Maarifləndirmə sessiyaları başa çatıb
Səhiyyə

Maarifləndirmə sessiyaları başa çatıb

“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “İİV-dən özünü qoru” adlı layihəsi çərçivəsində Şəki şəhərində silsilə maarifləndirmə sessiyalarını başa çatdırdı. Layihənin əsas məqsədi əhali qrupları arasında infeksion xəstəliklərin, xüsusilə insan immunçatışmazlığı virusuna (İİV) yoluxma və ondan qorunma yolları ilə bağlı maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi vasitəsilə zərərin azaldılmasına qismən də olsa nail olmaq idi.

Maarifləndirmə sessiyaları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında, Şəki Dövlət Regional Kollecində və “Məram” Gənclik İnkişaf Mərkəzində təşkil olundu. Maarifləndirmə sessiyası təşkilatın təlimçisi Ədilə xanım Cabbarzadə tərəfindən aparıldı. İctimai Birlik gələcəkdə ölkənin digər regionlarında da gənclər və yeniyetmələr arasında bu mövzu ilə bağlı maarifləndirmə işinin təşkilini nəzərdə tutur.

M.QULUYEV,

“Respublika”.