Ömrün sınaq imtahanı
Digər xəbərlər

Ömrün sınaq imtahanı

Vətən müharibəsi başlayanda onlar bir həqiqəti dərk elədilər: artıq sınaq zamanıdır, bu sınaqdan üzüağ çıxıb, torpaqları işğaldan azad edib millətə başucalığı gətirməliyik. Belə də oldu. 44 günlük savaşda Ali Baş Komandanın iftixar hissilə qeyd etdiyi kimi, Şanlı Ordumuzun bir əsgəri də fərarilik etmədi, son nəfəsə, sonuncu patrona kimi vuruşdu. Belə igidlərdən biri də Məharət Həsənovdur.

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri şəhid Məharət Ramil oğlu Həsənov 25 oktyabr 1987-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 15 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Məharət Həsənov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Məharət Ramil oğlu Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Elin igid oğlu ömrün sınaq imtahanından şərəflə çıxıb, şəhidlik zirvəsinə ucalıb.

Tofiq HÜSEYN,

"Respublika".