Muğan qəsəbəsinin su təchizatı yaxşılaşdırılır
Region

Muğan qəsəbəsinin su təchizatı yaxşılaşdırılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bölgələrdə qəsəbə və kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hacıqabul rayonunun Muğan qəsəbəsinin də içməli su təchizatı yaxşılaşdırılır.

Muğan qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihənin birinci mərhələsi üzrə işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində qəsəbədə yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılır. Qeyd edək ki, 1970-ci illərin sonlarında Kür-Bakı magistral su kəmərindən Muğan qəsəbəsinə içməli su verilib və qəsəbənin bir hissəsində su şəbəkəsi yaradılıb. Lakin ötən müddətdə məskunlaşma əraziləri genişlənərək, qəsəbədə əhalinin sayı 3 dəfəyədək artıb. Qəsəbənin paylayıcı şəbəkə ilə əhatə olunmayan ərazilərində əhalinin bir hissəsi tikinti normalarına uyğun olmayaraq çəkilmiş fərdi xətlərdən istifadə edib, bəzi sakinlər isə içməli suyu maşınlarla alıb. Mövcud içməli su şəbəkəsi də istismar müddətini başa vurduğundan normal su təchizatını aparmağa imkan vermirdi. Xüsusilə yay aylarında su təchizatında ciddi çətinliklər müşahidə olunurdu.

Qeyd edək ki, layihə çərçivəsində Kür-Bakı su kəmərindən Muğan qəsəbəsinə əlavə çıxış verilib və 2 kilometr uzunluğunda magistral su xətti çəkilib. Eyni zamanda, qəsəbə ərazisində 10 kilometr uzunluğunda yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

6 min nəfərədək sakinin yaşadığı Muğan qəsəbəsinin digər ərazilərində yeni içməli su şəbəkəsinin yaradılması layihənin növbəti mərhələlərində həyata keçiriləcək. Bununla da qəsəbə sakinləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq, dəqiq uçot qurulmaqla su itkiləri minimuma endiriləcək və israfçılığın qarşısı alınacaq.

"Respublika".