehtiyatları baxımından Azərbaycan həm hasilatçı, həm də tranzit ölkə olaraq Avropa İttifaqının strateji əhəmiyyətə malik müttəfiqidir. Rusiya-Ukrayna müharibəsi davam etdiyinə görə enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Belə çətin məqamda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə vermək imkanları olan ölkədir. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb.

Bunların müqabilində bu gün Qərb dövlətləri ermənipərəst mövqe nümayiş etdirərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Biz beynəlxalq arenada gücləndikcə Avropa Parlamentinin xalqımıza qərəzi və ermənipərəstliyi səngimək bilmir. Azərbaycan AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamadı. 30 il ərzində azərbaycanlılara qarşı hər cür vəhşiliklər edildi, zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qaldılar. AŞPA adlı qurum isə bunları görmürmüş kimi ölkəmizin öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri "etnik təmizləmə" adlandırır. Bir sözlə, AŞPA regionda baş verən yeni reallıqları ya dərk etmir, ya da qulaqardına vurur. Qurumda azərbaycanlı deputatların gətirdiyi əsaslı dəlillərə həmin qurum biganə yanaşıb. Bütövlükdə bu hərəkətləri ilə onlar ermənilərdən heç də fərqlənmirlər. Hazırda qurumun tutduğu bu mövqe isə çox ziddiyyətlidir və həm də o anlama gəlir ki, təcavüzkar, zorakılığa yol verən Ermənistan yox, Azərbaycandır. Və bu mövqe onu göstərir ki, sözügedən qurumu haqsızlıq və ədalətsizlik  nümayiş etdirir.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası cari il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin həmin qurumda 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul etdi. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər. Bununla da Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib: "Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür".

Prezident İlham Əliyev, həmçinin bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

Röya RÜSTƏMLİ,

"Respublika".