Qərbi Azərbaycan İcmasında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir
Sosial həyat

Qərbi Azərbaycan İcmasında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir

Noyabrın 7-də Qərbi Azərbaycan İcmasında 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Ordumuzun, xalqımızın vəhdəti ilə şanlı Zəfər tariximizin yazıldığı 44 günlük Vətən müharibəsindən danışıb. İcma sədri bu birliyin son iki yüz ilin ən parlaq qələbəsinin əsasını təşkil etdiyini vurğulayıb. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqı qalib xalq olmağın qürurunu yaşadı, Dövlət başçısının güclü siyasi iradəsi, əzmi ilə bir araya gələn dəmir yumruq vəhdəti bölgədəki separatçılığa, hərc-mərcliyə son qoydu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, regionda sülh üçün geniş imkanlar açıldı. Bu qələbə Qərbi azərbaycanlıları da öz ata-baba yurdlarına geri dönmək uğrunda ümidləndirdi, ruh verdi. Dəfələrlə öz doğma torpaqlarından deportasiya edilən soydaşlarımız indi öz tarixi vətənlərinə qayıdıb orada yaşayacaqlarına böyük inam bəsləyirlər.

"8 Noyabr - Zəfərə gedən yol" mövzusunda çıxış edən QAİ-nin Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov regionun inkişafı üçün başlıca əngəl olan 30 illik işğal siyasətinə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizlə son qoyulduğunu bildirib. Qələbəmizlə yeni bir dövrün başlanğıcının qoyulduğunu diqqətə çatdıran R.Həsən Azərbaycanın Cənubi Qafqazın ən güclü dövləti olaraq regionda əsas söz sahibi olduğunu qeyd edib.

"Vətən müharibəsinin həkim qəhrəmanları" mövzusunda çıxış edən QAİ-nın Müşahidə Şurasının üzvü, Basarkeçər Rayon İcmasının sədri, akademik, tibb elmləri doktoru, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı Nuru Bayramov Zəfər salnaməmizin yazıldığı günlərdə bu şərəfli peşəni daşıyanların ordumuzla çiyin-çiyinə dayandığını, bir an belə düşünmədən ən qaynar nöqtələrdə olan əsgərlərimizə yardım göstərə bilmək üçün bütün güclərini ortaya qoyduqlarını vurğulayıb.

"Ali Baş Komandanının milli birlik və vətənpərvərlik siyasətinin milli ruhlu vətənpərvər gənclərin yetişməsində və qələbə qazanılmasında rolu" mövzusunda danışan QAİ-nin Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib ki, Vətən müharibəsi Ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu da aydın şəkildə sərgiləmiş oldu. Deputat Vətən yolunda canından keçən şəhidlərimizi ehtiramla anıb, qazilərimizə cansağlığı diləyib və bildirib ki, 44 günlük müharibə zamanı Azərbaycan gəncləri çağırış məntəqələri qarşısına gələrək döyüşlərə qatılmaq üçün sıraya girirdilər. Bu gənclərin vətən sevgisi, milli ruhu qələbəmizi şərtləndirən başlıca amillərdəndir.

QAİ-nin İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən 44 günlük Vətən müharibəsinin və sentyabrın 19-20-də antiterror tədbirlərinin regionda yaratdığı geosiyasi reallıqlardan bəhs edərək bu gün Azərbaycanın hər nöqtəsində üçrəngli bayrağımızın dalğalandığını, regionda münaqişə ocağının qalmadığını xüsusi vurğulayıb. Bildirilib ki, bölgədə dayanıqlı sülhün olması üçün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz ata-baba yurdlarına geri qayıtması mütləq əhəmiyyət kəsb edir. Qayıdış Konsepsiyasında da qeyd olunduğu kimi, bu sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə baş verməli, soydaşlarımızın pozulan hüquqları bərpa olunmalıdır.

QAİ-nin İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov "Milli suverenliyin simvolu kimi 9 Noyabr - Dövlət Bayrağı Gününün təsis olunmasının Azərbaycan dövlət rəmzlərinə hörmət və ehtiramın təmin edilməsində tarixi rolu" mövzusunda məruzə edib. Natiq xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu Qələbənin Azərbaycan tarixində misilsiz önəm daşıdığını, dövlətçiliyimizin ən parlaq səhifələrindən olduğunu qeyd edib.

“Respublika”.