Qazaxın kəndləri də inkişaf edir
Region

Qazaxın kəndləri də inkişaf edir

Qazax rayonunda son illərdə görülən işlər sakinlərin ürəyincədir. Dövlət başçısı İlham Əliyevin tövsiyə və tapşırıqları rayonda uğurla icra olunur. Rayon mərkəzi ilə yanaşı, kəndlərdə də əhalinin sosial həyatının yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılır. Bu günlərdə rayonun inkişaf etmiş kəndlərindən birinə - Yuxarı Salahlıya yollandıq.


Əvvəlcə bu kənddə dünyaya göz açmış Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun poeziya evinə üz tutduq. Dahi şairin abidəsini ziyarət etdik. Sonra XVIII əsrin klassik şairi Molla Pənah Vaqifin abidəsinə baş çəkdik. Kənd haqqında bizə Yuxarı Salahlı bələdiyyəsinin sədri Şahismayıl Məmmədov geniş məlumat verdi. Bələdiyyə sədri qeyd etdi ki, ulu öndər Heydər Əliyevin yazıçı və şairlərə, sənət adamlarına böyük hörməti olmuşdur. Məhz ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1976-cı ildə Xalq şairi Səməd Vurğunun 70 illik yubileyi münasibətilə Səməd Vurğun poeziya evi tikilib-istifadəyə verilmişdir. Muzeyin ətrafında 2,5 hektar ərazidə müxtəlif növ ağaclar əkilmiş və xüsusi aqrotexniki qulluq göstərilir. Həyətdə 2 ədəd fəvvarə hazırda işlək vəziyyətdədir. 2017-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi poeziya evinin qarşısındakı 200 kvadratmetr ərazinin tamet daşı ilə üzlənməsini, 2020-ci ildə isə binada cari təmir işlərinin aparılmasını həyata keçirmişdir. Bina mərkəzləşmiş istilik sistemi ilə təmin olunmuşdur. Səməd Vurğun poeziya evi yerli və xarici turistlərin ziyarət məkanına çevrilmişdir.

Yuxarı Salahlı kəndi Kür çayının sağ sahilində, səfalı bir məkanda yerləşir. Ümumi ərazisi 3630 hektardır. Bundan 1362 hektar əkinəyararlı, o cümlədən 898 hektarda əkin-biçin aparılır, qalanı isə ümumi istifadədə olan otlaq və örüş sahələridir. Kənddə 1020 təsərrüfatda 4060 nəfər sakin yaşayır. Əhalinin məşğuliyyəti əsasən aqrar sahədir. Yuxarı Salahlıda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bütün lazımi şərait mövcuddur. Ən başlıcası, əkin sahələrinin suvarma suyu ilə təminatında heç bir problem yoxdur. Kənd fasiləsiz olaraq suvarma suyu ilə təmin olunmuşdur. Belə olan halda bol məhsulun əldə olunması asandır. Suvarma suyu ilə təminat əsasən Kür çayı üzərində qurulmuş 2 ədəd nasos stansiyası vasitəsilə həyata keçirilir. Kənddə əkinçilikdə hər il yüksək məhsuldarlıq əldə olunur. İndi sakinlər bağçılığa daha çox meyil edirlər. Hazırda kənd ərazisində 122 hektardan artıq ərik və fındıq bağları mövcuddur. Yeni bağların salınması işləri davam etdirilir. Fermerlər gələcəkdə kənddə kiçik bir emal müəssisənin yaradılmasını arzulayırlar. Cari təsərrüfat ilində 588 hektar taxıl əkilmiş, o cümlədən 203 hektar buğda, 385 hektar arpa becərilmişdir. Hazırda arpa biçininə start verilmişdir. Hər hektardan 32-35 sentner məhsul əldə olunur. Kənddə əhaliyə məxsus 1759 baş iribuynuzlu, o cümlədən 800 baş camış, 7396 baş xırdabuynuzlu heyvan mövcuddur.

