Ölkəmizin elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır
Siyasət

Ölkəmizin elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır

Yeni ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması uğurlu perspektivlər vəd edir

zərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edir. Bu siyasət ölkəmizin öz daxili enerji təhlükəsizliyini təmin etməklə digər dövlətlərin də enerji təhlükəsizliyinə töhfə verir. Bu baxımdan, həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır. Ekspertlər qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətləri ilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır.

Fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev yeni elektrik stansiyasının Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. Azərbaycan yaxın zamanlarda yalnız neft və qaz deyil, eyni zamanda elektrik enerjisi ixracatçısı kimi də tanınacaq. Enerji amili, enerji diplomatiyası və bütün layihələr iqtisadi potensialımızı gücləndirməklə yanaşı, imkan yaradır ki, neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Ümummilli liderin şəxsən iştirakı ilə 1981-ci ildə stansiyanın birinci blokunun açılışı olub. İES-in birinci enerji blokunun istifadəyə verilməsinə nail olmaqla ölkəmizin gələcək enerji müstəqilliyinə doğru tarixi bir addım atılmışdır. Ulu öndərin ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün enerji siyasətimizin əsasında dayanır.

Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu, bir daha təsdiq edir ki, İtaliya və Azərbaycan arasında olan əlaqələr təkcə neft-qaz sahəsi üzrə deyil, eyni zamanda elektrik enerjisi sektoruna da artıq ciddi şəkildə sirayət edir. "Azərenerji" ilə İtaliyanın "Ansaldo" şirkəti arasındakı əlaqələr həlledici rol oynayır. Müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb. İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. Belə ki, İtaliya bizim strateji tərəfdaşımızdır. Hazırda ölkəmizin ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb, 34 elektrik stansiyası inşa edilib. 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya enerji potensialını daha da gücləndirəcək. Buna Azərbaycanda, həm də Avropada ehtiyac var. Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işləri, ilk növbədə elektroenergetika sahəsindən başlanıb. Artıq 10-dan çox yarımstansiya və onlarla su elektrik stansiyaları inşa edilib. 2021-2022-ci illərdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatacaq. Enerji sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət proqramlarının icrası nəticəsində Azərbaycan daxili enerji tələbatının ödənilməsi ilə bərabər elektrik enerjisinin ixracına da nail olub.

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafının göstəricisi olaraq ötən il Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində ölkəmizlə qurum arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu qeyd etmək lazımdır. Artıq həmin sənədin icrasına başlanılıb. Bu istiqamətdə atılan hər bir addım Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini nümayiş etdirir. Bütün bunlar həm Azərbaycanda elektrik enerjisi istehsalının artmasına, həm də daha çox ixrac olunmasına imkan verəcək. Bu isə ölkənin enerji təminatının daha da yaxşılaşması, o cümlədən bu sektorun inkişafı baxımından vacibdir. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha böyük uğurlara gətirib çıxaracaqdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təbii qaz ixracının həcmini artırmaqla yekunlaşmır. Olduqca zəngin alternativ enerji potensialına malik Azərbaycan günəşli ölkədir və paytaxt Bakı küləklər şəhəri kimi tanınır. Ölkəmiz təkcə ənənəvi enerji deyil, yaşıl enerji sahəsində də zəngin potensiala malikdir. Bu amillər ölkəmizin enerji ixracını genişləndirmək imkanlarını daha da artırır.

Fevralın 3-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonası elan olunması da bu prosesləri təşviq edir. Ona görə də həm daxildə, həm də xaricdə enerjiyə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini zərurətə çevirir.

Mustafa KAMAL,

"Respublika".