Müasir səhiyyənin keyfiyyət və davamlılığının prioritetləri mövzusunda beynəlxalq görüş
Səhiyyə

Müasir səhiyyənin keyfiyyət və davamlılığının prioritetləri mövzusunda beynəlxalq görüş

Bakıda iyunun 5-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə müasir səhiyyənin keyfiyyət və davamlılığının prioritetləri mövzusunda yüksək səviyyəli beynəlxalq görüş keçirilir.

Tədbir ÜST-nin Avropa Regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi başlıca çağırışları müzakirə etmək üçün 200-dən çox hökumət nümayəndələrini, xəstəxanaların tibb işçilərini və tərəfdaşları bir araya gətirib.

Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev diqqətə çatdırdı ki, son 15 il ərzində Azərbaycan milli səhiyyə sisteminin infrastruktur, insan kapitalı və bu sahənin modernləşdirilməsi istiqamətində mühüm işlər görülüb: “Bu müddət ərzində müasir avadanlıqlarla təchiz edilmiş 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Peşəkar tibbi kadr potensialının formalaşdırılması və inkişafında mühüm nailiyyətlər əldə edilib, Azərbaycan Tibb Universitetinin tədris planı beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, müalicə-profilaktik mərkəzlərində vətəndaş amili prioritet məqsədə çevrilməklə səhiyyənin paradiqmasını yenidən qiymətləndirmək üçün böyük imkanlar yarandı. Artıq ilkin mərhələ uğurlu nəticələrlə həyata keçirilməkdədir”.

Daha sonra ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib.

Beynəlxalq tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Moldova Respublikasının səhiyyə naziri Alla Nemerenko, Bosniya və Herseqovinanın səhiyyə və sosial işlər naziri Alen Şeraniç, Yunanıstanın səhiyyə nazirinin müavini Mina Qaqa və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxış ediblər.

Tədbirin son günü Azərbaycanın səhiyyə sisteminə həsr olunacaq. Belə ki, müzakirələrdə əsas diqqət ölkənin bu sahədəki xüsusi ehtiyaclarının müəyyənləşdirilməsinə və dəstəyin, həll yollarının göstərilməsində ÜST-nin rolunun müəyyənləşdirilməsinə yönəldiləcək.

“Respublika”.