Qarabağ səyyahların gözü ilə
Region

Qarabağ səyyahların gözü ilə

Onların işğaldan azad olunan ərazilərimizə səfərləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət daşıyır

İşğaldan azad olunan ərazilərimizi görmək istəyən tanınmış bloger və səyyahların sayı gündən-günə artmaqdadır. Onlar Qarabağa səfər edərək orada törədilən erməni vəhşiliklərini öz gözləri ilə görürlər. Bu, həm də misli görünməmiş dağıntılara məruz qalan ərazilərimizin bütün dünyaya göstərilməsində, erməni vandalizminin ifşasında mühüm rol oynayır. Belə səfərlərlə işğaldan azad olunmuş ərazilərdə törədilən vəhşiliklərə dünya ictimaiyyətinin diqqətini yönəltmək mümkün olur. Çünki ölkəmizə gələn səyyahlar nəinki öz ölkələrində, eyni zamanda digər dövlətlərdə də kifayət qədər yaxşı tanınırlar. Onlar həm də Qarabağda aparılan genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri ilə də tanış olurlar. Xarici qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti və işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla ermənilərin hansı xislətə malik olduqlarını görürlər.

Prezident İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili Azərbaycan Respublikasında "Şuşa İli" elan edib. Şuşa 2022-ci ildə ölkəmizin, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu qala şəhəri tarixi zəfərimizin tacıdır. Ona görə də Şuşada beynəlxalq tədbirlərin keçirilməsi xüsusilə mühüm əhəmiyyət daşıyır. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə sentyabrın 8-də üçgünlük növbəti səfərləri təşkil olunmuşdur. Bu səfərlərə ümumilikdə 500 nəfər QHT nümayəndəsi, habelə bloger və ictimai fəal  qoşulmuşdur. Qeyd edək ki, QHT-lərin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi əsasda təşkil edilir. Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olurlar. Eyni zamanda, səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və genişmiqyaslı tikinti işlərinin həcmini və sürətini izləyə bilirlər. Bu barədə verilən son məlumata görə, Qarabağ bölgəsinə - Şuşaya QHT-lərin sayca 12-ci səfəri idi. Yalnız Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin, ümumilikdə Qarabağa 1500-dən çox QHT təmsilçisinin səfəri təşkil edilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli"nə həsr olunmuş xüsusi qrant müsabiqəsi həyata keçirməsi, QHT-lərin həm də xarici ölkələrdə müxtəlif təşəbbüslər reallaşdırması bu istiqamətdə görülən işlərə böyük töhfədir. Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev-muzeyində olub, Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər.

Səyyahlar işğaldan azad olunmuş ərazilərdə ermənilərin törətdikləri vandallıqları öz gözləri ilə görür və lentə almaqla tarixə həkk edirlər. Belə səfərlər təşkil etməklə səyyahların və digər nüfuzlu qonaqların gözü ilə erməni cinayətkarlarının iç üzü dünyaya tanıdılır.

Zəngilanda icra olunmuş “Ağıllı kənd” konsepsiyası yenidən qurulub bərpa ediləcək bütün ərazilərimizin simasıdır. Səyyahlar görürlər ki, azad olunmuş ərazilərimizin hər yerində yol və digər sosial infrastruktur sürətlə tikilir, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Şuşada möhtəşəm layihələr icra olunur və digər şəhər tipli rayon mərkəzlərimiz baş plana əsasən ən müasir formada yenidən qurulur. İşğaldan azad edilən ərazilər, həmçinin füsunkar təbiətə və geniş turizm imkanlarına malikdir. Xarici qonaqların səfərləri həmin ərazilərin turizm potensialının dünyada təbliği baxımından da mühüm rol oynayır. Səyyahlar Şuşa və Ağdam şəhərlərini, Füzuli, Xocavənd və Zəngilan rayonlarını, o cümlədən Ağalı kəndini və Cəbrayılı ziyarət edirlər.

Xarici səyyahlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin yekunlarına dair keçirdikləri mətbuat konfranslarında bildirirlər ki, işğaldan azad edilmiş ərazilərdə gördüklərimiz bizi dəhşətə gətirdi. Qarabağda ermənilərin törətdiyi vandalizmi dəhşətlə izlədik. Belə görüntülər insanları vahiməyə salır. Türk səyyah Uğur Demircan söyləyib: "Xüsusilə Ağdamda baş verənlər mənə çox pis təsir etdi. Yüz min əhalisi olan bir yerin bu hala gəlməsi çox dəhşətlidir. Mən hətta bu şəhərin dağıntılarla belə halda qalmasını təklif etdim ki, beynəlxalq ictimaiyyət buna şahid olsun". Amerikalı səyyah, MTP qrupunun rəhbəri Çarlz Villi isə Qarabağda yenidənqurma işlərinin çox sürətlə davam etdiyini, Füzulidə, Laçında beynəlxalq hava limanlarının inşa olunduğunu xüsusi qeyd edib. Digər səyyah Mete Mikkelsen isə Azərbaycanda qonaqpərvərliklə qarşılandıqlarını bildirib. O, bu torpaqlara yenidən səyahət edəcəyini, bundan sonra da oradakı inkişafı, sülh proseslərini izləyəcəyini vurğulayıb. Səyyah Nikola Koratella isə bildirib ki, xüsusən Kəlbəcərin çox gözəl təbiəti var: "Biz bu torpaqlarda böyük dağıntılar gördük. Amma bu dağıntılarla yanaşı, böyük quruculuq, tikinti işlərini də müşahidə etdik. Yenidənqurma işlərindən sonra bu torpaqlar daha da gözəlləşəcək".

Bloger və səyyahlar öz təəssüratlarını bölüşərək qeyd edirlər ki, Azərbaycan hökuməti bu ərazilərdə bərpa və quruculuq işlərinə çox böyük diqqət ayırır. Bu torpaqlarda kənd təsərrüfatı üçün böyük potensial var. Bu ərazilərdə kurortların yaradılması üçün gözəl yerlər mövcuddur. Hazırda yolların bərpa edilməsi əsas məsələdir. Qarabağda bir çox infrastruktur layihələri uğurla həyata keçirilir. Ancaq turistlərin asanlıqla bu yerlərə gələ bilməsi, əlçatanlılıq üçün yolların tikintisi mütləqdir. Bu amil də diqqətdə saxlanılır. Azərbaycana gəlmək çox gözəl hissdir. Burada insanlar çox səmimidirlər. Azərbaycan dünyanın gözəl bir guşəsidir. 10 il sonra bu ərazilərə gələndə böyük otellər, ağıllı kəndlər, inkişaf etmiş iqtisadi məkanlar görəcəyik. Qarabağ Avropa və Azərbaycan arasında yeni bir körpüyə çevriləcək. Regionda sülh olmalı, insanlar sülh şəraitində yaşamalıdırlar. Qafqaz sülh regionu olmalıdır. Azərbaycan bunun üçün bütün işləri görür. Bu yerlərdə aparılan sürətli quruculuq işləri Azərbaycanın sülh istəyini göstərir.

Mustafa KAMAL,

"Respublika".