Qərbi Azərbaycana qayıdış könüllü olacaq
Siyasət

Qərbi Azərbaycana qayıdış könüllü olacaq

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların doğma yurd yerlərinə təhlükəsiz və sülh yolu ilə geriyə qaytarılmasının təmin edilməsi məqsədilə Qayıdış Konsepsiyası hazırlanıb. Yanvar ayının 26-da keçirilən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında Qayıdış Konsepsiyasının layihəsi müzakirə edilib və sənəd layihəsi səsə qoyularaq təsdiqlənib.

Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsən mətbuata açıqlamasında bildirmişdir ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimindəki tarixi nitqindən sonra Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı mütəxəssislərə və Azərbaycan ictimaiyyətinə müraciət edilmiş və verilən təkliflər dəyərləndirilərək ortaq müzakirələr əsasında Qayıdış Konsepsiyası hazırlanmışdır. Təhlükəsiz formada Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlı bütün prosedurları hüquqi cəhətdən özündə ehtiva edən bu konsepsiya yeddi istiqamətli hədəflərdən ibarətdir. Konsepsiyanın hazırlanmasında əsas məqsədlərdən biri beynəlxalq təhlükəsizliyin təmin edilməsidir. Qərbi azərbaycanlılar 1905-1906, 1918-1923, 1948-1953 və nəhayət, 1988-1991-ci illərdə öz yurdlarından qovulublar. Konsepsiya bu proseslər nəticəsində yurd-yuvalarından qovulmuş azərbaycanlıların və onların hüquqi varislərinin geri qayıtmasının təmin edilməsi, onların təhlükəsiz şəkildə yaşayışının lazım olan iqtisadi-sosial təminatlarının həyata keçirilməsi, həmçinin Ermənistan hökuməti tərəfindən haqlı tələblərimizin yerinə yetirilməsi ilə bağlı beynəlxalq zəmanətin alınması ilə əlaqədar müddəaları özündə ehtiva edir.

Qayıdış Konsepsiyası Beynəlxalq Qaçqınlar Konvensiyasında yer alan qaçqınların geri qayıdışına dair müddəalar, Mülki və Siyasi Hüququn Təminatı ilə bağlı Beynəlxalq Pakt, BMT-nin qəbul etmiş olduğu İnsan Hüquqları ilə bağlı Beynəlxalq Konvensiya kimi insan hüquqları və azadlıqları, sərbəst və azad yaşayışın təminatı, həmçinin qaçqınların öz evlərinə qayıdışını təmin edən sənədlər əsasında hazırlanıb.

Hüquqi varis olduğu üçün qayıdış həyata keçirildiyi müddətdə, eyni zamanda qayıdış həyata keçirildikdən sonra belə Ermənistan hökuməti, beynəlxalq təşkilatlar, eyni zamanda Ana Vətənimiz - Azərbaycan hökuməti və digər strukturlar qarşısında rəsmi, hüquqi zəmanətimizin təmsilçisi olaraq, Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirəcək. Yəni hər hansısa bir problem olacağı təqdirdə, icma rəsmi və hüquqi təmsilçilik missiyasını yerinə yetirəcək.

Konsepsiyada Beynəlxalq Təhlükəsizlik missiyası öz əksini tapıb. Burada beynəlxalq qüvvələrdən ibarət olan missiyanın Qərbi azərbaycanlıların qayıdacağı ərazilərə öncədən yerləşdirilməsi və reinteqrasiya prosesi başa çatana, xalqların bir-biri ilə normal qonşuluq münasibətində yaşaması prosesi baş tutana qədər missiyanın özfəaliyyətinin davam etdirilməsi nəzərdə tutulur. Ermənistan tərəfi bizim qayıdışımızın təminatını həyata keçirməklə bağlı öz məsuliyyətini dərk etməklə bərabər, həmçinin sərbəst şəkildə ana dilində təhsil, məhkəmə orqanlarında və icra strukturlarında Azərbaycan dilində öz fikirlərini, problemlərini ifadə eləməklə bağlı məsələlər də Ermənistan tərəfindən təmin olunmalıdır.

Bir neçə mərhələdə həyata keçiriləcək Qayıdışın birinci mərhələsində sənədlər paketi Azərbaycan və dünya ictimaiyyətinə təqdim ediləcək. İkinci mərhələdə Ermənistan Respublikası və BMT-nin Qaçqınlar Ali Komissarlığı ilə birlikdə digər mərhələlərin həllinə start veriləcək. Biz məhz BMT-nin Qaçqınlar Ali Komissarlığının sözügedən prosesdə vasitəçi olmasını istəyirik.

Qayıdış könüllü formada həyata keçiriləcək. Həmçinin artıq insanların siyahıya alınmasına da başlanılıb. Yaxın gələcəkdə bununla bağlı elektron sistem də tətbiq ediləcək. Növbəti mərhələdə Qərbi azərbaycanlıların iqtisadi və sosial cəhətdən, eyni zamanda kompakt şəkildə yaşayışlarının təmin edilməsi nəzərdə tutulub. Məlumdur ki, Qərbi Azərbaycanda kəndlərin əksəriyyətində azərbaycanlılar kompakt formada yaşayıblar. Çox az sayda kənd var ki, orada hər iki millətin nümayəndəsi birlikdə yaşayıb. Evlərinin təmiri, yaxud inşası, iş yerlərinin tikilməsi, soydaşlarımızın işlə təmin olunması məsələsi mərhələli formada həyata keçiriləcək.

Azərbaycan qayıdış prosesini sülh yolu ilə əldə etmək istədiyini davamlı olaraq vurğulayır. Arzu edirik ki, yaxın gələcəkdə imzalanması gözlənilən böyük sülh sazişinə Qərbi azərbaycanlıların yurdlarına qayıtmaları ilə bağlı müvafiq müddəa da salınsın.

Mehparə ƏLİYEVA,

"Respublika".