Qalib ölkənin tələbələri
Elm və təhsil

Qalib ölkənin tələbələri

Gəncə Şəhər İcra Hakimiyyətində ənənəvi olaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Səməd Tomuyev, Adil Tağıyev, Kamran Məhərrəmov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov iştirak ediblər. Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev qeyd edib ki, ötən il ölkəmiz çox önəmli tarixi hadisə yaşadı. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Artıq fəxrlə deyə bilərsiniz ki, siz bütöv və qalib Azərbaycanın ilk tələbələrisiniz. Bununla hamımız qürur duyuruq. Hər kəsə məlumdur ki, ölkə rəhbərliyi təhsil sahəsini daim diqqətdə saxlayır. Belə ki, ölkənin tərəqqisi və inkişafı üçün sağlam, bilikli, savadlı, o cümlədən vətənpərvər gənclərə hər zaman ehtiyac vardır. Bu sahədə də təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Gəncədə təhsil sahəsində nailiyyətlər yetərincədir. O, yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Azərbaycanın gələcəyini təhsilin inkişafında görən ümummilli liderin arzularının praqmatik ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib və bildirib ki, ölkə başçısının sonsuz diqqət və qayğısı sayəsində Azərbaycan təhsili dünyaya inteqrasiya etmişdir. Ümumtəhsil məktəbləri dünya standartlarına uyğun əsaslı təmir olunmuş, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə diqqət və qayğı son dərəcə yüksəlmişdir. Məhz bu baxımdan təhsil sahəsində yetərincə nailiyyətlər qazanılmışdır. Yeni növ koronavirus (COVİD-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020/2021-ci tədris ilində Gəncə şəhərinin tam orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş məzunların arasında 17 nəfər gənc 600-dən yuxarı bal toplayıb. Gəncə üzrə ən yüksək nəticəni isə 690 balla 14 nömrəli tam orta məktəbin məzunu Billurə Qəbədova göstərib. Tədbirdə iştirak edən dövlət rəsmiləri bütün tələbə adını qazanan məzunları təbrik edib, Vətənə, cəmiyyətə layiqli övlad olmaqlarını diləyiblər.

Tələbələr isə öz növbələrində onlara göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib, seçdikləri sahələr üzrə savadlı və ixtisaslı mütəxəssis olmaq üçün var qüvvələri ilə çalışacaqlarına söz veriblər.

Görüş zamanı məzunların müraciətləri və onları narahat edən məsələlər də dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Sonda tələbə adı qazanan gənclərə hədiyyələr təqdim olunub.

Zabit XƏLİLOV,

“Respublika”.