Ölkəmiz gələcəyə sülh, qarşılıqlı anlaşma əsasında birgəyaşayış prinsipləri ilə addımlayır
Siyasət

Ölkəmiz gələcəyə sülh, qarşılıqlı anlaşma əsasında birgəyaşayış prinsipləri ilə addımlayır

Azərbaycan sürətli inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Dünyada etibarlı tərəfdaş olmaqla bərabər, sülhün, təhlükəsizliyin ünvanı kimi tanınan ölkəmiz Cənubi Qafqazda yeni reallıqlar yaradır. Dəyişən dünya sistemində yeni münasibətlərin qurulması, mövcud əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və şaxələndirilməsi, xalqların mehriban şəraitdə yaşaması ölkə başçımızın həyata keçirdiyi düşünülmüş siyasətin əsasını təşkil edir. Dövlətimiz sülhün, birgəyaşayışın, dostluğun tərəfdarıdır.

İstər ərazilərimizin 30 ilə yaxın işğal altında qaldığı illərdə, istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə daim Ermənistanın təxribatçılıq fəaliyyətini, müharibə planlarını ifşa etmiş və beynəlxalq qurumların diqqətini Ermənistanın işğalçı siyasətinə yönəltmişdir. Yüksək səviyyəli danışıqlarda dövlətimizin mənafeyini bütün sahələrdə uğurla müdafiə edən ölkə başçımız 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunduğunu diqqətə çatdırıb, Azərbaycanın sülhpərvər ölkə olduğunu faktlarla, dəlillərlə sübuta yetirib.

Azərbaycanın işğalla barışmayacağını, öz ərazi bütövlüyünü təmin edəcəyini qətiyyətlə bildirən Azərbaycan Prezidenti 30 il davam edən münaqişənin sülh yolu ilə həllini tapması üçün daim çalışdı, müharibənin olmaması üçün çox ciddi səy göstərdi. Lakin Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirməklə buna imkan vermədi. Düşmənin təxribatlarına, ərazi iddialarına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başlandı. Vətən müharibəsinə çevrilən İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz təmin olundu. Müharibə bitdikdən sonra qalib ölkəmiz Ermənistana sülh təklif etdi, sülh prosesinin irəlilədilməsi istiqamətində səy göstərdi. 44 günlük müharibədə rəzilliklə məğlub olan Ermənistan işğal dövründəki əməllərini təkrarladı, beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlərdə sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq təxribatları və mina təhdidini davam etdirdi. Azərbaycanla şərti sərhəddə, separatçıların qanunsuz yerləşdiyi Qarabağ ərazisində yeni minalar basdırmaqla gözəgörünməyən şəkildə müharibə apardı. Düşmənin basdırdığı minalar nəticəsində 300-dən çox vətəndaşımız mina qurbanı oldu. Bu dəfə isə mənfur düşmənin təxribatçılığına, terroruna, talançılığına xitam vermək üçün dövlətimiz öz ərazisində - Laçın yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi qurdu. Keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyünün tam bərpasına nail olan Azərbaycan düşmən ölkədən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əməl olunmasını, Qarabağ və ətraf rayonlardan qanunsuz silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasını qəti şəkildə tələb etdi. Çünki azğınlaşmış separatçılar həddini aşaraq təxribatlarının miqyasını gündən-günə daha da genişləndirirdi. Xəbərdarlıqlara, bəyanatlara məhəl qoymayan Ermənistan tərəfindən heç bir addım atılmadığı təqdirdə düşmənin növbəti təxribatlarının qarşısının alınması üçün dövlətimiz lokal antiterror tədbirləri gördü və cəmi 24 saatlıq tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığına son qoyuldu. Azərbaycan məqsədyönlü, uğurlu siyasət nəticəsində ərazi bütövlüyünün, suverenliyinin tam bərpasına nail oldu.

Müstəqil siyasət yürüdən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan ölkəmizin gələcəyə baxışları sülh, əmin-amanlıq üzərində qurulub. Dövlətimiz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində səylərini davam etdirir, Cənubi Qafqazda sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgəyaşayış üçün var qüvvəsini ortaya qoyur. Lokal xarakterli antiterror tədbirlərindən sonra sentyabrın 20-də xalqa müraciətində ölkə başçımız artıq regionda sülhün bərqərar olmasına ümidvar olduğunu bildirərək demişdir: "Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq… Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin… Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar".

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edən müstəqil Azərbaycan Cənubi Qafqazda sülhə, barışa, sabit və dayanıqlı inkişafa mühüm töhfə verir, bu məqsəd uğrunda əzmlə mübarizə aparır. Qalib ölkə olsa da, 30 ilə yaxın müddət ərzində torpaqlarını işğal altında saxlayan, vətəndaşlarını məcburi köçkün vəziyyətinə salan, xalqına qarşı qətliamlar, soyqırımları törədən düşməninə sülh təklifi edir. Humanistliyi, sülhpərvərliyi ilə beynəlxalq aləmdə nüfuzunu gündən-günə artıran ölkəmiz regionda, bölgədə sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə Ermənistanla sülh sazişi bağlamaq, qonşuluq əlaqələri qurmaq niyyətini bildirir. Təhlükəsizlik, gücün tətbiq edilməməsi, yeni yaranan reallıqların qəbul olunması ilə bağlı və sair məsələlər Azərbaycanın təklif etdiyi sülh sazişinin əsas tərkib hissəsidir. Regional inkişafa yönəldilmiş sülh müqaviləsinin imzalanması və həmin təməl prinsiplərin həyata keçirilməsi nəticəsində Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhə nail olunacaq. Bu isə təkcə Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə regionda təhlükəsizliyin, sabitliyin bərqərar olmasına və eyni zamanda region dövlətləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə geniş imkanlar yaradacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".