Multikulturalizmin Azərbaycan modeli
Siyasət

Multikulturalizmin Azərbaycan modeli

Zəngin mədəni irsə, qədim tarixə malik Azərbaycanın multikulturalizmin məkanı kimi beynəlxalq aləmdə nüfuzu böyükdür. Tərəqqisini, gələcəyini milli köklər üzərində quran, mədəni müxtəlifliyi böyük sərvət hesab edən dövlətimizin uğurlu inkişafında tolerantlıq və multikultural dəyərlər əsas yer tutur. Sivilizasiyaların qovuşuğunda yerləşən, çoxkonfessiyalı ölkəmiz etnik müxtəlifliyə, xalqların birgəyaşayışına böyük önəm verir, dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanda fərqli dinlərə dözümlülük mühitinin mövcudluğu humanist ideyalara sadiqliyin, sülhpərvərliyin nümunəsi kimi dəyərləndirilir. Hərtərəfli və sürətli inkişaf dövrünə qədəm qoyan, dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycanın multikulturalizm modeli dünyada örnək olaraq qəbul edilir.

Əsrlərdən bəri etnik mənsubiyyətindən asılı olmayaraq fərqli dinlərin nümayəndələri ilə mehriban şəraitdə yaşamaq təcrübəsi qazanmış xalqımız multikultural dəyərlərini tarixin bütün mərhələlərində qoruyub saxlamış, daha da zənginləşdirmişdir. Multikulturalizmin həyat tərzinə, eyni zamanda dövlət siyasətinə çevrildiyi ölkəmizdə etnik qrupların nümayəndələri bir ailə kimi mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

Respublikamızda müstəqilliyin bərpasının ilk illərində bütün sahələrdə böhran, durğunluq hökm sürmüş, Ermənistanın ölkəmizə ərazi iddiaları nəticəsində Qarabağ və ətraf rayonlarda yaşayan soydaşlarımız doğma yurdlarından didərgin düşmüş, hadisələr zamanı minlərlə dinc sakin həlak olmuşdur. O dövrdə düşmən ölkənin dini liderlərinin separatçı hərəkatı qızışdırması dinlərarası, millətlərarası münasibətlərə böyük zərbə vurmuş, eyni zamanda daxildəki bəzi qara qüvvələr başqa xalqların nümayəndələri ilə azərbaycanlılar arasında nifaq salmaq, gərginlik yaratmaq üçün məqsədli şəkildə fəaliyyət göstərmişlər. Yalnız ulu öndər Heydər Əliyevin respublikamıza ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkə ərazisində sabitliyin bərqərar olması fonunda dövlət-din münasibətlərinin formalaşması, sağlam zəmində davam etdirilməsi istiqamətində həlledici addımlar atılmışdır. Dahi lider deyirdi: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır". Tarix sübuta yetirib ki, islam mədəniyyəti digər mədəniyyətləri düşmən qüvvə kimi deyil, insani varlığı daha da zənginləşdirən bir dəyər kimi qəbul edir.

Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qəbul edilir, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının təmin olunması qanunvericiliklə tənzimlənir və ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu vurğulanır. Konstitusiyamızın 48-ci maddəsində hər bir vətəndaşın dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və s. hüquqlarına malik olduğu bildirilir. Pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianların yaşadığı ölkəmizdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmiş, dövlətin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir olunmuş və ya yenidən tikilmişdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər təhlükəsiz, qarşılıqlı hörmət əsasında fəaliyyətdədirlər. Bütün zamanlarda müxtəlif dinlərin nümayəndələri Azərbaycanda sərbəst yaşayıb yaratmış və xalqımıza tarixi miras qoymuşlar.

Bakı Humanitar Forumu, BMT tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, I Avropa və IV İslam Həmrəyliyi Oyunları çərçivəsində dinlərarası dialoqun möhkəmləndirilməsinə, dini ayrı-seçkiliyə qarşı mübarizəyə, multikultural dəyərlərin təbliğinə böyük töhfələr verməsi Azərbaycana mədəniyyətlərarası dialoq ölkəsi statusu qazandırmısdır. Dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması olan "Bakı Prosesi", ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində görülən işlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Azərbaycanda multikulturalizmlə bağlı beynəlxalq tədbirlərin keçirilməsi ənənəyə çevrilib ki, bu da dialoqun dərinləşməsi, millətlərarası anlaşmanın və dini tolerantlığın möhkəmlənməsi sahəsində sıx əməkdaşlığın inkişafına, müasir çağırışlara və təhlükələrə qarşı birgə fəaliyyətə geniş imkanlar yaradır.

Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edən Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn Bakı Sammitinin əhəmiyyətindən danışaraq demişdir: "Biz bütün dünyada çox vaxt digər dinləri hədəfə almaqla dini motivasiyalı, nifrət zəminində cinayətlərin sayının kəskin şəkildə artdığının şahidi oluruq. Biz xristianların, müsəlmanların, bütün dinlərin nümayəndələrinin hədəfə alındığını görmüşük. Biz xüsusilə yəhudilərə münasibətdə nifrət - antisemitizm aktlarının artmasının şahidi olmuşuq. Yəhudi inancından olan fərdlər və təsisatlar fiziki zorakılıq, ayrı-seçkilik və qısnama aktlarının hədəfinə çevriliblər. Bunun şahidi olmadığımız yerlərdən biri məhz bura - Azərbaycandır".

Bütün prosesləri sabit, təhlükəsiz şəraitdə həyata keçirən, dinlər arasında anlaşmaya xüsusi əhəmiyyət verən, xalqlar arasında dostluq münasibətlərinin, sülhsevərlik mədəniyyətinin inkişafına böyük önəm verən Azərbaycan dialoq mühitini dərinləşdirmək, həmçinin ksenofobiya, ifratçılıq və ekstremizmin bütün formaları ilə mübarizə aparmaq üçün dünya dövlətlərinin dini rəhbərlərini bir araya toplamaq işində nümunəvi təcrübəyə malik multikultural, tolerant ölkədir.

Mehparə ƏLİYEVA,

"Respublika".