Ötən 20 il göstərdi ki, xalq seçimində yanılmayıb
Siyasət

Ötən 20 il göstərdi ki, xalq seçimində yanılmayıb

2003-cü il oktyabrın 15-də respublikamızda keçirilən prezident seçkilərində xalqın etimadını qazanan cənab İlham Əliyev böyük səs çoxluğu ilə Azərbaycanın dövlət başçısı seçildi. Bundan öncə, 10 il xalqımıza rəhbərlik etmiş ulu öndər Heydər Əliyev ölkəmizin ən çətin günlərində bu məsul vəzifəni uğurla icra etmişdi. Səhhətində baş verən narahatlığa görə 2003-cü il seçkilərində iştirak edə bilməyən ümummilli lider öz siyasi kursunun davamçısı olan İlham Əliyevin prezidentliyə namizəd olması təşəbbüsünü irəli sürmüş və ona özü qədər inandığını xalqımıza bəyan etmişdi. Cənab İlham Əliyev də öz növbəsində ölkəyə rəhbər seçiləcəyi təqdirdə Heydər Əliyevin siyasi kursuna sadiq qalacağını və bütün fəaliyyətini bu istiqamətdə aparacağını bildirmişdi. Məhz buna görə də seçicilərin 76,84 faizi Heydər Əliyev siyasi kursuna səs verməklə İlham Əliyevi prezident seçdi. 20 il ərzində görülən titanik fəaliyyəti ilə Prezident İlham Əliyev sübut etmişdir ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb.

2003-cü il oktyabrın 31-də dövlət başçısı İlham Əliyev andiçmə mərasimində Azərbaycan Respublikasının prezidenti seçilməsi üçün göstərilmiş bu böyük etimada görə seçicilərinə, bütün Azərbaycan xalqına öz təşəkkürünü bildirərək vurğulamışdı ki, bu böyük etimadı doğruldacağam. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Həqiqətən də, 2003-cü il prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Çünki bu siyasət sülhü, əmin-amanlığı, inkişafı, tərəqqini, quruculuğu özündə ehtiva edir.

Xüsusilə qeyd etmək lazımdır ki, 20 il bundan əvvəl ölkə başçısı İlham Əliyev andiçmə mərasimində xalqına verdiyi vədlərə sadiqlik nümayiş etdirdi. Və sonra keçirilən bütün prezident seçkilərini qalib kimi başa vurdu. Bu illər ərzində Azərbaycan beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstərdi. Həmçinin qonşu ölkələrlə münasibətlər uğurla inkişaf etdirildi. Respublikamızın bütün sahələrində yüksək tendensiya müşahidə edildi və iqtisadiyyatımız dəfələrlə gücləndi. Azərbaycanda özəl sektora diqqət və qayğı artırıldı, ölkəmizə xarici sərmayə qoyuluşu yüksək səviyyəyə çatdırıldı. Respublikada hökm sürən ictimai sabitlik xarici investorların ölkəmizə axın etməsində böyük rol oynadı. Azərbaycan iqtisadiyyatının əsas istiqaməti olan 1994-cü ildə Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyasının davam etdirilməsi nəticəsində 20 ildə böyük uğurlar əldə etdi. Azərbaycan öz neft-qaz ehtiyatlarını səmərəli şəkildə dünya bazarlarına çıxarır. Ölkəmiz Xəzər dənizinin özünəməxsus olan sektorunda xarici şirkətlərlə əməkdaşlığı genişləndirdi və Azərbaycanın neft sənayesinə on milyard dollar sərmayə qoyuldu, on minlərlə yeni iş yerləri açıldı. Ötən illər ərzində qazma qurğuları, platformalar, neft kəmərləri, neft terminalları və ölkəmiz üçün vacib olan digər infrastruktur yaradıldı. Prezident İlham Əliyevin Azərbaycana bəxş etdiyi ən böyük uğur və xoşbəxtlik sözsüz ki, ərazi bütövlüyümüzü bərpa etməsi olub. Prezident seçildiyi gündən etibarən bunu qarşısına ən ali məqsəd qoyan dövlətimizin başçısı 30 illik erməni işğalına son qoyaraq torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən və separatizmdən təmizlədi. Artıq Azərbaycanın bütün ərazilərində ölkə Konstitusiyası tam olaraq icra olunmaqdadır. Qalib sərkərdə, Müzəffər Ali Baş Komandan kimi adını qızıl hərflərlə Azərbaycan tarixinə yazdıran cənab İlham Əliyev Vətənimizi qalib ölkələr sırasına qaldırdı. Onun Silahlı Qüvvələrimizə göstərdiyi diqqət Ordumuzu ən güclülər sırasına daxil etdi. Ömrünün 20 ilini Prezident kimi xalqına, dövlətinə, ölkəsinin inkişafına həsr edib. Statistik rəqəmlər də bunu bariz şəkildə göstərir. Belə ki, Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 3,6 dəfə artmışdır ki, bu da qlobal miqyasda ən yüksək iqtisadi nailiyyətlərdən sayılır. Bununla yanaşı, qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsul da 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artmışdır. 20 il bundan öncə adambaşına düşən büdcə xərcləri heç 150 manat təşkil etmədiyi halda, hazırda bu göstərici 3500 manatdan çoxdur. O cümlədən xarici ticarət dövriyyəsi 10,8 dəfə, ixrac 16,1 dəfə artıb. Respublikamızın xarici valyuta ehtiyatları son iki onillikdə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçmiş və xarici borcumuzu 10 dəfə üstələmişdir. Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi gündən etibarən sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarını ötüb keçmişdir. Onun 190 milyard dolları qeyri-neft sektorunun payına düşmüşdür.

Ölkənin ən vacib sahələri sayılan təhsil və səhiyyə sektorunda da çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər aparılıb. Son 20 ildə paytaxt və regionlarda 3630 məktəb, 760-dək səhiyyə ocağı tikilib və ya əsaslı təmir olunub. Prezidentin hər zaman diqqət mərkəzində saxladığı sahələrdən biri də ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasıdır. Buna görə də 20 il ərzində sosial sahəyə ayrılan büdcə xərcləri 20 dəfədən çox artmışdır.

Hazırda dövlət başçısının qarşıya qoyduğu prioritet istiqamət işğaldan azad olunmuş ərazilərə yenidən həyatın qaytarılmasıdır. Bunun nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. 2020-ci ildə qazandığımız möhtəşəm Zəfərdən sonra həmin ərazilərə Böyük Qayıdışın təmin edilməsi məqsədilə 7 milyard ABŞ dollarından çox vəsait ayrılmışdır. Həmçinin 30 il doğma el-obalarından ayrı düşmüş soydaşlarımızın bir qismi artıq Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinə, eləcə də, Füzuli və Laçın şəhərlərinə geri qayıtmışdır. Beləliklə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 20 illik hakimiyyəti dövründə ölkəmizi regionun lider və beynəlxalq aləmdə söz və nüfuz sahibi olan bir dövlətinə çevirmişdir. Ən əsası isə dövlət başçısı 2003-cü il oktyabrın 31-də xalqına vəd etdiyi torpaqların işğaldan azad olunması sözünün üstündə duraraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

Musa BAĞIRLI,

"Respublika".