Müasir İncəsənət Muzeyində yeni fərdi sərgi:
Mədəniyyət

Müasir İncəsənət Muzeyində yeni fərdi sərgi: "Nağıl kimi"

Dekabrın 22-də Müasir İncəsənət Muzeyində tanınmış heykəltaraş Rahib Qarayevin "Nağıl kimi" adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xalq rəssamı, "Heydər Əliyev" ordeni laureatı, akademik Ömər Eldarov rəssam üçün hər bir sərginin premyera və bayram olduğunu vurğulayıb. Tədbirin ictimaiyyət arasında çox böyük rezonans doğuracağını bildirən akademik deyib: "Müəllif üçün bu sərgi tarixi hadisədir. Sərgidə çox maraqlı əsərlər yer alır. Bu, mədəni həyatda, təsviri incəsənətimizdə bir hadisə olaraq qalacaq".

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev fərdi sərgi açmağın çox məsuliyyətli və böyük zəhmət tələb edən iş olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, heykəltaraş müxtəlif rəngləri özündə birləşdirən möhtəşəm bir palitra yaradıb.

Xalq rəssamı Fuad Salayev qeyd edib ki, rəssam əsərlərində gizli dünyasını və düşüncələrini əks etdirir. Burada sərgilənən əsərlərin bir qismində bürünc və digər materiallar dekorativ effekt yaradaraq gözəl formada nümayiş etdirilib.

Sonda sərgi ilə tanışlıq olub.

Azərbaycan Rəssamlar İttifaqının üzvü və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi olan heykəltaraş Rahib Qarayevin 2012-ci ildən işlədiyi "Leonardo Da Vinci" adlı bakalavr diplom işi hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi kompleksində nümayiş olunur. Həmçinin rəssamın 2014-cü ildə işlədiyi "Bəhruzbəy Kəngərli" adlı magistr diplom işi Naxçıvan şəhərindəki "Rəssamlar" parkında ucaldılıb. Heykəlin bir nümunəsi "Bəhruz Kəngərli" ev-muzeyinə hədiyyə edilib.

Sərgidə "Şəhər mövzulu", "Təbii daşlarla sintez olunmuş", "Heyvanlar aləmi" və "Müxtəlif" mövzuları üzrə altmış kompozisiya tamaşaçılara təqdim olunub.