Ölkəmizin təbii sərvətləri inkişafa və rifaha xidmət edir
Digər xəbərlər

Ölkəmizin təbii sərvətləri inkişafa və rifaha xidmət edir

29 dekabr 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir. ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.

Müstəqil Azərbaycanın davamlı dinamik inkişafının təmin olunmasında ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması xüsusi rola malikdir. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Bununla da ulu öndərin ölkəmizin gələcəyi naminə "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başladı və bu siyasət Azərbaycanın neft ölkəsi adını özünə qaytardı.  Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz "Əsrin müqaviləsi" ilə qoyulub.

Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyasının növbəti mərhələsini ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi. Bu məqsədlə ulu öndər Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olundu. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır.

"Mən bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasını çağırmışam. Fondun yaradılması Azərbaycanın 1994-cü ildən həyata keçirdiyi neft strategiyası nəticəsində mümkün olmuşdur. Biz bu strategiyanı həyata keçirməyə başlayarkən qarşımıza əsas bir məqsəd qoymuşuq: neft-qaz yataqlarının xarici şirkətlərlə işlənilməsini, hasilatı təmin etmək və Azərbaycanın mənafelərinin təmin olmasına yönəltmək. Burada bir çox məsələlər var. Ancaq birinci yerdə iqtisadiyyatın inkişaf etdirilməsi, sosial problemlərin həll olunması dayanır". Bu sözləri Prezident Heydər Əliyevin sədrliyi ilə 2002-ci il iyulun 17-də keçirilən Dövlət Neft Fondu Müşahidə Şurasının ilk iclasında ulu öndər deyib. Bununla milli neft strategiyasında yeni mərhələ başlandı.

Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı ölkəmizin əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə olunmasını və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, ARDNF ümummilli lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılır.

Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsasını ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipini təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur. Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib.

Azərbaycan xalqı yalnız müstəqillik illərində özünün zəngin təbii sərvətlərinin əsl sahibinə çevrildi. Neft Fondunun yaradılması və onun uğurlu fəaliyyəti deyilənlərə bariz nümunədir. Bu gün Neft Fondunun vəsaitləri qanunvericilikdə nəzərdə tutulan müxtəlif mənbələrdən formalaşır. Vəsaitlərin xərc istiqamətləri isə ölkəmizin prioritetləri nəzərə alınmaqla müəyyənləşdirilir. Neft Fondunun yaradılmasının önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: "Dövlət Neft Fondunun yaradılması da tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir…". ARDNF-in istər neft gəlirlərinin ölkənin ümummilli problemlərinin həllində, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasında və yenidən qurulmasında istifadə olunması, istərsə də idarə edilməsində şəffaflığın təmin edilməsi istiqamətində qazandığı böyük uğurlar dünyanın neft ölkələrinə nümunə ola bilər. Yarandığı gündən Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən fondun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza sədaqətlə xidmət edəcəyini deməyə əsas verir.

Mustafa KAMAL,

"Respublika".