QAZAXLI İDMANÇILARIN UĞURLARI
İdman

QAZAXLI İDMANÇILARIN UĞURLARI

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmanın inkişafına qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın müxtəlif regionlarında müasir standartlara tam cavab verən olimpiya idman kompleksləri inşa olunaraq gənclərin istifadəsinə verilmişdir. Qazax rayonu da ölkədə gedən bu prosesdən yetərincə yararlanır.

2007-ci ildə Qazax Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Kompleksdə üzgüçülük hovuzu da daxil olmaqla hər cür şərait yaradılmışdır. Məhz bunun nəticəsidir ki, son illərdə qazaxlı idmançılar inanılmaz nailiyyətlərə imza atırlar. Qazax mahalında sözün əsl mənasında hər zaman idmana böyük maraq olmuşdur.

Tarixən bu məkanda məşhur pəhləvanlar və beynəlxalq yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edən idmançılar yetişmişdir. Olimpiya İdman Kompleksinin Qazaxda tikilib istifadəyə verilməsi idmançılara əlavə stimul verir.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev bizimlə söhbət zamanı bildirdi ki, qazaxlı idmançılar heç zaman liderlik estafetini əldən vermək istəmir. 1-10 iyul 2023-cü ildə Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən idmançılarımız 15 medalla qayıtmışlar.

Qürurverici haldır ki, qazaxlı ağırlıqqaldıranlar 5-i qızıl olmaqla, ümumilikdə 9 medal qazanaraq müstəqil Azərbaycanımızın üçrəngli bayrağını yüksəklərə ucaltmışlar. Bundan başqa, cari il dekabr ayının 16-17-də Bakı şəhərində keçirilən ağırlıqqaldırma üzrə respublika kubokunda Qazax rayonunun idmançıları 2-si qızıl, 6-sı gümüş, 2-si bürünc olmaqla 10 medal qazanaraq komandalar arasında birinci yeri tutmuşlar. Qazaxlı idmançıların nailiyyətləri deyilənlərlə bitmir. 6-13 dekabr il tarixlərində Bakı şəhərində keçirilən "Təhsil" Respublika İdman Mərkəzinin şahmat idman növü üzrə respublika birinciliyində qazaxlı şahmatçı Firəngiz Hüseynova 14 yaşlı qızlar arasında 3-cü yeri tutmuşdur.

Tarixən rayon idmançıları hər zaman güləş üzrə yarışlarda ön sıralarda qərar tutmuşdur. Çünki burada məşhur tanınmış məşqçilər olmuş və bu gün də yorulmadan yeniyetmə və gənclərə güləşin sirlərini öyrədirlər.

Bunlarla yanaşı, Albaniyanın paytaxtı Tiranada 24-26 oktyabr 2023-cü il tarixlərində keçirilən gənclər arasında Dünya çempionatında qazaxlı güləşçi Əşrəf Aşırov 23 yaşadək (79 kq) çəki dərəcəsində gümüş medal qazanaraq dünya 2-cisi olmuşdur.

Qeyd etmək lazımdır ki, nailiyyət qazanan gənclər Uşaq Gənclər İdman Məktəbinin yetirmələridir. Qazaxda idmanın inkişafına yaradılan şərait öz bəhrəsini verir. Heç şübhəsiz, növbəti yarışlarda idmançılar da yenə öz sözünü deyəcəkdir.

Vəli VƏLİYEV,

"Respublika".