Paşinyan Parisdə - yalançının şahidi də yanında
Siyasət

Paşinyan Parisdə - yalançının şahidi də yanında

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 21-də Fransaya ikigünlük səfərə gedib. İrəvan rəhbərinin Paris ziyarəti təsadüfi deyil. Çünki iki ölkə arasında təmaslar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən sonra baş tutub. Dövlət başçımız və Türkiyə Respublikasının Prezidenti siyasətdən iqtisadiyyata, hərbidən təhsilə, regional məsələlərdən qlobal proseslərə qədər bir çox vacib məsələləri müzakirə ediblər. Həmçinin ölkə başçıları Türkiyə-Azərbaycan birliyinin gücünü, qardaşlıq əlaqələrinin dərinliyini nümayiş etdiriblər.

Müstəqil düşüncə qabiliyyəti olmayan, ancaq digər liderləri təqlid etməklə xarici siyasət yürütməyə çalışan Paşinyanın bu ziyarətdən təsirlənərək Fransaya getməsi təəccüb doğurmur. Baş nazirin Emmanuel Makronla görüşü zamanı iki ölkə arasındakı tarixi bağlara toxunması da bu səbəbdəndir. O bildirib ki, rəsmi İrəvan və Parisi dərin emosional münasibətlər birləşdirir. Buna görə də Nikol Yelisey rəhbərini Ermənistana dəvət edib. Bildirib ki, bu il Şarl Aznavurun 100 illiyi qeyd olunur və bu münasibətlə sentyabr ayında İrəvanda keçiriləcək qala-konsertdə Emmanuel Makronun da iştirakından məmnunluq duyacaq. Fransa prezidenti də bu təklifi müsbət qiymətləndirib, daha sonra isə öz sosial şəbəkə hesabında erməni dilində mesaj yerləşdirib. Ölkəsinin Ermənistanı dəstəklədiyini ifadə edib. Amma hər kəsə aydındır ki, satqın xislətləri ilə seçilən iki liderin bu münasibəti də səmimi deyil. Onlar sadəcə bir-birilərinə ehtiyac duyduqları üçün belə bir mənzərə formalaşdırmaq istəyirlər. Necə deyərlər, yalançının şahidi yanında olar.

Bununla belə, həm Paşinyanın, həm də Makronun birgə mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər bütün reallıqları ifşa edib. Nikol Paşinyan bildirib ki, ölkəsinin müdafiə qabiliyyətini möhkəmləndirməsi heç kimi narahat etməməlidir. Çünki İrəvanın vəzifəsi regionda balans yaratmaqdır. Emmanuel Makron da öz növbəsində Fransanın Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcəyini qeyd edib. Vurğulayıb ki, Paris müdafiə ləvazimatlarının çatdırılmasına razılıq verib. Yelisey rəhbəri həmçinin ölkəsinin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri təşviq edəcəyini də deyib. Hətta onun iddiasına görə, İrəvan ərazi bütövlüyü və sülh istəyi məsələsində Parisin köməyinə ümid edə bilər. Fransanın Ermənistanı silahlandırdığı halda bölgədə sabitliyin hökm sürəcəyini düşünməsi isə olduqca məntiqsizdir. Bu ziddiyyətli məqam onu göstərir ki, Makron əsassız açıqlamalar verib. Çünki hər kəsə aydındır ki, İrəvan regionu hərbiləşdirməklə revanşizm meyillərini gücləndirir. Bu məsələdə Paşinyan hökumətinin ən böyük dəstəkçisi məhz Yelisey sarayıdır. Rəsmi Paris Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaq üçün siyasi, iqtisadi və diplomatik sahədə bütün imkanlarını səfərbər edir. Bunlarla da kifayətlənməyən Makron Administrasiyası Avropa İttifaqının Ermənistandakı missiyasının sayını gündən-günə artırır. Bir il əvvəl 5-10 nəfər olan "müşahidəçi missiya" hazırda 500 nəfər təşkil edir. Üstəlik, bir məqamı da vurğulamaq lazımdır. Fevral ayınadək Azərbaycan-Ermənistan şərti sərhədində nisbi sakitlik idi. Buna baxmayaraq, fransız generallar tez-tez bölgəyə gəlir və baş verənləri izləyirdilər. Nümunə kimi fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi əraziyə baş çəkməsini və sərhəddəki vəziyyətlə tanış olmasını göstərə bilərik. Maraqlı məqam isə odur ki, avropalı, xüsusilə də fransalı hərbi rütbəlilərin "binokl diplomatiyası" ilə məşğul olmasından dərhal sonra, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açıldı. Təxribat nəticəsində dövlət sərhəd xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralandı. 13 fevral tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində erməni ordusunun döyüş postu darmadağın edildi, 4 erməni hərbçi öldü. Hadisələrin bu xronologiya ilə baş verməsi isə onu göstərir ki, Ermənistanda Rusiyanın yerini doldurmaq istəyən Qərb tərəfdaşları şərti sərhəddə eskalasiyanın olmasında maraqlıdır və bu istiqamətdə fəaliyyətlərini gün keçdikcə artırırlar.

