Nəqliyyatda inqilab edən yeni metro xətti
Türk dünyası

Nəqliyyatda inqilab edən yeni metro xətti

İstanbulda 8,4 kilometr uzunluğunda yeni metro xətti istifadəyə verilib. Şəhərin Avropa səmtində orijinal memarlıq dizaynı ilə inşa edilən, 7 stansiyadan ibarət metro xətti ümumilikdə 105 min kvadratmetr qapalı sahəni əhatə edir. Gündəlik bir milyon sərnişinə xidmət etməsi gözlənilən yeni metro xətti ilə şəhərin ətraf bölgələrindən mərkəzə qədər olan məsafə 13,5 dəqiqəyə qədər azaldılıb.

Yeni metro xəttinin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda İstanbulda ən böyük problemin nəqliyyat olduğunu vurğulayıb. O, qeyd edib ki, şəhərin əhali sayı baxımından ən sıx bölgələrindən birində inşa edilən bu metro xətti sərnişindaşımanın yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

Xəttin yaxın 25 ildə ölkə iqtisadiyyatına 6 milyard ABŞ dollarından çox gəlir gətirəcəyi təxmin edilir. Yeni xəttin açılıması ilə İstanbulda tamamlanan relsli sistem şəbəkəsinin uzunluğu 348 kilometrə çatdırılır.

İstanbulda daha iki metro xəttinin inşasının davam etdiyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan bu xətlərin İstanbul Hava Limanı və şəhərin ən böyük məscidlərindən biri olan Çamlıcanın yerləşdiyi ərazini də əhatə edəcəyini vurğulayıb. Qeyd edilib ki, biri 31,5, digəri isə 4,5 kilometr uzunluğunda olan bu iki layihə ən qısa zamanda yekunlaşacaq və İstanbulun relsli sistem şəbəkəsinin uzunluğu 384 kilometrə çatdırılacaq.

İctimai nəqliyyatda ağırlığın 72 faizinin avtomobil yollarının, təxminən 26 faizinin isə dəmiryol sistemlərinin payına düşdüyünü qeyd edən ölkə başçısı 2029-cu ilə qədər bu nisbətin dəyişdirilərək, avtomobil yollarının yükünü 60 faizə qədər azaldıb, relsli sistemlərini isə 37 faizə çatdıracaq bir infrastruktur yaratmağın əsas məqsədlərdən biri olduğunu deyib. Prezident İstanbulun zəlzələlərə hazırlıqlı olması baxımından yenidən qurulmasının ən vacib məsələlərdən biri olduğunu da qeyd edib.

Açılış mərasimində çıxış edən Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, İstanbulu müasir relsli sistem şəbəkələri ilə təchiz etmək üçün böyük əzmlə çalışdıqlarını vurğulayıb. O bildirib ki, İstanbulda 7 layihədə cəmi 90 kilometr relsli sistem xəttinin tikintisi davam etdirilir. Nəqliyyat naziri, həmçinin Türkiyə üzrə planlaşdırma mərhələsində 82 və 372 kilometrlik layihənin olduğunu da diqqətə çatdırıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyəsi ilə hədəflərə çatmaq üçün böyük səy göstərdiklərini deyən nazir bir çox layihələri tamamlayıb, artıq həyata keçirdiklərini vurğulayıb. A.Uraloğlu: "Vətəndaşlarımıza bu layihələrin əhəmiyyətini izah edərkən, əslində "bir az düşün" deməklə keçmişi xatırladırıq. Çünki Marmaray, Avrasiya Tuneli, Yavuz Sultan Səlim körpüsü, Şimali Mərmərə şossesi bir anda tikilməyib. Bütün bu layihələr olmasaydı tək İstanbul yox, bütün Türkiyə iflic olacaqdı. Hətta bu ideya bizim Nəqliyyat və İnfrastruktur Nazirliyinin həyata keçirdiyi layihələrin nə qədər önəmli olduğunun göstəricisidir".

A.Uraloğlu, Nəqliyyat və İnfrastruktur Nazirliyinin 12 şəhərdə fəaliyyət göstərən 936 kilometrlik şəhər relsli sistem xəttinin də inşa edildiyini deyib.

Hazırda yeni metro xəttinin İstanbul Hava Limanına qədər uzadılması ilə bağlı iş aparılır. Bu ilin ilk rübündə birbaşa İstanbul Hava Limanına gedən yeni metro xəttinin də açılacağı bildirilir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.