Qərbi Azərbaycana qayıdış siyasəti milli ideya kimi
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış siyasəti milli ideya kimi

Xalqların milli birliyini təmin edən, dövlətləri tərəqqiyə, davamlı inkişafa aparan və beynəlxalq arenada söz sahibinə çevirən milli ideyaların praktikada reallaşdırılması bir qayda olaraq tarixin hansısa taleyüklü mərhələsində liderlik missiyasını üzərinə götürmüş şəxsiyyətlərin əzmkar fəaliyyəti ilə bağlı olur. Belə xarizmatik liderlər mütərəqqi ideyalarının həyatiliyi, taktiki-strateji hədəfləri dəqiq müəyyənləşdirə bilmə məharətləri sayəsində cəmiyyətdə dərin inam, etimad qazanır, dövlətin uzunmüddətli inkişaf strategiyasını müəyyən edirlər.

İrs-varis əmanəti

Ümummilli liderlik zirvəsinə yüksəlmiş belə şəxsiyyətlər dövlətə rəhbərliyi həyata keçirərkən hər bir mərhələ üçün qarşıda duran məqsəd və vəzifələri, strateji kontekstdə milli ideyaları zərgər dəqiqliyi ilə müəyyənləşdirir, ölkənin mövcud resurslarını həmin ideyaların reallaşdırılması naminə səfərbər edir, qarşıya qoyduğu məqsədləri dərin zəkası, dövlətçilik təfəkkürü sayəsində milli ideya səviyyəsinə yüksəldərək gələcək uğurlara möhkəm körpü salırlar.

Bu il anadan olmasının 100-cü ildönümü respublikamızda və digər ölkələrdə ehtiramla qeyd edilən ümummilli lider Heydər Əliyev təkcə milli xilaskar və Azərbaycan dövlətinin qurucusu kimi deyil, eyni zamanda ötən əsrin 90-cı illərində milli hədəfləri düzgün müəyyənləşdirən böyük strateq kimi anılır. Ümumi şəkildə ifadə etsək, həmin dövrdə milli müstəqilliyimizə qarşı yönəlmiş xarici və daxili təhdidlərin zərərsizləşdirilməsi, ictimai-siyasi sabitliyin təmini, vətəndaş qarşıdurmasının qarşısının alınması, ictimai-iqtisadi formasiya tranzitinin zərurətə çevirdiyi sosial-iqtisadi islahatların həyata keçirilməsi, inteqrasiya və modernləşmə istiqamətində atılan addımlar məhz ulu öndər Heydər Əliyevin əzmkar fəaliyyəti ilə sıx şəkildə bağlıdır.

Gənc və müstəqil dövlətin ərazi bütövlüyünün və suverenliyinin təmini istiqamətində qətiyyətli siyasət yürüdən böyük strateq Ermənistanın işğalçılıq siyasəti və misli görünməmiş müharibə cinayətlərinin dünyada ifşası, gerçək həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində kompleks tədbirlər həyata keçirib.

Ümummilli lider Heydər Əliyev 1998-ci il yanvarın 14-də Konstitusiya Komissiyasının iclasında yekun nitqi zamanı keçmiş ittifaq dövründə Azərbaycanın tarixi torpaqlarının bir hissəsinin Ermənistana verilməsini, soydaşlarımızın buradan zorla köçürülmələrini tarixi ədalətsizlik kimi dəyərləndirərək deyirdi: "Ermənistanın Azərbaycana qarşı bu siyasəti XX əsrdə həmişə davam edibdir. Mən bu torpaqlarla əlaqədar məsələni dedim. 50 il bundan əvvəl, 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunublar. O, Azərbaycan torpaqları idi də. Həmin torpaqlardan, hansılar ki, o vaxtlar - 1918, 1919, 1920-ci illərdə mübahisə nəticəsində Ermənistanın əlinə keçdi, ondan sonra - 40-50 il yaşayandan sonra - 1948-ci ildə hesab elədilər ki, azərbaycanlıları oradan tamamilə çıxarmaq lazımdır, sonra heç kim deməsin ki, bunlar Azərbaycan torpağı olubdur".