Lakin Fransa Prezidenti Emmanuel Makron Nikol Paşinyanla görüşündə bu reallığı görməzdən gəlib, hətta təxribatlardan məyus olduğunu da deyib. Amma bu dəfə də özünü ifşa edib. Yelisey başçısı səhvən bildirib ki, fevralın 12-də Azərbaycan əsgərinin yaralanmasından təəssüflənib. Bununla belə, o, Azərbaycan Silahlı Qüvvələrinin Nerkin-And kəndi yaxınlığındakı erməni mövqelərinə endirdiyi zərbəni qeyri-mütənasib adlandırıb. Təbii ki, heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın proporsional olmayan cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda da bu məqama toxunulub. Vurğulanıb ki, Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasəti heç bir nəticə verməyəcək.

Fransa rəhbəri Paşinyanla birgə mətbuat konfransında ölkəmizə qarşı başqa əsassız iddialar da səsləndirib. Makron deyib ki, guya Qarabağ erməniləri bölgəni məcburi tərk edib. Amma həmin şəxslərin özləri də etiraf edirlər ki, Ermənistana könüllü şəkildə gediblər və təzyiqə məruz qalmayıblar. Deyək ki, Paris özünə sərf etmədiyi üçün bu məqamı da görməzdən gəlib. Bəs 30 ilə yaxın müddətdə hüquqları pozulan, dədə-baba yurdlarından didərgin düşən, kütləvi qırğınlara məruz qalan azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquq və təhlükəsizliyindən danışması hansı məntiqə və vicdana sığır? Amma ermənidən çox ermənilik edən Fransa bu iki xüsusiyyətə də sahib deyil. Ona görə də Makron verdiyi bəyanatlarla sadəcə gülüş obyektinə çevrilir. Bu məqamda Ermənistanın da boş xülyalara qapıldığı açıq-aydın görünür. Axı Paşinyan mütəmadi olaraq başına yumurta, pomidor atılan bir prezidentdən nə umur? Bunu yalnız İrəvan rəhbərinin avantüraya getməsi kimi şərh etmək olar. Amma Nikol qəflət yuxusundan ayılmalıdır. Artıq anlamalıdır ki, onun səlibçi mentalitetli ölkələrin təsiri altında hərəkət etməsi təkcə Cənubi Qafqazdakı vəziyyəti dalana dirəmir, həm də İrəvanda narazılıqla qarşılanır. Fevralın 20-də İrəvanın dörd bir yanında "Nikol, istefa", "Paşinyan, siyasətdən get" şüarlarının səsləndirilməsi də bunun sübutudur. Artıq müxalifət və erməni cəmiyyətinin əksər hissəsi hazırkı hakimiyyəti Qərbin xeyrinə geosiyasi seçim etməkdə günahlandırır. Amma ölkəsində etirazların davam etdiyi vaxtda baş nazirin Emmanuel Makronla birgə sərsəm fikirlər səsləndirməsi onun hələ də baş verənlərdən dərs almadığını göstərir.

Jalə QASIMZADƏ,

"Respublika".