Payızlıq əkinlərə start verilib
Region

Payızlıq əkinlərə start verilib

Cəbrayıl rayonu kənd təsərrüfatının bütün sahələri üzrə qabaqcıl bölgələrdən hesab olunur. Ötən təsərrüfat mövsümünü yaxşı göstəricilərlə yola salan fermerlər payızlıq əkinlərə start vermişlər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov bizimlə söhbətində bildirdi ki, texnika, digər vasitələr əkinə hazırlıq vəziyyətindədir:

- Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün həyata keçirilən aqrotexniki tədbirlər arasında şumlama mühüm əhəmiyyətə malikdir. Vaxtında və keyfiyyətlə aparılmış yay şumu torpağın keyfiyyət göstəricilərini xeyli artırır. Belə ki, torpaqda nəmliyin daha çox saxlanılmasına, alaq otlarının toxumlarının, sələf bitkilərinin qalıqlarının daha tez çürüyərək torpağa qarışmasına, toxum yatağının daha keyfiyyətli formalaşmasına şərait yaradır.

Gələn ilin məhsulu üçün rayonda 17-18 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Əkinlərin 1800 hektarının suvarılan ərazilərdə aparılacağı gözlənilir. Hazırda fermerlərimiz tərəfindən keyfiyyətli yay şumunun aparılması davam etdirilir. Torpaqlardan bol və keyfiyyətli məhsul alınmasında torpağın lazımi qida maddələri ilə zənginləşdirilməsi də vacib şərtlər sırasındadır. Hazırda fermerlər tərəfindən səpindən əvvəl əsas şum altına və səpinlə bərabər torpağa veriləcək mineral gübrələrin tədarükünə başlanılmışdır.

Fermerlər tərəfindən bölgə üçün daha uyğun toxumların tədarükü də davam etdirilir. Hazırda fermerlərin yüksək məhsuldar və sertifikatlaşdırılmış toxumlarla təminatını daha da yaxşılaşdırmaq istiqamətində də işlər aparılır. Rayon ərazisində proqnozlaşdırılan taxıl səpininin keyfiyyətlə başa çatdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti rayon qurumlarının mütəxəssisləri tərəfindən fermerlərə lazımi təlimlərin keçirilməsinə başlanılıb.

Tofiq HÜSEYN,

"Respublika".