Mübariz ekofəalların qətiyyətli aksiyası
Digər xəbərlər

Mübariz ekofəalların qətiyyətli aksiyası

Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası artıq 118 gündür davam edir. Hər zaman olduğu kimi, ekoaktivistlər bu səhəri Azərbaycan Dövlət Himnini səsləndirərək açıblar. Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Fəallar müxtəlif dillərdə şüarlar səsləndirərək dünya ictimaiyyətini ekoloji terrora son qoymağa çağırırlar.

Aksiya zamanı ekofəallar gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" kimi şüarlar da səsləndirirlər. Ekoaktivistlər tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. Ən vacib məqamlardan biri isə nümayişçilər tərəfindən əraziyə daxil olan avtomobillərin hərəkətinə heç bir maneə yaradılmamasıdır. Laçın-Xankəndi yolunda davam edən aksiyanın əsas məqsədi ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin qarşısının alınmasıdır. Çünki buradakı separatçılar Qarabağ üzərindən spekulyasiyaya çalışırlar. Ermənistan tərəfi etiraz aksiyası ilə bağlı saxta məlumatlar yaysalar da, beynəlxalq hüquq çərçivəsində hərəkət edən dövlətimiz bu kimi dezinformasiyaların qarşısını uğurla alır. Belə ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bu faktı bir daha təsdiqləmişdir. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Prezident İlham Əliyev yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın ittihamlarının tamamilə yalan olduğunu bildirmişdir.

Qanunsuz istismarın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il fevralın 18- keçirilən Münxen görüşündən sonra televiziya kanallarına müsahibəsində ərazilərdə sərhəd-buraxılış məntəqələrinin yaradılmasının vacibliyini vurğulamışdır. Sözügedən məntəqələrin Laçın yolunda da tətbiqinin zəruriliyi ölkə başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Əlavə olaraq, Laçın-Xankəndi yolunda davam edən aksiya təkcə ölkəmizin deyil, digər dövlətlərin mətbuatında işıqlandırılmışdır. Belə ki, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan saytlarında Azərbaycanın haqlı etirazı öz əksini tapmışdır.

Xatırladaq ki, aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq ekofəallar QHT təmsilçiləri tərəfindən keçirilir.

Nəzrin ELDARQIZI,

"Respublika".