“Qaraheybət” faciəsini unutmuruq
Tarix

“Qaraheybət” faciəsini unutmuruq

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. Bu, son 30 ildə Azərbaycan tarixində ən böyük helikopter qəzası idi. Hadisədən sonra faktla bağlı cinayət işi başlanıldı. Müəyyən olundu ki, helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra ekipaj heyəti tərəfindən marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib. Lakin küləyin istiqaməti helikopterin uçuş parametrlərinə təsir edib. Pilotlar helikopteri qəza vəziyyətindən çıxarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Nəticədə "Qaraheybət" faciəsində 14 nəfər şəhid olub, 2 nəfər isə ağır yaralanıb.

Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi Sərhədçi İdman Olimpiya Mərkəzində keçirildi. Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Vurğulandı ki, şəhidlərimiz Vətən müharibəsində də vəzifələrinin öhdəsindən layiqincə gələrək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini veriblər. Azərbaycan xalqı bu acını şəhid ailələri ilə bölüşdü və millət izdihamla öz övladlarını son mənzilə yola saldı.

Şəhid olanların hər biri öz sahəsində peşəkar idilər. Onların arasında həm Birinci Qarabağ müharibəsinin, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş zabitlər vardır: Polkovnik Elçin Nəbiyev Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin qəhrəmanlarından biri olan polkovnik vaxtilə Hərbi Hava Qüvvələrinin və HHM qoşunlarının qərargah rəisi əvəzedicisi olub. Helikopterin pilotu polkovnik Fizuli Cavadov da Vətən müharibəsində iştirak edib. Peşəkar və yüksək hazırlıqlı pilot 3-cü dərəcəli "Vətənə Xidmətə görə" medalı ilə təltif edilib. Polkovnik rütbəsinə isə 44 günlük müharibədən sonra layiq görülüb. Leytenant Süleymanov Abdulla da Vətən müharibəsi iştirakçısı idi. 22 yaşlı Abdullanın ailəsi Cəbrayıldan məcburi köçkün düşmüşdü. Ceyhun Əhmədxanov isə tibb xidməti kapitanı idi.

Hadisənin iştirakçısı polkovnik-leytenant Emil Cəfərov bildirdi: "Qəzanın baş verdiyi gün - noyabrın 30-da məqsədimiz planlaşdırılmış praktiki məşq uçuşlarını yerinə yetirmək idi. Bunun üçün birinci mərhələdə Səngəçal aerodromundan qalxıb "Qaraheybət" aviasiya poliqonuna enişi yerinə yetirməli idik. Yerüstü heyət, yəni uçuşların idarəedilməsi qrupu, rabitə növbətçiləri, həkimlər enişdən sonra öz yerlərini tutmalı və ardınca atışlar başlamalı idi. Helikopter "Qaraheybət" aviasiya poliqonuna çatıb eniş etdiyi anda qəfildən yerə çırpıldı. Mən sərnişin kabinəsində olduğum üçün nə baş verdiyini tam anlamadım. Helikopterin yerə çırpılmasının təsirindən bayıra düşdüm. Buna görə sağ qaldım".

Hadisədən sonra mənfi ictimai rəy formalaşdırılmağa çalışılsa da, hərbçimizin ifadələri məsələyə tam aydınlıq gətirdi: "Bu hadisə ilə bağlı bütün məlumatlar olduğu kimi rəsmi qaydada ictimaiyyətə çatdırılıb. Qəza helikopterin poliqonda eniş etdiyi anda baş verib. Yəni heç bir kənar müdaxilə olmayıb".

Hadisə nəticəsində yaralanan digər hərbi qulluqçu, kapitan Ramin Ədilov da helikopterin "Qaraheybət" aviasiya poliqonunda eniş etdiyi zaman qəzaya uğradığını bildirərək deyib: "Qəza anidən baş verdi. Səngəçalda aerodromdan havaya qalxıb Xızı rayonu ərazisindəki "Qaraheybət" aviasiya poliqonu istiqamətində uçuş yerinə yetirdik. Poliqona çatıb, enişi yerinə yetirdiyimiz anda helikopter qəfildən sürətlə düşməyə başladı və yerə çırpıldı. Ondan sonra heç nə yadımda deyil. Qəza nəticəsində üzümdən və sol dizimdən xəsarətlər almışam".

"Qaraheybət"də baş verənlər hərbçilərimizin arzularını yarımçıq qoydu. Vəzifə başında dünyalarını dəyişən hərbçilərimizə Allahdan rəhmət diləyirik.

Nurlan ABDALOV,

"Respublika".