Qarabağ və Şərqi Zəngəzur öz gücümüzlə yenidən qurulur
Region

Qarabağ və Şərqi Zəngəzur öz gücümüzlə yenidən qurulur

İkinci Qarabağ müharibəsində qazanılan şanlı qələbə Azərbaycan tarixində əbədi qalacaq, gələcək nəsillər üçün şərəfli və ləyaqətli mənəviyyat qalası, qürur və iftixar mənbəyi olacaq. Müharibənin ilk günündən işğalçılara qarşı qəhrəmanlıqla döyüşən əsgəri və zabiti ilə çiyin-çiyinə dayanan Ali Baş Komandan İlham Əliyevin fədakar və cəsur bir sərkərdə olduğu həm döyüş meydanında, həm də siyasi müstəvidə birmənalı şəkildə təsdiq edildi. İldırım sürətli döyüş əməliyyatları sayəsində cəmi 44 gün ərzində ordumuzun qəhrəman döyüşçüləri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Hadrut qəsəbəsini, Xocavənd rayonunun bəzi ərazilərini, eyni zamanda 300-dən artıq kəndi hərbi güc hesabına azad etdilər. Azərbaycan həm dostlarına, həm düşmənlərə öz gücünü göstərdi, dövlətimizin və xalqımızın prinsipial mövqeyi bir daha dünyaya çatdırıldı. Qalib ölkənin Prezidenti müharibədən sonra ölkəmizin bayrağına, Konstitusiyasına hörmət edən hər kəsə bu məmləkətdə normal yaşamaq imkanının tanındığını bildirməklə Qarabağ ermənilərinə şans vermiş oldu.

Dövlətimizin başçısı Qarabağ məsələsilə bağlı sualları cavablandıraraq bəzi narahatlıqlara son qoydu. Prezidentimizin qətiyyətli mövqeyi ermənipərəst qüvvələrin, erməni diasporunun, lobbisinin, xalqını qana və düşmənçiliyə sürükləyən kilsənin xəbis xəyallarının üstündən xətt çəkdi, başqa fikrə düşmək istəyənlərə isə bildirildi ki, dəmir yumruq yerindədir.

Qalib Azərbaycan bölgədə sülhün, sabitliyin, tolerantlığın, demokratiyanın dayağıdır. Dövlət siyasəti elə qurulub ki, Azərbaycan öz təhlükəsizliyinin təmin olunması üçün qətiyyətli və ciddi addımlar atır, hərbi potensialını gücləndirir, ən yeni hərbi silahlarla ordu bölmələrini təmin edir, quruda, havada, dənizdə öz sərhədlərini yüksək səviyyədə qoruyur. Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın qəhrəman oğullarının fədakarlığı sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad ediləndən sonra Qarabağda və Şərqi Zəngəzurda çox böyük infrastruktur layihələr icra olunur, şəhərlər və kəndlər yenidən salınır, yollar çəkilir, dayanıqlı məskunlaşma üçün nəhəng işlər həyata keçirilir. Keçmiş məcburi köçkünlər, erməni işğalı nəticəsində əziyyət və yurd həsrəti çəkmiş insanlar öz dədə-baba yurdlarına qayıdırlar. Azərbaycan dünyada yeganə ölkədir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinə başlayıb. Prezident İlham Əliyevin imzaladığı yeni iqtisadi rayonların yaradılması haqqında Sərəncam Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza yaradıb. İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində bölgədə genişmiqyaslı tədbirlər həyata keçirilir və gələcək illərdə adıçəkilən bölgələrin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən istifadə ediləcək. Halbuki, otuz illik işğal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun yeraltı və yerüstü sərvətlərinə qənim kəsilib, cinayət yolu ilə qızıl, mis yataqlarını istismar edərək satıb, başqa sərvətlərimizi isə vəhşi kimi talayaraq dağıdıblar. Erməni cinayətkarlar öz cəzalarına çatacaqlar, buna heç kəsin şübhəsi olmasın.

Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən işlərin nəticəsi həqiqətən qürur doğurur. Vətən müharibəsindən on ay sonra Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına endi. Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də Füzuli hava limanına enərək Qarabağa ilk dəfə hava yolu vasitəsilə yük çatdırıb. Ardınca isə Zəngilan hava limanı istifadəyə verilib, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun səma qapısı uzun illərdən sonra açılıb. Bərdə-Ağdam dəmiryol xətti artıq başa çatdırılıb. Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın nəticəsidir. Mütəxəssislərin fikrincə, Kəlbəcər və Laçın rayonlarında 10 min meqavata yaxın külək və günəş enerjisi potensialı var. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki, azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək. İlk belə nümunə Zəngilan rayonunun Ağalı kəndində yaradılıb, əhali günəş enerjisindən istifadə edir, "ağıllı kənd" yeni dövrün başlanğıcı hesab olunur.

Tarixi qələbə, inkişaf, tərəqqi, gələcək hədəflərə inamlı addımlar Azərbaycanın qüdrətinin, gücünün, uğurlu siyasətinin ən yaxşı göstəricisidir. Təbii ki, qalib ölkənin ictimai-siyasi həyatı yeni, həm də çox vacib bir mərhələyə qədəm qoyub. 30 ildir doğma yurdlarına həsrət qalan vətəndaşlarımız Böyük Qayıdış Proqramı çərçivəsində Ağalıya, Talışa, Suqovuşana, Laçına, Zabuxa qayıdırlar. Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edir və bu proqram erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. Dövlətimizin başçısı İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasəti və işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri dünyanın diqqət mərkəzindədir və həmin ərazilərdə gələcəklə bağlı fikirlər maraqla qarşılanır. Mədəniyyət paytaxtımız Şuşada və digər ərazilərdə aparılan yenidənqurma işləri olduqca sürətlə gedir. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan işğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərini öz gücü, vəsaiti ilə aparır. Dövlət Statistika Komitəsinin hazırladığı yarımillik hesabatda bildirilir ki, 2023-cü ilin birinci yarısında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 788 milyon 932,9 min manat investisiya yatırılıb. Bu isə ötən ilin yanvar-iyun aylarının göstəricisindən 66,2 faiz çoxdur. İşğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinin icrasına yönəldilən vəsaitlərin həcminə görə ilk üç rayon: Laçın, Kəlbəcər, Füzuli ön sıradadır.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində Laçın nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Hazırda şəhərdə 4 minə yaxın işçi qüvvəsi gecə-gündüz növbəli şəkildə çalışır. 30 illik işğaldan sonra Laçının görünüşü dəyişir, yeni və müasir bir görkəmə qovuşur. 2024-cü ilin oktyabr ayında isə Laçın şəhərinin 100 yaşı tamam olur. Təbii ki, Laçın şəhərinə köçürülən ailələr şəhərin yüz illiyini öz yeni evlərində qarşılayacaqlar.

Hesabatda bildirilir ki, Kəlbəcər rayonu üzrə vəsait qoyuluşu 345 milyon 239,7 min manat (artım 4,1 dəfə) təşkil edib. Zəngilan rayonunun inkişafına ayrılan investisiyaların həcmi isə ötən ilin birinci yarımilliyi ilə müqayisədə 18,8 faiz azalıb. Belə ki, bu ilin 6 ayı ərzində Zəngilan rayonuna 155 milyon 988,4 min manat məbləğində investisiya qoyulub. 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 4 milyard 18 milyon 769,9 min manat (cari məzənnə ilə təxminən 2,4 milyard dollar) investisiya yatırılıb ki, bu da 2021-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur. Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış başlayıb, keçmiş məcburi köçkünlər bu tarixi hadisəni illər uzunu gözləyib, ümidlərini heç zaman itirməyib, öz liderlərinə, Qalib Ali Baş Komandana ürəkdən inanıblar. Ən əsası isə Prezident - Xalq birliyi sarsılmaz xarakter alıb. Bütün keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdacaqlar, taleyin və həyatın axarı onları işıqlı gələcəyə aparacaq, nəsillər dəyişəcək, dəyişməyən isə yalnız Azərbaycanın müstəqilliyi və dönməz mövqeyi olacaq.

Salman ALIOĞLU,

"Respublika".