KEYFİYYƏTLİ ƏRZAQLA TƏMİNAT DİQQƏT MƏRKƏZİNDƏDİR
Digər xəbərlər

KEYFİYYƏTLİ ƏRZAQLA TƏMİNAT DİQQƏT MƏRKƏZİNDƏDİR

Dövlətimizin daimi qayğısı və dəstəyi sayəsində də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı uğurla təmin edilir.

Respublikanın qabaqcıl aqrar rayonlarından hesab olunan Samuxda da bu sahədə nəzərəçarpacaq uğurlar qazanılmışdır. Bu, son dərəcədə aktual məsələ ilə bağlı, təcrübəli mütəxəssis, uzun müddət Samux Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə rəhbərlik edən Elxan Rüstəmovla həmsöhbət olduq. O qeyd etdi ki, türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin 1994-cü il 17 iyun tarixində imzaladığı "Baytarlıq haqqında "Azərbaycan Respublikasının Qanunu, baytarlıq-sanitariya tələblərini və baytarlıq təbabəti nəzarətinin hüququ əsaslarını müəyyənləşdirdi. Bununla da bu sahədə iri addımlar atılaraq, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, aqrar sahənin mühüm qolu olan baytarlıq xidmətində də böyük irəliləyişlər olmuşdur. Məhz bu baxımdan, təmiz və keyfiyyətli ərzağın təmin olunmasını həyata keçirən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin rolu təqdirəlayiqdir. Mal-qaranı və digər heyvanları profilaktiki, sanitariya və digər baytarlıq tədbirlərinin aparılması ilə xəstəliklərdən qorumaq, məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tələblərini həyata keçirmək baytarlıq xidmətinin ən ümdə məsələsi hesab olunur.

Respublikada aparılan sosial-iqtisadi inkişaf aqrar sahəni tam əhatə etdiyi üçün baytarlıqda da son illər ərzində güclü dəyişikliklər baş vermişdir. Dövlətimizin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində rayonun baytarlıq idarəsinin, baytar məntəqələrinin yeni inzibati binaları müasir standartlara uyğun inşa edilmiş, lazımi avadanlıqlarla təmin olunmuşdur. Rayon baytarlıq xidməti işçiləri minik avtomobili və yedəkli motosikletlərlə təmin olunmuşdur ki, bu da ümumi işin operativliyinə stimul verir. Uzun müddət xidmətdə çalışan ixtisaslaşdırılmış kadrların köməyi sayəsində köçəri quşlar və həşəratlar vasitəsilə yoluxan xəstəliklərin vaxtında qabağının alınması üçün müvafiq tədbirlər görülür. Xidmətin işçiləri kəndlərə, qoyun sürüləri olan yataqlara baş çəkir, binalar dezinfeksiya olunur, lazımi profilaktik tədbirlər aparırlar. Vaxtaşırı monitorinqlərin, təlimlərin və seminar-məşğələlərin keçirilməsinə, əhalinin və fermerlərin bu sahədə maariflənməsinə önəm verilir. Eyni zamanda əsas məqsədimiz, epizootik tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi və profilaktik peyvəndləmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının təmin olunmasıdır. Bu baxımdan, idarə tərəfindən rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq, bütün sektorlarda vətəndaşların istifadəsində olan kənd təsərrüfatı heyvanları və quşları arasında rayonun epizootiki durumuna uyğun olaraq lazımi müalicə-profilaktiki tədbirləri vaxtlı-vaxtında icra edilir.

2023-cü ilin epizootik planına əsasən profilaktiki tədbirlərin icrası məqsədilə nəzərdə tutulmuş vaksin biopreparatların saxlanması, daşınması idarənin istifadəsində olan texnokonteynerlərin, soyuducuların, buzluqların, termoçamadan və termoçantaların istifadəsinə ciddi əməl olunmuşdur. Təsdiq edilmiş mövcud plan əsasında heyvanlar arasında yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısının alınması istiqamətində çox ciddi fəaliyyət göstərilmişdir. Xidmətin aidiyyəti işçiləri günün bütün vaxtlarında mal-qara üçün göndərilmiş peyvənd vasitələrini vaxtlı-vaxtında işlədərək, profilaktik tədbirlər aparılmışdır. Belə ki, 379 baş iribuynuzlu heyvanda, 18707 baş xırdabuynuzlu heyvanda ektoparazitlər xəstəliyinə qarşı çimizdirmə tədbirləri, 700 baş vəhşi heyvanda quduzluq xəstəliyinə qarşı oral peyvəndləmə aparılmışdır. Eyni zamanda 23361 baş iribuynuzlu heyvanda, 81222 baş xırdabuynuzlu heyvanda qarayara, 45379 baş iribuynuzlu heyvanda, 179750 baş xırdabuynuzlu heyvanda isə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilmişdir.

Rayon ərazisində iri və xırdabuynuzlu, təkdırnaqlı, müxtəlif növ ev quşları və sahibli itlər mövcuddur ki, həmin heyvanlara baytarlıq idarəsi və onun tabeçiliyində olan sahə baytar məntəqələrinin baytar mütəxəssisləri xidmət göstərir. Onlar lazımi profilaktik vasitələr, ləvazimat və avadanlıqlarla təmin ediliblər. Son illər ərzində rayon ərazisində heyvandarlıq və quşçuluq sahələrində aparılmış müalicə-profilaktiki tədbirlər nəticəsində heç bir qorxulu heyvan xəstəlikləri qeydə alınmamış və təhlükə ehtimalı olduğu halda, baytarlıq xidməti gücləndirilmiş iş rejiminə keçməklə, təhlükənin aradan qaldırılması üçün lazımi tədbirlər görmüşlər. Rayon ərazisində aparılmış müalicə-profilaktiki tədbirlər üçün lazım olan biopreparatorlar, oliaqnostikumlar vaxtlı-vaxtında plana uyğun şəkildə təmin olunmuşdur.

Sonda idarə rəisi tam əminliklə bildirdi ki, rayonda yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanması istiqamətində profilaktik, təşkilati tədbirlər mütəmadi olaraq davam etdiriləcək və bundan sonra da mövcud imkanlardan istifadə edərək, əhali tam keyfiyyətli ərzaqla təmin oluncaq.

Zabit XƏLİLOV,

"Respublika".