Ölkəmiz əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır
Siyasət

Ölkəmiz əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır

İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə etmək imkanlarına malikdir

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir". Bu fikirləri Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətində qeyd edib.

Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarı olduğunu diqqətə çatdıran dövlət başçısı Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürünü bildirib. Ölkə başçısı bununla da Azərbaycanın əməkdaşlığa açıq ölkə olduğunu bir daha təsdiq etmiş oldu. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Birmənalı olaraq qeyd edə bilərik ki, bu toplantı ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün son dərəcə effektiv və əhəmiyyətli platformadır. Hazırda İƏT-ə sədrlik edən Azərbaycan təşkilata üzv dövlətlərlə münasibətlərinə hər zaman xüsusi əhəmiyyət verir.

Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. 24 yanvar 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Daşkənd şəhərində keçirilən 26-cı iclasında bəyanatla çıxış edərək, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb."Yaşıl keçid və qarşılıqlı bağlantılar" çağırışı əsasında Azərbaycanın sədrliyi ilə təşkilatın strategiya və proqramlarının, habelə "İƏT-2025" baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağı vurğulanıb. Ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd-keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb. Bu il İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində 4-5 oktyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclasında səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib, İƏT-in bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.

Azərbaycan regional məsələlərin məhz region ölkələrinin dominantlığı ilə həllinə tərəfdar olduğunu və 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bununla bütün ölkələrin, o cümlədən Ermənistanın da iqtisadi tərəqqinin bir hissəsi olmasına tərəfdar olduğunu təsdiq edir. Ancaq bunun üçün yaranmış tarixi fürsətdən yararlanmağa və sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Bu müqavilə təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli olmayacaq, o Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi fürsət verir. Hazırda Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyətlidir. Layihələr bölgənin logistika imkanlarına yeni nəfəs verəcək. Dəmir yol xətləri, şose yolları Şimaldan Cənuba, Şərqdən Qərbə doğru uzanan logistik arteriyaların əsas qovşağı olacaq. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Görülən quruculuq və bərpa işlərində qardaş ölkələrin dəstəyi də heç zaman unudulmur. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.

İclas zamanı, həmçinin Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə Azərbaycan və İran arasında yeni dəmiryolunun inşasını nəzərdə tutan 6 oktyabr 2023-cü il tarixli niyyət protokolu və keçirilən təməlqoyma mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik üzrə Şuşa Bəyannaməsi qəbul olunub. Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inam ifadə olunub. İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycandan İrana keçib. Bu barədə qərar təşkilatın Şuşada keçirilən 27-ci iclasında qəbul olunub.

Mustafa KAMAL,

"Respublika".