1988-ci ildə erməni separatçılarının, onların partiya sovet rəhbərliyindəki himayədarlarının və beynəlxalq erməni hərəkatının dəstəyi ilə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiyasının növbəti dalğası baş verdi.

Fürsəti zəfərə çevirən Lider

2003-cü ildən bəri ulu öndər Heydər Əliyevin milli maraqları önə çəkən xarici və daxili siyasətini yeni dövrün tələblərinə adekvat şəkildə davam etdirən Prezident İlham Əliyevin ilk gündən reallaşdırdığı islahatlar kursu mahiyyətcə ərazilərimizin işğaldan azad edilməsi və suverenliyimizin bərpası məsələlərini milli ideya səviyyəli məqsədə çevirdi. Ölkənin mövcud resurslarını bu strateji məqsədin həyata keçirilməsi istiqamətində səfərbər edən dövlət başçısı hələ 2003-cü il ilin prezident seçkiləri ərəfəsində xalq qarşısında verdiyi bütün vədləri mərhələli şəkildə reallaşdıraraq işğal faktının aradan qaldırılması üçün ilk növbədə, ölkənin iqtisadi cəhətdən gücləndirilməsini, müstəqil xarici siyasət yürütməsini, qüdrətli və müasir orduya malik olmasını perspektivdə duran vacib hədəflər kimi müəyyənləşdirmişdi.

Uzun illər ərzində yürütdüyü diplomatiyası, münaqişənin həllində yalnız beynəlxalq hüquq normalarına əsaslanması, İkinci Qarabağ müharibəsi dövründə isə BMT-nin 51-ci maddəsinə istinad etməsi 44 günlük müharibə zamanı bir çox ölkə və beynəlxalq təşkilatın dövlətimizə dəstəyini, yaxud loyal münasibətini təmin etdi. Rəsmi Bakı müharibənin başlanmasına qədər danışıqlar prosesinin məhz rəsmi İrəvanın qeyri-konstruktiv davranışları, işğalçılıq siyasəti üzündən nəticə vermədiyini, prosesin dalana dirəndiyini, Ermənistan silahlı qüvvələrinin davamlı hərbi təxribatlarının əks-həmlə əməliyyatlarını qaçılmaz etdiyini beynəlxalq səviyyədə əsaslandırdı.

Azərbaycan son zərurət tədbiri kimi təxribatların qarşısını almaq, işğala son qoymaq, ərazi bötövlüyünün bərpasına nail olmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq cəmi 44 gün ərzində düşməni diz çökdürdü. Şuşa şəhərinin azad edilməsindən sonra Ermənistan hərbi-siyasi məğlubiyyəti ilə barışaraq 10 noyabr 2020-ci il tarixdə məlum üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Beləliklə, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın destruktiv mövqeyi üzündən həlli müşkülə çevrilmiş münaqişənin qısa müddətdə hərbi-siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və bəşəri ədalətin bərpasını təmin etdi.

Azərbaycanın bu ilin 19-20 sentyabrında lokal antiterror tədbirləri keçirmək və separatçı xunta rejiminin mövcudluğuna güc yolu ilə son qoymaq məcburiyyətində qalması isə Ermənistanın postmüharibə dövründə rəsmi Bakının konstruktiv sülh təkliflərini adekvat dəyərləndirə bilməməsinin, revanşist ovqatının, davamlı hərbi-siyasi təxribatlarının nəticəsinə çevrildi. Cəmi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qondarma rejimin süqutu və ağ bayraq qaldırması Ermənistanın və ermənipərəst dairələrin 35 illik məkrli niyyətlərini, habelə bir sıra istiqamətlərdə apardıqları iftira kampaniyalarını puça çıxardı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin və siyasi iradəsinin nəticəsi kimi reallaşdırılan lokal antiterror tədbirləri nəticəsində "Qarabağ münaqiqəşi" mövzusu tamamilə qapandı, bölgədə separatçılığa, ikinci erməni dövlət yaratmaq kimi məkrli niyyətlərə birdəfəlik son qoyuldu.

Növbəti hədəf - Qərbi Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan zorla köçürülmüş azərbaycanlıların hüquqlarının bərpası məsələsini yeni geosiyasi reallıqda cəmiyyətin əsas milli ideyasına çevirməyi, bu məqsədlə sistemli və ardıcıl tədbirlər həyata keçirməyi zəruri hesab edir. 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş qurumun 2022-ci ilin avqustunda "Qərbi Azərbaycan İcması" adı ilə yenidən formalaşması, təşkilatlanaraq fəaliyyətə başlaması tarixi torpaqlarından qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından yeni imkanlar açdı.

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas hədəflərini açıqlaması, qarşıda duran vəzifələri dəqiqliklə ifadə etməsi təşkilatın fəaliyyətinin səmərəliliyinin təmini baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ermənistandan zorla köçürülmüş soydaşlarımızın tarixi məskənlərinə qayıtmaq və bərabər yaşamaq hüququnun dünya dövlətləri, xüsusilə də rəsmi İrəvan tərəfindən tanınması qarşıda duran başlıca hədəflərdəndir.

Zorla köçürülmüş azərbaycanlı əhalinin pozulmuş hüquqlarının bərpası - problemin beynəlxalq platformalarda müzakirəyə çıxarılması və obyektiv hüquqi-siyasi qiymətini alması, ilk növbədə, Ermənistanın müharibə cinayətlərinin ifşası baxımından vacibdir. Azərbaycanı əsassız olaraq "etnik təmizləmə"də ittiham etməyə çalışan Ermənistanın ötən əsrin 80-ci illərinin sonunda deportasiya, soyqırımı, etnik təmizləmə və digər ağır müharibə cinayətlərinə yol verdiyini təsdiqləyən təkzibedilməz faktlar, videogörüntülər mövcuddur.

Azərbaycan Respublikası Prokurorluğunun məlumatına əsasən, 1988-1989-cu illərdə aparılan etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı zorakılıqla doğma yurdlarından qovulub. Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti alıb, on minlərlə ailənin əmlakı qarət olunub. Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər, qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik olaraq irqi ayrı-seçkilik həyata keçirilib.

Bu gün Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış fəlsəfəsinin mahiyyətində bir vacib amil dayanır: Qarabağ ermənilərinə öz vətəndaşları kimi yanaşan, onların bütün konstitusion hüquqlarını və layiqli həyat səviyyəsini təmin etmək əzmi nümayiş etdirən rəsmi Bakı Ermənistandan da deportasiya edilmiş soydaşlarımıza münasibətdə analoji yanaşma tələb edir.

Soydaşlarımızın geriyəqayıtma hüququnun reallaşdırılmasının Ermənistan qarşısında ciddi tələblər kimi irəli sürülməsi, eləcə də Qərbi Azərbaycan İcmasının təşkilatlanaraq beynəlxalq miqyasda fəal iş aparması rəsmi İrəvanı ciddi şəkildə narahat edir. Rəsmi Bakının qaldırdığı problemin kifayət qədər ciddi, danılmaz fakt və sübutlara söykənməsi ölkəmizin Ermənistan üzərində psixioloji-siyasi üstünlüyünü təmin edir, münaqişənin əsl səbəbləri ilə bağlı həqiqətləri dünyaya çatdırır. Ermənilərin qondarma "etnik təmizləmə" iddialarını kor-koranə dəstəkləyən bəzi dövlətlərin və təşkilatların 250 minədək azərbaycanlının doğma torpaqlarından deportasiya edilməsi faktının üzərindən sükutla keçməsi isə aşkar qərəzin, ikili standartların göstəricisidir.