Yuxarı Salahlı kəndində ölkəmizin kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan baramaçılığa xüsusi diqqət yetirilir. Cari ildə kümçülərə 7 qutu ipəkqurdu toxumu paylanmışdır. Baramaqurdlarının bəslənməsinə ciddi nəzarət olunur. Yaxın günlərdə yaş baramanın təhvilinə start veriləcəkdir. Hədəf 350 kiloqramdan artıq 1-ci növ məhsul əldə etməkdir. Bu sahədə yem bazası ilə bağlı problem yaşanmır. Bunun üçün əvvəlki illərdə kənddə mövcud olan köhnə tut ağaclarından istifadə olunur, eyni zamanda Çin Xalq Respublikasından gətirilmiş 9500 ədəd tut tinginə yüksək aqrotexniki qulluq göstərilir.

Kənddə içməli suya olan tələbat ödənmişdir. Hər 4 evə 1 su çeşməsi çəkilmişdir. Kənd bələdiyyəsi son 1 ildə 6 kilometrdən artıq kəndarası yollarda hamarlama və xırlama işləri aparmış, beləliklə, sakinlərin gediş-gəlişi asanlaşmışdır. Yeni salınmış yaşayış məhəlləsinə 450 metr uzunluğunda polietilen borularla su xətti çəkilmişdir. Kənd qəbiristanlığı perimetr boyunca 4 kilometr uzunluğunda metal torla mühafizə olunur. Qəbiristanlığa su xətti çəkilmiş və 5 tonluq su çəni quraşdırılıbdır. Kənddə iməcilik işləri mütəmadi olaraq təşkil olunur, qəbiristanlıq ərazisində səliqə-sahman işləri aparılır. Eyni zamanda su kanalları kol-kosdan təmizlənir ki, su itkisinə yol verilməsin. Bələdiyyə sədri bir məqamı xüsusilə vurğuladı ki, 2011-ci ilə qədər hər il yaz aylarında Kür çayı öz məcrasından çıxaraq Yuxarı Salahlı kəndinin ərazisinin çayın sağ sahilində yerləşən hissəsindəki 90 hektara yaxın torpaq və otlaq sahəsini su altında qoyaraq yararsız hala salırdı. 2011-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sahil-bənd-bərkitmə işləri aparıldı, nəticədə təhlükədən sovuşan 90 hektara yaxın torpaq sahəsindən sakinlər rahat şəkildə istifadə edə bildilər, kənd sakinlərinə verilən pay torpaqlarının yuyulmasının qarşısı alındı.

Yuxarı Salahlı kəndində 440 şagird yerlik tam orta məktəb fəaliyyət göstərir. Təhsil ocağı 2016-cı ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəb İKT sistemi ilə təchiz olunmuş, təhlükəsizlik kameraları quraşdırılmışdır. Yuxarı Salahlıda müasir tələblərə cavab verən tibb məntəqəsi 2018-ci ildə Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi, Yapon xalqının qrant yardımı olaraq tikilib-istifadəyə verilmişdir. Kənddə poçt şöbəsi və müasir ATS fəaliyyət göstərir. Qazax rayon “Aqroservis” MMC Yuxarı Salahlı kəndində yerləşir.

Göründüyü kimi, Yuxarı Salahlı kəndi inkişaf etmiş müasir bir kənddir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hər kəsə yüksək qayğı göstərildiyi halda, körpələrə qayğı yaddan çıxmışdır. Kənd sakinləri Asya Orucova, Nuranə Eyyubova və başqaları bildirdilər ki, kəndimizdə yaradılan şərait sakinlərin ürəyincədir, ancaq körpələr evi-uşaq bağçasının olmaması biz xanımların və körpələrin ən böyük problemdir. Ümid edirik ki, yaxın zamanlarda bu problemin aradan qaldırılması ilə körpə fidanlarımıza böyük sevinc bəxş olunacaqdır.

Vəli VƏLİYEV,

“Respublika”.