Qarabağ və Şərqi Zəngəzurda müasir bərpa-quruculuq modeli
Siyasət

Qarabağ və Şərqi Zəngəzurda müasir bərpa-quruculuq modeli

Hazırda işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi ölkəmizdə qarşıya qoyulan əsas vəzifədir. Şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Bununla bağlı ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər təşkil olunur. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə oktyabrın 5-də Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumunda şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar və şəhər ərazilərində böhranların aradan qaldırılması məsələləri müzakirə olunub. Azərbaycanın ilk beynəlxalq şəhərsalma tədbirinə evsahibliyi etdiyi forum ölkəmizin bu ərazilərdə gördüyü işlərin, texniki təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Ağdama səfər edənlər 30 ilə yaxın bir müddətdə erməni vəhşilərinin əzəli torpaqlarımızda törətdikləri vandalizm əməllərinin və talançılığının nəticələrinin də əyani şahidi oldular.

 Ölkə başçısının siyasi iradəsi ilə işğaldan azad olunmuş ərazilərimiz "ağıllı şəhər" konsepsiyası əsasında inkişaf etdiriləcək. Şəhər və kəndlərin bərpası, oradan erməni vandalizminin izlərinin silinməsi məqsədilə böyük şəhərsalma layihələrinin icrası nəzərdə tutulur. "Dayanıqlı şəhər", "ağıllı şəhər" prinsiplərinə əsaslanan layihələrdə şəhərin bütün sahələrdə inkişafı - yaşayış məntəqələrinin salınması, kommunikasiya, magistral və dəmir yolları, meliorasiya xətlərinin çəkilməsi, kənd təsərrüfatının inkişafı, yaşıllıqların bərpa olunması, sənaye, turizmin, təhsilin inkişafı məqsədilə orta məktəb, orta-ixtisas təhsili müəssisələrinin, Qarabağ Universitetinin yaradılması, istehsal, sosial xidmətlər, iri sənaye və qida sənayesi müəssisələrinin işi təmin ediləcək. Bir sözlə, Ağdam şəhəri dövlətimizin əzmi və iradəsi ilə öz tarixi inkişafını bərpa edərək Qafqazın ən inkişaf etmiş şəhəri statusunu özünə qaytaracaq.

 Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılışı ilə Böyük Qayıdış prosesi başlayıb. Bu tədbir eyni zamanda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin davamı kimi mühüm, mənəvi və siyasi dəyərə malik tarixi hadisəyə çevrildi. İlk pilot layihə məhz Zəngilanda icra edilib və burada 200 evdən ibarət gözəl bir "ağıllı kənd" salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərir. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq. Yaradılan müasir infrastruktur, şərait bura qayıdan doğma sakinlərin rahatlığını təmin edəcək. Belə maliyyə tutumlu layihələr məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına reallaşdırılır. Azərbaycanın güclü iqtisadiyyata malik olması buna imkan verir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir. "Ağıllı kənd" konsepsiyasını yüksək səviyyədə reallaşdıran ölkəmizin təcrübəsinə beynəlxalq müstəvidə maraq böyükdür, həm də təqdir olunur.

 Qeyd edək ki, qısa müddət ərzində ölkəmizdə işğaldan azad olunmuş ərazilərin ümumi planının hazırlanması təmin edilib, Ağdam və bir çox digər şəhər və kəndlərin baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi davam etdirilir. Baş planların hazırlanması zamanı müasir "ağıllı şəhər" yanaşmaları, "yaşıl enerji" və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması kimi məsələlər prioritet götürülüb. Forumda çıxışında: "Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələrin icra olunduğunu vurğulayıb. Bu forum genişmiqyaslı şəhərsalma və yenidənqurma işlərinə təkan verəcək, ölkəmizin həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə dəstəklənməsinə səbəb olacaq. Erməni işğalı nəticəsində demək olar ki, tamamilə dağıdılmış, Qafqazın Xerosiması adlandırılan Ağdam şəhərinin real mənzərəsi xarici nümayəndələri də dəhşətə gətirir. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif də Ağdamı yenidən bərpa etmək üçün sadiqliyə və ayrılmış ehtiyatlara heyranlığını gizlətmədi. Bu gün İngiltərə, İsveçrə, Avstriya, Türkiyə və İtaliya şirkətləri işğaldan azad edilən ərazilərimizin yenidənqurma və bərpa işlərinə fəal qoşulublar.

 Bu baxımdan, Beynəlxalq Şəhərsalma Forumunun qədim yurdumuz Ağdam şəhərində baş tutmasının rəmzi məna kəsb etdiyini deyə bilərik. Bu miqyasda beynəlxalq bir tədbirin ölkəmizdə keçirilməsi və onun əsas mövzusunun düşməndən təmizlənmiş ərazilərdə dayanıqlı inkişafın təmin edilməsinə həsr olunması təsadüfi deyildi. Çünki uzun illər idi ki, Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsi mənfur düşmənin tapdağı altında idi və həmin ərazilər işğaldan azad edildikdən sonra orada aparılan böyük bərpa-quruculuq işləri hazırda daha da geniş miqyas alıb: "… biz artıq burada - Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində biz demək olar ki, min yerlik məktəb tikirik. Bu məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq". Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

 Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulacağını vurğulayan ölkə başçısı deyib ki, buna heç bir şübhəmiz yoxdur. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır.

Mustafa KAMAL,

"Respublika".