Qərbi Azərbaycan İcması ötən bir il müddətində bu və digər faktların beynəlxalq platformalarda təbliği, cəmiyyətin mövcud potensialının yeni milli ideya ətrafında səfərbər edilməsi yönümündə sistemli və ardıcıl fəaliyyət göstərir. Təşkilatın BMT-yə göndərdiyi yeddi sənədin təşkilatın rəsmi sənədi kimi yayılması Ermənistanın müharibə cinayətlərinin ifşası, Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası baxımından son dərəcə əhəmiyyətli sayıla bilər.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz yanaşan ölkə olması, Azərbaycanın yekun sülh sazişinin imzalanması ilə əlaqədar təkliflərini adekvat cavablandırmaması, "sülhə maraqlı tərəf" görüntüsü yaratsa da, əməldə prosesi yubatması, ərazisini geosiyasi rəqabət meydanına çevirməsi, bir sözlə, qeyri-konstruktivliyi fonunda Qərbi Azərbaycana Qayıdışla bağlı hədəfin yaxın tezlikdə reallaşması, ola bilər ki, kimlərəsə real təsir bağışlamır. Lakin unutmayaq ki, 2020-ci ilədək daxildə və xaricdə müəyyən qüvvələr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qısa zamanda təmin ediləcəyinə də skeptik yanaşma nümayiş etdirirdilər. Fəqət, nəyi nə zaman və necə edəcəyini yaxşı bilən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı həsrətində olduğu Qələbəyə qovuşduraraq ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdi.

Qeyd edilənlərin məxrəcində əminliklə söyləmək mümkündür ki, Prezident İlham Əliyevin dövlət idarəetmə fəlsəfəsində Qərbi Azərbaycana Qayıdış artıq milli ideya səviyyəli məsələdir. Buna uzunmüddətli, ardıcıl səy və zəhmət tələb edən, iki ölkə arasında etimad quruculuğu proseslərinin nəticəsi kimi reallaşacaq fəaliyyət kimi yanaşmaq lazımdır. Azərbaycanın uğurlu diplomatiyası, güclü iqtisadiyyatı, sərmayəçi dövlət statusunda çıxış etməsi, qlobal layihələri inamla reallaşdırması fonunda Ermənistanın uzun müddət bu qayıdışa qarşı çıxması, özünütəcrid siyasəti yürüdərək regional əməkdaşlıqdan kənarda qalması inandırıcı görünmür.

35 il davam edən münaqişəyə, ərazilərimizin işğalına qüdrətli və müdrik liderinin rəhbərliyi ilə son qoyan, tarixi ədaləti bərpa edən Azərbaycan xalqı hazırda tarixi seçim ərəfəsindədir. Tarixinin ən güclü Azərbaycanını yaratmış, xalqımızı şanlı zəfərə qovuşdurmuş alternativsiz liderə - cənab İlham Əliyevə cəmiyyətin mütləq çoxluğunun 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində etimad göstərəcəyi şübhəsizdir. Məhz bu müdrik seçimin nəticəsi olaraq Azərbaycanın keyfiyyətcə yeni mərhələdə qarşısında duran yeni hədəflərə uğurla çatacağını, yaxın perspektivdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksələcəyini əminliklə demək mümkündür.

Böyük Amerika yazıçısı Mark Tven deyirdi ki, torpaq alın, çünki onu istehsal etmirlər.

Ulu öndər Heydər Əliyevin də torpaqla bağlı çox ibrətamiz bir kəlamı var. Keçirdiyi müşavirələrin birində demişdi: "Dövlətin mənafeyi torpaqdır. Torpaqdan qiymətli dünyada heç nə yoxdur. Hər şeyi almaq, düzəltmək, tikmək olar. Amma Azərbaycanda yenidən bir hektar torpaq sahəsi yaratmaq olmaz".

Bu isə milli tariximizin Zəfər memarı cənab İlham Əliyevin ürəyindən süzülüb gələn sözlərdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Milli-etnik kimliyi, varlığı, düşüncəni təyin və təmin edən əsas vəsilələrdən biri milli ideyadır. Azərbaycan xalqı uzun müddət belə bir milli ideyanın axtarışında oldu. Prezident İlham Əliyev Qarabağı, Şuşanı hər bir azərbaycanlı üçün milli ideya elan etdi və qazandı.

Bu gün hədəfdəki milli ideya dövlət başçısının iki onillikdən bəri az qala hər çıxışında xatırlatdığı Qərbi Azərbaycandır. Onun da qayıdacağı gün gələcək və biz o torpaqlara qayıdacağıq! Yenə də öndə müzəffər Ali Baş Komandan olacaq!

Xalid NİYAZOV,

Əməkdar jurnalist,

siyasi elmlər doktoru.