Qarabağ və Şərqi Zəngəzur: gələcək naminə quruculuq
Sosial həyat

Qarabağ və Şərqi Zəngəzur: gələcək naminə quruculuq

Tarixin və zamanın təlatümlərini, xarici qüvvələrin təhdidlərini, daxili çəkişmələri, anarxiyanı, dövlət çevrilişi cəhdlərini, vətəndaş müharibəsinə təhriki, müstəqilliyin itirilməsi təhlükəsini fədakarlıqla dəf edən ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamı dahi şəxsiyyətin uzaqgörənliyinin ifadəsidir. Əsası ulu öndər tərəfindən qoyulmuş inkişaf strategiyası ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanı dünyaya tanıdan inkişafın əsas hədəfləri 20 il bundan əvvəl müəyyən edilib.

2003-cü ildə keçirilən prezident seçkilərində doğma xalqının inam və etibarını qazanan İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərində "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman imzaladı. Regionların inkişafı üçün uğurla icra edilən birinci Dövlət Proqramının qəbul edilməsi hər şeydən əvvəl bölgələrdə inkişafın əsasını yaratdı və yeni bir mərhələnin təməlini qoydu.

İnkişafın davamlı xarakter alması üçün 2009-cu il aprelin 14-də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair ikinci Dövlət Proqramı qəbul edildi. Əsas məqsəd ölkəmizdə iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq idi.

2014-cü il fevralın 27-də Prezident İlham Əliyev 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramını təsdiq etdi. Bu proqram əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini, əhalinin dayanıqlı enerji ilə təminatını, qazlaşdırmanın bütün kəndləri əhatə etməsini, yeni yolların çəkilişini, əhalinin məşğulluğunun daha da artırılmasını təmin etdi.

Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" məqsədyönlü tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Tarixi qələbədən sonra dövlətimizin başçısının imzaladığı yeni iqtisadi rayonların yaradılması haqqında Fərman Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza yaratdı. Həmin dövlət sənədində qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Ağdam, Hadrut, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərə qədər böyük bir ərazidə aparılan nəhəng işlər, həyata keçirilən layihələr, ətraf mühitin, ekologiyanın bərpa edilməsi və digər həyat əhəmiyyətli tədbirlər Azərbaycan dövlətinin gücünün, iqtisadi qüdrətinin, dövlət başçısının əzminin, iradəsinin ən yaxşı göstəricisidir.

Prezident İlham Əliyev yenilməz sərkərdəlik bacarığı və dünya siyasətindəki mövqeyi sayəsində 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atdı, torpaqlarımızı işğaldan azad edən, xalqımızı böyük bəladan qurtaran, şərəfimizi və qürurumuzu bərpa edən xilaskar kimi adını tariximizin səhifələrinə qızıl hərflərlə yazdı. Həmçinin, Prezident İlham Əliyevin on doqquz illik fəaliyyəti dövründə ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dördüncü Dövlət Proqramı qəbul ediləndən sonra Azərbaycan öz torpaqlarını işğalçılardan azad etdi, Ermənistanın işğalına son qoyuldu, düşmən ölkə məğlub edildi.

Müharibəni qələbə ilə başa vursaq da düşmənin torpaqlarımıza basdırdıqları minaları zərərsizləşdirmək üçün iki ildən artıqdır ki, sözün əsl mənasında, ciddi mübarizə aparılır. Ölümsaçan minaların təmizlənməsi üçün minaaxtaranlar əsl peşəkarlıq nümayiş etdirirlər. Səbirlə, dözümlə təhlükəli və xeyirxah missiyanı yerinə yetirirlər. Minalar təmizləndikcə azad edilən torpaqlarda quruculuq işlərinə, ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələrin - elektrik xətlərinin, yolların çəkilişinə başlanılıb. Həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı, yeni xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları qurulur, yollar çəkilir, hava limanları inşa edilir, sənaye parkları və iqtisadi zonalar yaradılır.

Dünya tarixində müharibədən çıxmış ölkənin dərhal azad edilən ərazilərdə quruculuq işlərinə başlaması nadir hadisədir. Bütün bu dağıntılara, şəhər və kəndlərin yer üzündən silinməsinə, müharibə yaralarının ağırlığına, düşmənin qəddar vəhşiliklərinə, torpaqlarımızın minalarla çirkləndirilməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə, güclü inam və gələcəyə nikbin baxışlarla bildirib ki, Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir. Qarabağda və Şərqi Zəngəzurda nəhəng infrastruktur lahiyələrin təməlqoyma mərasimləri keçirilir, bir vaxtlar silah səsləri eşidilən, işğalçıların ayaqları altında inildəyən torpaqlara yeni bir həyat qayıdır. Qarabağ və Şərqi Zəngəzurda təkcə 2022-ci ildə 80-dən çox layihə icra olunub. Dövlətimizin başçısı Qarabağa və Şərqi Zəngəzura 40-dan çox səfəri zamanı təməlqoyma və açılış mərasimlərində iştirak edib. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə yolların yenidən qurulması işlərinə ilkin olaraq Tərtər rayonundan başlanılıb və Tərtər şəhərindən Suqovuşana, Suqovuşandan Talış kəndinədək yol yenidən qurulub.

