Peyvənd infeksiyalara qarşı müqaviməti gücləndirir
Səhiyyə

Peyvənd infeksiyalara qarşı müqaviməti gücləndirir

İsmayıllı

Uşaqlarda infeksion xəstəliklər təhlükəli olmaqla bəzi hallarda çox ağır keçə, hətta ölümlə də nəticələnə bilər. Mövsümlə əlaqədar yoluxucu xəstəliklər xeyli artır və ağır fəsadlar törədir. Bu cür xəstəliklərin qarşısını almağın ən təsirli üsullarından biri də immunizasiya və ya peyvəndləmədir. Uşaqlar üçün profilaktik peyvənd cədvəlinə daxil edilən hər bir peyvənd təlimatlara əsasən sınaqdan keçirilir. Çünki peyvəndlər təhlükəsiz olmaqla bir çox xəstəliklərin profilaktikası üçün əlverişli üsullardan hesab olunur. Peyvənd insan bədəninin təhlükəli infeksiyalara qarşı müqavimətini qüvvətləndirən xüsusi hazırlanmış tibbi-immunobioloji preparatdır. Peyvəndlər immun sisteminə spesifik mikrob və viruslara qarşı lazımi qoruyucu antikor hüceyrələrinin yaranmasına kömək edir. Peyvənd olunmamış və yoluxmuş hər bir şəxs ətrafındakı insanlar üçün infeksiya mənbəyidir.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində hazırda uşaqların sağlamlığı üçün təhlükəli olan vərəm, poliomielit, göy öskürək, difteriya, tetanus, pnevmoniya, qızılca, məxmərək və s. kimi xəstəliklərə qarşı mütəmadi olaraq peyvəndlər aparılır. Uşaqların immunizasiyası peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilir.

Mərkəzin tibbi heyəti bildirir ki, günümüzdə ən çox yayılan qızılcadan qorunmanın da ən effektiv və yeganə yolu peyvənd olunmaqdır. Bu səbəbdən də xeyli müddətdir ki, İsmayıllı ASM-də 11-40 yaşlılar arasında da peyvəndlənmə işləri aparılır. Bununla yanaşı, rayon mərkəzi xəstəxanasında yeni doğulmuşlardan neonatal skrininq və ya daban testi götürülür. Bu test metabolik və ya irsi xəstəliklərin zamanında aşkarlanmasına imkan verir. Daban testi ilə 35-ə yaxın xəstəliyi təyin etmək mümkündür.

Qeyd olunur ki, bu test körpə doğulduğu ilk üç gün ərzində olunur. Bunun üçün yeni doğulan körpələrin daban nahiyəsindən bir neçə damcı qan götürülür və filtr kağızın üzərinə hopdurulur, qan quruduqdan sonra skrininq testi aparılır. Testin cavabı üç həftə ərzində məlum olur. Bununla da uşaqların yoluxduğu xəstəliklərin mənbəyi və səbəbi tam dəqiqləşdirilir və müalicəsi üçün müfaviq tədbirlər görülür. Gələcəyimiz olan uşaqların sağlam və gümrah böyüməsi üçün mərkəzin kollektivi əzmlə çalışır.

M.NƏRİMANOĞLU,

"Respublika".