Ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti yüksək qiymətləndirilir
Siyasət

Ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti yüksək qiymətləndirilir

Cənubi Qafqazda uzunmüddətli sülh yaratmaq, kommunikasiya infrastrukturunu bərpa etməklə ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələri şaxələndirmək, yeni dünya nizamında ümumi çağırışlara və təhdidlərə çevik cavab vermək Azərbaycanın həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Regional əməkdaşlığın möhkəmləndirilməsinə, bölgənin iqtisadi əməkdaşlıq məkanına və eyni zamanda nəqliyyat mərkəzinə çevrilməsinə, dünyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına əvəzsiz töhfələr verən ölkəmiz regionun inkişafında müstəsna rol oynayır. Müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində lider olan müstəqil Azərbaycan xarici siyasətində beynəlxalq təşkilatlarla, nüfuzlu təsisatlarla əlaqələrini möhkəmləndirir.

Bütün dövlətlərlə dostluq münasibətləri qurmaq, xalqlarla sülh şəraitində yaşamaq niyyətində olan dövlətimiz BMT-nin üzvlüyünə qəbul olunduğu ilk gündən təşkilat daxilində əlaqələrin çoxşaxəli əməkdaşlığa çevrilməsində fəal iş aparır, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına töhfələr verir. Təşkilatda 30 il müddətində formalaşan əməkdaşlıq çərçivəsində müxtəlif layihə və proqramların həyata keçirilməsində yaxından iştirak edir. Ölkəmiz ilə BMT institutları arasında minalardan təmizlənmə sahəsində də sıx əməkdaşlıq mövcuddur. BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə yardım göstərir. Ötən il may ayının 25-də Ağdamda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda keçirilən 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib ki, 2020-ci il münaqişəsindən sonra Birləşmiş Millətlər Təşkilatı Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım məqsədilə 11 milyon dollar ayırıb. BMT ilə ölkəmiz arasında gender bərabərliyi, ətraf mühit, inklüzivlik və s. sahələrdə də sıx əməkdaşlıq əlaqələri mövcuddur və bu istiqamətdə bir sıra sazişlər imzalanmışdır. Bütün bunlar uğurlu xarici siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutan Azərbaycanın BMT-nin tamhüquqlu üzvü kimi təşkilatın ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı yüksələn xətlə inkişaf etdirdiyinin göstəricisidir.

Ölkəmizin BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında fəaliyyəti də beynəlxalq əlaqələrin tənzimlənməsində mühüm rol oynayır. 2011-ci ildə Azərbaycan dünyanın 120 ölkəsinin etimadı ilə insan hüquq və azadlıqlarına, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmətlə yanaşmağı, beynəlxalq mübahisələri sülh yolu ilə həll etməyi, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığı təşviq edən Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuşdur. Hərəkatın missiyasını dəstəkləyən dövlətimiz 2019-cu ildə QH-nin 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə evsahibliyi etmiş, 120 üzv dövlətin və 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən Bakı Sammitində 2019-2022-ci illər üçün Hərəkata sədrlik ölkəmizə həvalə olunmuş, üzv dövlətlərin yekdil qərarı ilə təsisata sədrlik müddəti bir il də uzadılmışdır.

Azərbaycan bu müddət ərzində Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini nümayiş etdirmiş, Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü və görüşün davamı olaraq BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası, nazirlər səviyyəsində bir sıra tədbirlər keçirilmişdir. Eyni zamanda Hərəkatın Gənclər və Parlament Şəbəkələri və Qadınlar platforması təsis olunmuşdur. 4 illik sədrliyi dövründə dövlətimiz beynəlxalq münasibətlərin tənzimlənməsinə, hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atmış, üzv dövlətlərlə münasibətlərin yüksəldilməsinə, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa mühüm töhfələr vermişdir.

Beynəlxalq əlaqələrini gündən-günə daha da şaxələndirən, etibarlı tərəfdaş imici formalaşdıraraq dünya miqyasında mövqelərini möhkəmləndirən ölkəmiz bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi edəcək. Belə ki, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 konfransında 195 ölkəni təmsil edən nümayəndələr yekdilliklə 29-cu konfransın 2024-cü ildə Bakıda keçirilməsinə səs vermişlər. Qloballaşan dünyada iqlim dəyişmələrinin sürətləndiyi bir zamanda zəngin karbohidrogen ehtiyatlarına, enerji resurslarına malik olmasına baxmayaraq, "yaşıl enerjiyə" keçidi enerji siyasətinin prioriteti olaraq müəyyənləşdirən Azərbaycanda dünyanın ən mötəbər tədbirlərindən olan COP29-un keçirilməsinə qərar verilməsi Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyinin sübutu, "yaşıl enerji" siyasətinə qlobal dəstəyi nəticəsində ölkəmizə göstərilən etimadın nümunəsidir.

Yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və öz daxili gücü hesabına ərazi bütövlüyünü və suverenliyini təmin edən qalib dövlət olması ölkəmizin beynəlxalq nüfuzunu gündən-günə daha da artırır. Etibarlı tərəfdaş olan Azərbaycanın beynəlxalq və qlobal təşkilatlar çərçivəsində fəaliyyəti dünya birliyində yüksək qiymətləndirilir.

Mehparə ƏLİYEVA,

"Respublika".