1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi ixrac edən ölkə kimi tanınır. Üstəgəl, Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq. Bərpaolunan enerji növlərinin inkişafı da həmin məqsədə yönəldilib. Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi nəzərdə tutulub. Xudafərin və Qız qalası su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək. Mütəxəssislərin fikrincə, Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın külək və enerji gücləri potensialı var. Qələbədən sonrakı iki il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik təsərrüfatı yenidən qurulur. Ehtimal edilir ki, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsi başlayıb. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə deyib ki, azad edilmiş ərazilər "yaşıl enerji" zonası olacaq. İlk belə nümunə Zəngilan rayonunun Ağalı kəndində yaradılıb, əhali Günəş enerjisindən istifadə edir, "ağıllı kənd" yeni dövrün başlanığıcı hesab olunur.

2022-ci il fevralın 13-də Prezident İlham Əliyev Ağdama səfəri zamanı burada həyata keçirilən layihələrin gedişi ilə tanış olub. Qeyd edək ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində həyata keçirilən layihələr arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Artıq hər biri 110/35/10 kilovoltluq "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları istifadəyə verilib. "Ağdam-1" yarımstansiyası rayon mərkəzinin girişində, "Ağdam-2" yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilib. Bu yarımstansiyalarda rəqəmsal idarəetmə mərkəzi yaradılıb.

Ağdam Sənaye Parkında mobilizasiya, qida sənayesi müəssisələri, kiçik istehsal və xidmət müəssisələri, istehsal sahəsi, tikinti materiallarının satışı, TIR parkı, texnika təmiri sahəsi, texniki zona və iri sənaye müəssisələri nəzərdə tutulub. Hazırda sənaye parkında 12 rezident qeydiyyatdan keçərək tikinti işlərinə başlayıb. Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası yaradılır.

Mütəxəssislərin hesablamalarına əsasən, düşməndən azad edilən torpaqlarda 155 min hektar ərazi ümumi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, həmçinin bitkiçilik üzrə indiki kənd təsərrüfatı həcminin 8 faizi nisbətində ümumi məhsul istehsalı qeydə alınacaq. Zəngilan rayonunda ötən il təməli Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan "Dost Aqropark"ı qida təhlükəsizliyinə mühüm töhfə verəcək. Üç mərhələdə gerçəkləşdiriləcək bu mühüm layihə uğurla icra olunur. Layihə başa çatdıqda 6 min hektar sahədə bitkiçilik, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri də işə salınacaq. Yeri gəlmişkən qeyd edək ki, bu il işğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədən taxıl biçilib, 70 min hektar sahədə isə payızlıq taxıl əkini aparılıb. İşğaldan azad edilmiş torpaqlarda cari ildə taxılla yanaşı, pilot olaraq şəkər çuğunduru da becərilib. Belə ki, Qubadlı rayonunda "Azərşəkər" tərəfindən şəkər çuğunduru əkilib və tədarük edilib. Füzuli rayonunda bu il 118.1 min ton taxıl istehsal olunub. Taxıl istehsalında rayon potensial imkanlara malikdir.

Bütün quruculuq və bərpa işləri Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi" çərçivəsində həyata keçirilir. Qeyd edək ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən "Kəlbəcər" yarımstansiyasından Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürücü xətt çəkilib. Rayonda çox böyük strateji əhəmiyyətə malik olan infrastruktur layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanıdır. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması nəzərdə tutulub. Qarabağ iqtisadi rayonunda olduğu kimi, Şərqi Zəngəzurda da avtomobil yolları salınır, bu yolların çətin keçilən hissələrində tunellər tikilir.

Ermənistanın yer üzündən sildiyi şəhər və kəndlər yenidən tikilir, keçmiş məcburi köçkünlərin qayıdışı üçün tədbirlər həyata keçirilir. Bir sözlə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün çox nəhəng və genişmiqyaslı işlər sürətlə aparılır. Qürurla deyə bilərik ki, müstəqil Azərbaycan dövləti heç bir ölkədən maddi yardım almadan, öz vəsaiti hesabına azad edilən torpaqları dirçəldir. Təbii ki, bütün bunların əsasında isə Prezident İlham Əliyevin güclü iradəsi və böyük fədakarlığı dayanır.

Salman ALIOĞLU,

"Respublika".