Qarabağdakı separatçılar onlara verilən mesajlardan nəticə çıxarmalıdırlar
Digər xəbərlər

Qarabağdakı separatçılar onlara verilən mesajlardan nəticə çıxarmalıdırlar

Xarici dövlətlər, o cümlədən beynəlxalq ictimaiyyət Azərbaycanın həm region, həm də dünya üçün əhəmiyyətini görür və regionda yaratdığı yeni reallıqlar fonunda bir daha ölkəmizin nəyə qadir olduğunu yaxşı bilirlər. Təbii ki, Vətən müharibəsi və ondan sonra baş verən hadisələr Azərbaycanın haqq-ədalət tərəfdarı olduğunu, bütün səylərinin işğalçıları torpaqlarından çıxarmaq, 30 il öz evində yaşamaq hüquqları pozulmuş sakinləri yurdlarına qaytarmaq, separatizmi zərərsizləşdirmək, sülh və təhlükəsizliyi təmin etmək, regionun hərtərəfli inkişafına yol açmaqdan ibarət olduğunu göstərdi. Təcavüzkar siyasətini müxtəlif yollarla pərdələməyə çalışan Ermənistanın həqiqətdən uzaq təbliğatına artıq inanan yoxdur. Dövlətimizin başçısı cənab İlham Əliyev dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrlə bu yalanları ifşa etdi və real vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırdı. Dünyanın tanınmış politoloqları, siyasi ekspertlər, məşhur siyasətçilər bölgədəki real vəziyyətdən danışarkən yalnız Azərbaycan Prezidentinin fikirlərinə əsaslanırlar.

Prezident İlham Əliyevin Şuşa şəhərində nüfuzlu "Euronews" televiziyasına müsahibəsi əvvəlki müsahibələr kimi, dünyanın diqqət mərkəzindədir. Təbii ki, müsahibənin Şuşada təşkil olunması imkan verir ki, xarici jurnalistlər real vəziyyəti öz gözləri ilə görsünlər. İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə daxil olub Şuşaya çatana qədər işğalçı Ermənistanın vandal hərəkətlərinin izlərini görmək mümkündür. Həmçinin Şuşanı görən hər kəsə məlum olur ki, bu şəhər kimə məxsusdur. Şuşa daşından, qayasından tutmuş, mədəni abidələrinə qədər Azərbaycandır. Müsahibədə Prezident İlham Əliyev bölgədəki vəziyyəti ətraflı şərh edərək Vətən müharibəsi, onun nəticələri və mövcud vəziyyət barədə məlumat verdi. Bir daha aydın oldu ki, Azərbaycan sülh və sabitlik tərəfdarıdır. Bütün səylərini bu istiqamətdə qurub. Azərbaycan sülh təklifini müharibə başa çatandan dərhal sonra irəli sürüb və bütün platformalarda aparılan danışıqları dəstəkləyib, çünki əsas məsələ sülhə nail olmaqdır. Təbii ki, prosesin bu qədər uzanmasının günahkarı da məhz Ermənistandır. Eləcə də hamıya məlumdur ki, bu sülh bütün region dövlətləri arasında əməkdaşlığa gətirib çıxaracaq, ölkələrin iqtisadi inkişafına səbəb olacaq.

Həmçinin Prezident İlham Əliyev Laçın yolundakı vəziyyəti, Ermənistanın siyasi oyunlarını qeyd edərək real mənzərəni diqqətə çatdırdı. Laçın yolu humanitar məqsədlər üçün hər zaman açıq olub, insanların rahat hərəkəti təmin edilib. Amma Ermənistan tərəfi bu yolla qanunsuz daşımalar həyata keçirib, təxribatlar törədib, hətta atəş açaraq sərhədçimizi yaralayıb. Son vaxtlar onlara təklif olunan daha təhlükəsiz yoldan imtina edərək Laçın yolu ilə bağlı siyasi şoular düzəldib və elə sanıb ki, bu oyunlarla guya Azərbaycana təsir edə biləcək. Təbii ki, bu mümkün deyil.

Prezidentimizin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı səsləndirdiyi fikir də diqqət çəkdi. Bu qurum da fəaliyyətini düzgün istiqamətdə qurmalıdır. Çünki Xankəndi Azərbaycan şəhəridir. Bu zaman sual çıxır ortaya: komitənin Xankəndidəki ofisi hansı əsasla İrəvandakı mərkəzə tabe olur? Bu, birbaşa beynəlxalq prinsiplərin pozulmasıdır. Odur ki, komitə bunu mütləq nəzərə almalıdır.

Yaxşı olar ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm ictimaiyyəti, həm də Qarabağda yaşayan erməni sakinlər Prezidentimizin verdiyi mesajları diqqətlə araşdırsınlar. Xüsusən də Qarabağda yaşayan ermənilər. Onlar separatçıların boş və uydurma təbliğatına inanmamalıdırlar, çünki həmin qüvvələr cinayətkardır və cəzalarını mütləq alacaqlar. Onların firavan gələcəyi Azərbaycanın idarəçiliyini qəbul etməkdən keçir. Gözlərini açıb ölkəmizdə yaşayan digər xalqların vəziyyətinə baxsınlar. Görsünlər ki, onlar necə də xoşbəxt yaşayırlar, bütün hüquqları ən ali səviyyədə təmin edilir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı.