Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclası Basqalda keçirilib
İdman

Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclası Basqalda keçirilib

Noyabrın 9-da İsmayıllı rayonunun Basqal kəndində Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin yeddinci iclası keçirilib.

"Respublika" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb.

Çıxış edən digər ölkələrin nazirləri Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər. Ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan edən nazirlər bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsinə uyğun olaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar. Görüşdə bir sıra vacib qərarlar qəbul edilib.

Nazirlərin görüşündən bir gün əvvəl isə Türk Dövlətləri Təşkilatının Gənclər və İdman İşçi Qrupunun VII iclası keçirilib. İclasın əsas məqsədi gənclər və idman sahəsində yeni təşəbbüslərin növbəti mərhələlərini müzakirə etmək olub.

Qeyd edək ki, iclas iştirakçıları Şamaxı şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin final görüşlərini də izləyib, qaliblərin mükafatlandırma mərasimində iştirak ediblər.