Nüfuzlu siyasi xadim, qətiyyətli lider, müzəffər Ali Baş Komandan
Siyasət

Nüfuzlu siyasi xadim, qətiyyətli lider, müzəffər Ali Baş Komandan

Ötən 20 ildə verdiyi vədləri yerinə yetirən, yeni reallıqlar yaradan ölkə başçısının zəngin idarəçilik təcrübəsinə bütün dünya şahidlik edir

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə və yeni dövrün reallıqlarına uyğun uğurla davam etdirən İlham Əliyev ötən dövrdə söz verdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Son 20 ildə cəmiyyət həyatının bütün sahələrində dinamik yüksəliş baş verdi və iqtisadi potensialımız əhəmiyyətli dərəcədə gücləndi. Regionların sosial-iqtisadi tərəqqisi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü və sistemli tədbirlər ölkəmizin hərtərəfli, tarazlı və davamlı inkişaf yolunda sürətlə irəliləməsini şərtləndirir. Ötən illər şanlı tarix yazan, verdiyi vədləri yerinə yetirən, dövlətini qüdrətli edən, bölgənin taleyini müsbət yöndə dəyişdirən və yeni reallıqlar yaradan bir ölkə başçısının əzm və cəsarətinə, güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik edir.

Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlət başçısı demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etdi, intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. Prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı və ölkə rəhbərinin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin, dostlarının sayını artırdı.

Xalqımız prezidentini ona görə sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasət yürüdür. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunun qalibiyyətində öz təsdiqini tapır. Dahi Heydər Əliyevdən "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" kimi sözlərlə xeyir-dua alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Ölkə başçısının rəhbərliyi ilə respublikamız özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Uğurlarının təməlində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun, strateji proqram, konsepsiya və islahatların dayandığı müstəqil Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış, sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Ulu öndər tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edir.

Prezident İlham Əliyevin ölkəmizin inkişafı, Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün verdiyi hər bir qərar milli maraqlara hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq İlham Əliyevin həyat fəlsəfəsidir. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" sözləri onun bütün fəaliyyətlərində təsdiqini tapır. Prezidentlik fəaliyyətinin ən yüksək məqamı düşmən üzərində qazandığı qələbə oldu. İşğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Dünya qələbəmizlə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, bu tarixi uğurların müəllifi olan cənab Prezidentin liderlik bacarığını aydın gördü. Dövlətimizin başçısının "Qarabağ Azərbaycandır və nida" ifadəsi "Dəmir yumruq" əməliyyatında böyük Qələbəmizin rəmzinə çevrildi.

Azərbaycanın üçrəngli bayrağı azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. Sentyabrın 20-də keçirilmiş bir günlük antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olundu. Ali Baş Komandan bununla bağlı deyib: "Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki, bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik". Oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalandı, şəhərin inzibati binasının üzərinə isə gerbimiz həkk edildi. Cənab Prezident dünyaya isbat etdi ki, o, yalnız siyasətçi, dövlət başçısı, diplomat kimi böyük uğur qazanmayıb, həm də Ali Baş Komandan kimi dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazıb. Onun sərkərdəlik qabiliyyəti Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Azərbaycanın 200 ildən artıq tarixində misli görünməmiş bir hadisə baş verdi, tariximiz dəyişdi. İndi azad Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı ilə yanaşı, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda da Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar öz el-obasından didərgin salınan, evləri talan olunan, dağıdılan keçmiş məcburi köçkünlər indi doğma yurd yerlərinə qayıdışın sevincini yaşayırlar.

Ötən 20 ildə İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioriteti ölkəmizin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, təhlükəsizliyimizin təmini, pozulmuş ərazi bütövlüyümüzün bərpası oldu. Bu illər ərzində uğurla həyata keçirilən regional inkişaf proqramları, genişmiqyaslı abadlıq və quruculuq tədbirləri rayon və şəhərlərimiz arasında fərqi aradan qaldırdı, əhalinin sosial-rifahını yaxşılaşdırdı, yoxsulluq səviyyəsini aşağı saldı. İndi Azərbaycanla hesablaşırlar, regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət göstərmişdir. Təkcə daxili deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında əsas amil onun beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Qüdrətli Azərbaycan yaradan, xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil dövlətmizin Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Mustafa KAMAL,

"Respublika".