Ombudsman erməniəsilli şəxslərin Azərbaycan səfirliyinə hücumunu pisləyib
Digər xəbərlər

Ombudsman erməniəsilli şəxslərin Azərbaycan səfirliyinə hücumunu pisləyib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan səfirliyinə qarşı erməniəsilli şəxslər tərəfindən törədilən hücumu pisləyib.

Bu barədə “Respublika”-ya Ombudsman Aparatından məlumat verilib. 50-yə yaxın erməniəsilli şəxs Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyinin inzibati binası qarşısında toplaşaraq boya ilə doldurulmuş, partlayıcı bərkidilmiş şüşələr səfirliyin inzibati binasına atılıb, hasarlara zərbə vurulub və müxtəlif şüarlar səsləndirilib.

“Səfirliyin heyəti arasında xəsarət alan olmasa da, bu kimi hallar azərbaycanlı diplomatların həyat və sağlamlığına zərər vurulması məqsədilə törədilən təxribat kimi qiymətləndirilməlidir. Bu baxımdan, bütün xarici dövlətləri “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməyə, diplomatik nümayəndəliklərin hədəfə alınması hallarını qəti şəkildə pisləməyə, zəruri məsuliyyət tədbirlərinin görülməsinə dəstək verməyə çağırıram”, - deyə ombudsman diqqətə çatdırıb.