Nərimanov rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır
Digər xəbərlər

Nərimanov rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır

Qanunazidd əməlləri ilə ölkəmizdə ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nərimanov rayonu Ə.Qayıbov küçəsi, 10C ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.

Bununla əlaqədar, prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilib, lazımi şəxslərin izahatları alınıb, torpaq qatı xüsusi texnika ilə qazılaraq müvafiq nümunələr götürülüb. Qazıntı işləri hazırda davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, həmin torpaq sahəsində mövcud olmuş sərv və şam ağacları qanunsuz kəsilərək götürülüb.

Hazırda Baş Prokurorluqda araşdırmalar davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AZƏRTAC