Pakistanlı QHT nümayəndəsi: Beynəlxalq ictimaiyyət Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycana verməyə məcbur etməlidir
Digər xəbərlər

Pakistanlı QHT nümayəndəsi: Beynəlxalq ictimaiyyət Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycana verməyə məcbur etməlidir

Mina hadisələri bəşəriyyəti narahat edən əsas problemlərdən biridir. Hər il mina hadisələri nəticəsində 5 mindən çox insan həlak olur, 15-20 min insan isə yaralanır. Ona görə də bu məsələ ilə bağlı geniş maarifləndirməyə ehtiyac var. Azərbaycanın Qarabağ bölgəsi də Ermənistan tərəfindən 30 illik işğal dövründə minalanıb.

Bu fikirləri pakistanlı fəal, Beynəlxalq Kəşmir Qrupunun icraçı direktoru Muhammad Zaman AZƏRTAC-a məxsusi açıqlamasında deyib.

Ermənistan-Azərbaycan münaqişəsinin artıq başa çatmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına başlanılmasına baxmayaraq, minalanmış ərazilərin hələ də çox ciddi problem olaraq qaldığını vurğulayan Muhammad Zaman bildirib: "Biz Ermənistan hakimiyyətindən minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyi tələb edirik. Beynəlxalq ictimaiyyətdən də xahiş edirik ki, Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etsin. Beləliklə, biz daha çox insanın həyatını xilas edə bilərik".