Müasir standartlara cavab verən Yeni Klinika
Səhiyyə

Müasir standartlara cavab verən Yeni Klinika

Müasir dövrümüzdə səhiyyə sahəsində əhalinin ehtiyaclarını asanlaşdıran bir sıra xidmətlər yaradılmaqdadır. Bunlardan biri də avtomatlaşdırılmış elektron xidmətidir. Bu xidmətlər Yeni Klinikada da tətbiq olunmuşdur.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinika 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir.

Klinika pandemiya dövründə koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində ixtisaslaşmış tibb müəssisəsinə çevrilmişdir.

İstər müalicə, istərsə də müayinə işini dəqiqliklə yerinə yetirmək üçün müasir avadanlıqların quraşdırıldığı klinika Vətən müharibəsi dövründə də yüksək səviyyəli fəaliyyəti ilə seçilən tibb müəssisələrindən biri olmuşdur.

6 iyun 2022-ci ildən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunduğu tibb müəssisələrinin siyahısına daxil edilən Yeni Klinikada hər bir ölkə vətəndaşının İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfindən ödənişsiz istifadə etməsi təmin olunmuşdur.  

Tibb müəssisəsinin baş həkimi Cavid Paşayev işəgötürülənlər arasında gənclər, qazilər, şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarının sayının artırılmasına xüsusi diqqətlə yanaşır.  

O, yerli, həmçinin xarici təhsil müəssisələrində təhsil alan gənclərlə görüşlər keçirir, onların əmək fəaliyyətləri ilə maraqlanır və gənc tibb işçilərinə dəyərli tövsiyələr verir. Elə buna görə də tibb müəssisəsi əməkdaşlarının 65 faizini gənclər təşkil edir.

Yeni Klinikada 2022-ci ilin noyabr ayı ərzində tibb müəssisəsinə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 6216, stasionar tibbi xidmət üçün 154 nəfər olmuş, əməliyyat olunan pasiyentlərin sayı isə 108 nəfər təşkil etmişdir. Ümumilikdə 267 ambulator tibbi xidmət göstərilmişdir.

 Ötən ilin dekabr ayı ərzində tibb müəssisəsinə tibbi xidmət üçün 7862, stasionar tibbi xidmət üçün 231 pasiyent müraciət etmiş, əməliyyat olunan pasiyentlərin sayı 260 nəfər olmuşdur.

Bu ilin yanvar ayı ərzində isə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində 10505 nəfər ambulator tibbi xidmət üçün müraciət etmiş, stasionar tibbi xidmət üçün müraciət edənlərin sayı 284, əməliyyat olunan pasiyentlərin sayı isə 300 nəfər təşkil etmişdir.

Klinikada ümumilikdə 52443 vətəndaşa ambulator tibbi xidmət göstərilmışdir.  

Baş həkim Cavid Paşayevlə söhbət edərkən bildirdi ki, 6 iyun 2022-ci ildən Yeni Klinikada tətbiq olunan İcbari Tibbi Sığorta sistemi uğurla davam etdirilir. Tibb müəssisəsində İTS çərçivəsində bir sıra çətin və unikal əməliyyatlar aparılmışdır.  

İlk dəfə olaraq icbari sığorta ilə “laparoskopik düz bağırsağın ön rezeksiyası” əməliyyatını ümumi cərrah Elşən Qədimov və onun peşəkar komandası həyata keçirmişdir.

Udma çətinliyi şikayəti ilə müraciət edən pasiyentə axalizasiya diaqnozu qoyulmuş və laparoskopik yolla əməliyyat olunmuşdur.

Dr. Alim Əkbərov peşəkar komandası ilə birlikdə müasir cərrahiyyənin üst səviyyə əməliyyatlarından hesab olunan laparoskopik yolla “Heller miyotomiya + Dor Fundoplikasiya” əməliyyatını uğurla icra etmişdir.  

Xidmətlər Zərfi daxilində tibb müəssisəsində “İvor-Lewis” proseduru uğurla icra olunmuşdur.  

Həmçinin, tibb müəssisəsində İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə olaraq “Radikal sistektomiya” əməliyyatı həyata keçirilmişdir.  

Yeni Klinikada müasir tələblərə cavab verən geniş əməliyyatxana və reanimasiya otaqları mövcuddur.  

Yeni Klinika dünyanın bir sıra tibb müəssisələri ilə əlaqələrini gündən-günə daha da genişləndirir.

Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi ilə Klinika arasında imzalanan Anlaşma Memorandumu bunun bariz nümunəsidir.

Xəstəliyə düzgün diaqnoz qoyulması müalicənin əsasını təşkil edir. Bu baxımdan tibb müəssisəsində müayinə üsulları və müayinə metodları dünyada qəbul olunmuş protokollara əsasən tətbiq edilir.  

Müasir tipli, dünya standartlarına cavab verən şəfa ocağında çalışan 300-ə yaxın həkim və tibbi heyət insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmışlar. Tibb müəssisəsində ümumi cərrahiyyə, terapiya, təcili və təxirəsalınmaz tibbi yardım, reanimasiya şöbələri və poliklinika fəaliyyət göstərir. Poliklinikada, həmçinin urologiya, kardiologiya, ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, LOR, qastroenterologiya, radiologiya, revmatologiya, endokrinologiya, ginekologiya, nevrologiya və pediatriya şöbələri vətəndaşların xidmətindədir.

Qədir ASLAN,
“Respublika”.