Ombudsman Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib
Digər xəbərlər

Ombudsman Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikası Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili İnstitutunun 29 illiyinə həsr olunmuş "İnsan hüquqları - dövlətlərin davamlı inkişafında mühüm amil" mövzusunda beynəlxalq konfransa onlayn qaydada qoşularaq "Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyinin və əlilliyi olan şəxslərin hüquqlarının təmini" mövzusunda məruzə ilə çıxış edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, Ombudsman ölkəmizdə gender bərabərliyinin təmini, əlilliyi olan şəxslərin, uşaqların, qadınların, habelə əhalinin digər sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə məlumat verib, bu sahədə milli qanunvericilik bazasının formalaşdırılmasının, bir sıra beynəlxalq müqavilələrin ölkə tərəfindən ratifikasiya edilməsinin və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb.

Ombudsman fəaliyyətinin təkmilləşdirilməsi sahəsində təsisatda aparılan struktur islahatlarından danışaraq, ölkənin iştirakçısı olduğu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində təşəbbüslərin artırılması, insan hüquq və azadlıqlarının, eləcə də gender bərabərliyinin, əlilliyi olan şəxslərin hüquqlarının təşviqi, müdafiəsi və monitorinqi sahəsində fəaliyyətin səmərəliliyinin daha da artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu və bu prosesin davam etdirildiyini bildirib.

"Respublika".